• cümə, 19 Aprel, 21:03
  • Baku Bakı 24°C

Həqiqətin 25 il sonrakı etirafı

23.10.18 18:52 3694
Həqiqətin 25 il sonrakı etirafı
Qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri bu dəhşətli hadisə xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər "soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.Azərbaycan xalqı hər il Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmət və ehtiramla yad edir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş ictimaiyyətə çatdırılıb. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən artıq ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülən işlər çərçivəsində cari il oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənovun da iştirak etdiyi tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının deputatları İrina Rodnina, Dmitri Savelyev, Oksana Puşkina, Dumanın məsul əməkdaşı Ramin Qasımov və başqaları çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi, ölkələrimiz arasında mövcud münasibətlər ətrafında fikir və mülahizələrini bölüşüblər. Prezidentin köməkçisi Ə.Həsənov çıxışlarda səsləndirilən fikirləri sülh və inkişaf çağırışı kimi dəyərləndirib.
Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dövlət Dumasının deputatı D.Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. O, bu cinayət nəticəsində 613 günahsız insanın qətlə yetirildiyini diqqətə çatdıraraq, bunun soyqırımı olduğunu vurğulayıb. Deputat deyib ki, bunu törədənlər indiyədək cəzalarını almayıb. Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”.

Rusiya Dövlət Dumasının deputatı tərəfindən dilə gətirilən bu həqiqətlərlə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarixçi alim Musa Qasımlı bildirib ki, Rusiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri D.Savelyevin mövqeyi sırf ədalətə və obyektivliyə əsaslanır. Millət vəkili deyib ki, həqiqətən də Ermənistan silahlı qüvvələri 1992-ci ilin 25-26 fevralında Xocalı şəhərində bəşəriyyət, sivilizasiya əleyhinə ən böyük cinayət hadisəsi, mülki əhaliyə qarşı soyqırımı törədib: "Dmitri Savelyevin mövqeyi bir daha təsdiq edir ki, müasir Rusiyada onun kimi düşünənlər var. Xüsusən də Rusiya Dövlət Duması deputatının Türkiyədə Xocalı parkının açılışında iştirak etməsinin rəmzi mənası var. Bu, bir daha nümayiş etdirir ki, Azərbaycanın ədalətli mövqeyini qəbul edənlərin sayı getdikcə artır və bu iş özbaşına olmur”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, tarixçi-alim Fəzail İbrahimli "haqq nazilər amma üzülməz” atalar misalını xatırladaraq, rusiyalı deputatın Xocalı soyqırımı barədə söylədiklərini həqiqətin etirafı kimi dəyərləndirib. Millət vəkili deyib ki, 25 ildən sonra rusiyalı deputatın, məmurun Xocalı soyqırımı barədə obyektiv mövqe bildirməsi, ədalətli düşüncəyə sahib olması maraq doğurur: "Dmitri Savelyevin ədalətli mövqe sərgiləməsini hər bir azərbaycanlı alqışlayır. Ədalətin, haqqın yanında olan hər bir kəsə öz təşəkkürümüzü bildirməliyik. Amma bu etirafın məhz indi dilə gətirilməsi müəyyən suallar da doğurur. Kimsə elə qəbul etməsin ki, bu suallar Savelyevin söylədiklərini əngəlləmək, onun hörmətini azaltmaq məqsədi daşıyır. Sadəcə fakt budur ki, Rusiyada ayrı-ayrı məmurlar, deputatlar və sair insanlar fərqli düşərgələrə bölünüblər. Onların bir qismi Ermənistana, oradan da qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə səfər edir, ermənilərin lobbiçiliyini aparır, erməni maraqlarından çıxış edirlər. Bu olaylar fonunda Dmitri Savelyev azad düşüncə sahibi olaraq müstəqil hərəkət edir, obyektiv düşüncəsini ortaya qoyur. 25 ildən sonra olsa belə, bu cür ədalətli mövqeyin nümayiş etdirilməsi təqdirəlayiq haldır. Fikrimcə, bu mövqe sadəcə tədbirdə, açılış mərasimində deyil, eyni zamanda Rusiya Dövlət Dumasında da ortaya qoyulmalı, bu barədə məsələ qaldırılmalıdır. Dövlət Dumasının da bu məsələyə münasibəti olmalıdır. Belə bir hadisə baş verərsə, bu, ölkələrimiz arasındakı münasibətlərdə daha bir müsbət hal sayılar, həm də bu məsələnin, ümumilikdə Dağlıq Qarabağ probleminin həllinə rəvac verən addım atılmış olar”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev də rusiyalı deputatın ədalətli mövqe nümayiş etdirməsini müsbət hal kimi qiymətləndirib. Bildirib ki, Dövlət Duması deputatlarının Xocalı parkının və abidəsinin açılışında iştirak etməsi, 25 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hadisənin soyqırımı olduğunu diqqətə çatdırması, günahkarların tapılmasını istəməsi yaxşı haldır, obyektiv mövqedir: "Ədalətli mövqenin bildirilməsi bütün hallarda müsbət dəyərləndirilir. Amma rusiyalı deputat bu barədə Dövlət Dumasında da məsələ qaldırarsa, daha yaxşı olar. Eyni zamanda təcavüzkarlıq siyasəti yürüdən, Azərbaycan ərazilərini işğal edən, qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə, bu dövlətin KTMT-dən, MDB-dən çıxarılmasına, silah-sursat verilməsinin qarşısının alınmasına dair çağırışların Dumada edilməsi də arzu olunandır. Bunların baş verməsi Azərbaycan-Rusiya münasibətlərini daha da yaxşılaşdırar”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər