• çərşənbə, 24 Aprel, 09:24
  • Baku Bakı 13°C

Həqiqət, yoxsa yalan üzərində qurulan çıxış?

07.05.20 18:54 940
Həqiqət, yoxsa yalan üzərində qurulan çıxış?
Politoloqların fikrincə, Paşinyan bu cür ifadələr işlətməklə, "Qarabağ klanı” və Rusiyanın prosesə mane olduğunu vurğulamaq istəyib

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın XİN rəhbəri Sergey Lavrovun məlum açıqlamasından sonra Ermənistan daxilində siyasi gərginlik davam edir. Ermənistan XİN rəhbərinin bir-birinə zidd açıqlamalarından sonra baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlər yenə də birmənalı qarşılanmayıb. Belə ki, Paşinyan Ermənistan parlamentindəki hökumət saatında çıxışı zamanı qeyd edib ki, Qarabağ münaqişəsinin tənzimlənməsini bütün tərəflər istəməlidir: "Azərbaycan Prezidenti ilə ünsiyyətdə onun konstruktiv olduğunu və danışıqlarda vasitəçilər - Rusiya, Fransa və ABŞ-ın səylərini hiss edirəm”. Artıq məsələyə Azərbaycan XİN münasibət bildirib. Xidməti idarəsinin rəisi Leyla Abdullayeva N.Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib: "Bu bəyanatı ilə Ermənistan baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olur. Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də, kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir.
Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət, dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasındapolitoloq Nəzakət Məmmədovabildirdi ki, Paşinyanın hər bir çıxışına, fikirlərinə ilk növbədə Ermənistan daxilindəki klan savaşı prizmasından baxmaq lazımdır: "Paşinyan öz hakimiyyəti üçün Azərbaycandan daha çox, Ermənistanda kök salmış yadelli "Qarabağ klanı”nı təhlükə görür, buna əminəm. Çünki o, yaxşı bilir ki, Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etmək fikrində deyil, tək istədiyi Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməsidir. Lakin "Qarabağ klanı” və onları idarə edən böyük güclər bu qüvvəni Paşinyan hakimiyyətinə təzyiq vasitəsi kimi saxlayıb, hər an onu devirmək istəyə bilərlər. Bu çıxışı ilə də Paşinyan daha çox, Azərbaycana və beynəlxalq icimaiyyətə mesaj verərək münaqişənin həll olunmamasının əsas məsuliyyətinin "Qarabağ klanı” və onun əsas himayəçisi Rusiyanın üzərində olduğunu demək istəyir. Onun bu çıxışını, fikrimcə, Lavrovun ittihamlarına cavab hesab etmək olar”.
N.Məmmədova qeyd etdi ki, Qorçakov Fondunun onlayn müzakirələrində Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı mərhələli planı dilə gətirməsi Ermənistanda böyük narahatlığa səbəb olub: "Xüsusilə, Lavrovun BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü vurğulaması, iki ildən bəri bu prinsiplər əsas götürülməklə danışıqların davam etdirildiyini vurğulaması Ermənistanda çaxnaşmaya səbəb oldu. Rusiya növbəti dəfə Qarabağ kartından istifadə etməklə Paşinyanın ermənilər arasındakı nüfuzuna ciddi zərbə vurmaq qərarına gəlib. Lavrov Ermənistanı qarışdıran bəyanat verməklə, Paşinyanın heç də demokrat olmadığını, xalqa açıq olmayan diplomatiya yeritdiyini, bunu xalqdan gizlətdiyini, ermənilərin istəyinə uyğun olmayan sülh planında iştirak etdiyini göstərərək, onun etimadını sarsıtdı. Paşinyan hakimiyyətinə müxalifətdə olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin də Lavrovun sözlərini təsdiq etməsi, bunu sübut edir. Paşinyan bu çıxışla demək istəyib ki, Azərbaycan sülhə hazır olsa da, Ermənistandakı "Qarabağ klanı” və Rusiya prosesə mane olur. Problemin Azərbaycandan deyil, Rusiya və onun Ermənistan siyasətindəki əlaltılarında olduğunu açıq şəkildə izah edib. Bununla da, Lavrovun onu ifşa etməsinə cavab olaraq, o da "Qarabağ klanı” və Rusiyanı ifşa etmək niyyətini ortaya qoyub”.
Politoloq Əhməd Əlili bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son zamanlar baş verənlər göstərir ki, bu donmuş münaqişə deyil və proseslər çox intensiv mərhələdə davam edir: "Paşinyanın parlament iclasını çağırması və dinləmələrdə iştirak etməsi və Qarabağa dair xüsusi bir formanın təşkil olunması göstərir ki, bu məsələ Ermənistan ictimaiyyətinin diqqətindədir. Xüsusilə də, Lavrovun verdiyi bəyanatlardan sonra bu məsələlər Ermənistan ictimai-siyasi fikrində xüsusi yer tutur. Məsələnin daha sonra hansı şəkildə transformasiya etməsi başqa məsələdir. Amma hazırda ciddi fazanı müşahidə edirik. Proseslərin bu fazasında Paşinyanın bu şəkildə bəyanat verməsi, daha çox öz ölkəsinin maliyyə institutlarından küskün düşməməsi məqsədi daşıyır. Çünki Ermənistanın hazırda əksər maliyyə institutları ilə yanaşı, digər siyasi qərar qəbul edən institutlar qarşısında da öhdəliyi vardır ki, bununla da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı pozitiv addımlar atmalıdır. Bu pozitiv addımlar sırasında da Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsi ilk sıralardadır. Ona görə də, Paşinyan öz ölkəsini müharibədən qaçan və öz öhdəliklərinə sadiq ölkə kimi olduğunu göstərmək üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqında və həmsədrlər haqqında belə müsbət fikirlər deməyə məcbur olub”.
Ə.Əlili vurğuladı ki, hazırda Dağlıq Qarabağ məsələsinə görə, siyasi rəhbərlik, xüsusilə Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyan və Paşinyan çox ciddi ictimai pressinq altındadırlar: "Onlara hər tərəfdən ciddi təzyiqlər var. Belə olan halda Paşinyanın bu cür bəyanat verməsi, yəni "İlham Əliyev kostruktivdir və ATƏT-in Minsk qrupu həmsədrləri səylərini əsirgəmirlər” kimi fikirləri onu göstərir ki, belə bir təzyiq altında Ermənistan rəhbərliyində təmsil olunan komanda bu və ya digər formada müsbət bəyanatlar verməyə məcburdur. Paşinyanın bu sözlərinin nəyin etirafı olduğu məsələsinə gəldikdə isə, bu göstərir ki, Ermənistan tərəfi hələ də prosesləri mümkün qədər uzatmaq, nə isə söz vermək, amma bunu icra etməmək kimi bir yol seçib. Çalışırlar məhz bu istiqamətdə də addımlar atsınlar”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər