Hepatitə qarşı yeni peyvənd faydalı olacaq
Fiziki
inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən yaş qrupundan insanlar
infeksion xəstəliklərə tutula bilərlər. İnfeksion xəstəliklər hər mövsümdə
özünü büruzə verir. Onlardan biri də Hepatit xəstəlikləridir. Belə ki,
qaraciyərin iltihabı xəstəliyi hepatit adlanır. Hepatitin bir neçə növü var. Bunlardan
biri olan Hepatit A qaraciyərin
iltihabı zədələnməsini törədə bilən altı virusdan biridir. Digərləri Hepatit B,
C, D, E və G-dir və qaraciyərdə törətdiyi iltihab prosesinin dərinliyinə və
yayılma yollarına görə bir-birindən fərqlənir.
Hepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən
törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da, qaraciyərin funksional
vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya
su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi
insanlarda virus uzun müddət heç bir əlamət göstərmir. Digərlərində isə qripə
bənzər şikayətlər ola bilir. Mülayim A Hepatiti olan insanların adətən
müalicəyə ehtiyacı olmur və xəstəlik qaraciyərdə heç bir qalıcı zədələnmə
olmadan tam sağalma ilə yekunlaşır.
Hepatit A virusu ilə yoluxmuş və faktiki
olaraq hepatit xəstəliyi keçirən bəzi insanlarda heç bir əlamət və şikayət
olmaya bilər. Adətən uşaqlarda A Hepatitinin əlamətləri mülayim keçir,
yeniyetmə və yaşlılarda isə xəstəlik daha kəskin əlamətlərlə özünü göstərir.
Virusun bədəndə inkubasiya müddəti bir aydır və bu müddətdən sonra xəstəlik
qəfildən başlaya bilər.Bu xəstəliyin bir sıra əlamətləri var. Ümumi
zəiflik, ürəkbulanma və qusma, qarında ağrı, iştahanın azalması, hərarət,
sidiyin tünd rəngdə olması, əzələ ağrılarıvə s. kimi əlamətlər olduqda,
həkimə müraciət edilməlidir.
Hepatit BvəHepatit C-dən fərqli
olaraq Hepatit A xroniki hepatit və sirroz yaratmır. Gigiyena qaydalarına
düzgün əməl etməklə Hepatit A virusuna yoluxmamaq olar. Yoluxma riski
qarşısında olan insanlar üçün effektiv peyvənd mövcuddur. Dünyanın bir sıra
ölkələrində bu kimi peyvəndlərdən istifadə olunur. Hətta yeni peyvənd növləri
də yaradılır. Bunlarda biri də Çinin istehsalı olan peyvəndlərdir. Poliomielitə qarşı ikivalentli peroral peyvənd və Hepatit
A-ya qarşı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin təsnifatından
keçib. Trend-in məlumatına görə, ÜST bu
peyvəndlərin təhlükəsizliyini və səmərəliliyini tanıyıb və BMT-nin müxtəlif
satınalma agentlikləri xəstəliklərin profilaktikası üçün bu peyvəndləri əldə
edə bilər.
Bunla
bağlı həkimlərin fikirlərini öyrəndik
Həkim Məlahət Abbasova deyir ki, Hepatit A hava və damcı yolu ilə yoluxur: "Xüsusilə də,
antisanitariya qaydalarına riayət etmədikdə, daha çox yayılır. Mədə altında
ağrılarla özünü büruzə verir. Bəzən onu soyuqdəymə ilə səhv salırlar.
Xəstəliyin 2-ci və 3-cü günü sidiyin rəngi dəyişərək pivə rəngində olur. Ona
görə də həmişə valideynlərə məsləhət görürük ki, uşaqların ifrazatına diqqət
etsinlər. Bu kimi hallar müşahidə olunduğu zaman mütləq həkimə müraciət etsinlər.
Hepatitə yoluxmuş şəxs mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. Xüsusi
dərman preparatları qəbul olunmalıdır ki, qan təmizlənsin və qaraciyər
qidalansın. Həmçinin ən azı 3 ay pəhriz saxlanılmalıdır. Bunu da qeyd edim ki,
40 gün ərzində xəstəliyin başqa birinə keçmə ehtimalı var. Buna görə də, xüsusi
olaraq qorunmalı, xəstəxana şəraitində saxlanılmalıdır”.
Müsahibimizdən
peyvəndlə bağlı fikirlərini də öyrəndik. Həkim qeyd edir ki, Hepatit A-dan
qorunmaq bir qədər çətindir. Çinlilərin istehsal etdiyi həmin peyvənd bizim
ölkəmizə də gətirilsə, çox yaxşı olar. Bu, insanların həmin xəstəliyə
yoluxmasının qarşısını alar.
Hepatoloq Vüsalə Ağayeva bildirir ki, Hepatit B-nin və A-nın peyvəndləri vurulduqdan sonra
tam olaraq bu xəstəliklərdən qorunmaq olar: "Hepatit B-nin peyvəndini vurduqdan
sonra qoruyuculuq yaranıb, yoxsa yaranmayıbmı - analizlə bunu təyin etmək
mümkündür. Hepatit A-dan da qoruyucu olub-olmadığını yoxlamaq olur, amma bunun
üzərində çox dayanmırıq. Çünki bu, xronikləşməyən bir xəstəlikdir. Xəstə
yoluxandan sonra müalicə yolu ilə sağalır. Yəni həyati təhlükəsi olmayan bir
xəstəlikdir. Amma B daha təhlükəli olduğundan, onu daha çox nəzarətdə
saxlayırıq. Düşünürəm ki, Çində istehsal olunan həmin peyvəndin bu xəstəliyin
müalicəsində faydası olacaq”.
İnfeksion xəstəliklər üzrə
uzman doktor Vasif Əliyev deyir ki, Hepatit A
peyvəndi 2 doza vurulur: "İnsana ömründə 2 dəfə bu peyvəndi vururlar.
Böyüklərlə kiçiklərdə çəkilərindən asılı olaraq fərqli dozalar olur. Birincidən
sonra ikinci doza 6-12-ci ay ərzində vurulur. Və iki dəfədən sonra tam olaraq
qoruyuculuq əldə olunur. Bundan başqa, gigiyenik qaydalara da xüsusi fikir
verilməlidir. MBD ölkələrinə gedərkən xüsusi olaraq Hepatit A-ya qarşı peyvənd
vurulmalıdır. Əslində bu xəstəliyə qarşı peyvənd var idi. Yəqin Çin başqa ad
altında yeni bir peyvənd növü istehsal edib”.
Günel
Azadə