• çərşənbə, 24 Aprel, 10:31
  • Baku Bakı 13°C

Həmsədrlərin substantiv danışıqlardan kənar təklifi, yoxsa yeni “oyun”u?

02.02.18 19:18 731
Həmsədrlərin substantiv danışıqlardan kənar təklifi, yoxsa yeni “oyun”u?
Polşanın Krakov şəhərində Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işləri nazirlərinin sonuncu görüşü zamanı müşahidəçilərin sayının artırılması ilə bağlı məsələ müzakirə edildi. Qısa zaman kəsiyində həmsədrlər bu təklif ətrafında çoxsaylı görüşlər həyata keçirməyə başladılar. Hətta ATƏT sədri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüş zamanı da bu məsələ müzakirə edilib. Bu günlərdə isə müşahidəçilərin sayının artırılması ilə bağlı məsələni müzakirə etmək üçün həmsədrlər regiona səfər edirlər. Maraqlıdır ki, bu məsələyə qədər rəsmi Bakının tələb etdiyi kimi, torpaqların işğaldan azad olunması istiqamətində substantiv danışıqlar bu sürətlə aparılmayıb. Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı substantiv danışıqların mahiyyəti üzrə deyil, məhz bu təkliflə bağlı etdikləri canfəşanlıq isə başa düşülən deyil.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ölkəmizin dəyişməz mövqeyi var: "Mövqe onunla bağlıdır ki, bu münaqişə ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və eyni zamanda Dağlıq Qarabağdakı ermənilərə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilə bilər. Prezident İlham Əliyev də bu mövqeyi hər zaman beynəlxalq ictimaiyyətə və Ermənistan tərəfinə çatdırıb. Münaqişənin həlli ilə bağlı Azərbaycan dövləti substantiv, yəni məzmun üzrə danışıqların tərəfdarıdır. Danışıqlar naminə danışıqlar praktikası bizim üçün qəbuledilməzdir. Bu gün əsas narahatlıq doğuran səbəblərdən biri onunla bağlıdır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona olan səfəri başlayacaq, amma onların köklü məsələləri deyil, başqa məsələləri gündəmə gətirdikləri məlum olur. Bu səfər ATƏT-in xüsusi nümayəndəsinin ofisinin üzvlərinin sayının artırılması ilə bağlıdır və texniki məsələlərdir. Eyni zamanda atəşkəslə bağlı təmas xəttində presedentlərin araşdırılması ilə bağlı mexanizmlərin yaradılmasıdır. Yəni, əslində o məsələlərdir ki, bunlar nəticə etibarı ilə münaqişə ilə bağlı status-kvonun qorunmasına xidmət edir. Bunlar status-kvonun dəyişdirilməsinə yönəlməyib. Bu şəkildə isə münaqişə həllini tapa bilməz. Əslində bizi narahat edən məsələ də budur. Hesab edirəm ki, əsas, köklü məsələlərə aydınlıq gətirilməlidir, işğala son qoyulmalıdır, işğalçı qüvvələr çıxarılmalıdır, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması reallaşdırılmalıdır, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Məhz bu kimi substantiv məsələlər müzakirə edilməlidir. Bunların hamısını kənarda qoyub, faktiki olaraq, status-kvonun qorunmasına xidmət edən addımları müzakirə etməyin nə mənası var? İndiki məqamı Ermənistan görür və onda arxayınçılıq sindromu bir qədər də güclənir. Cinayətkar cəzasız qalır, belə olan halda, digər təxribatlara əl atmaq istəyir. Acı reallıq budur. Təəssüf ki, budəfəki səfərlərində də qeyri-substantiv danışıqlar aparmaq niyyətləri indidən görünməkdədir”.
E.Nəsirov həmsədrlərin regiona səfəri zamanı hər hansı açıqlama verilib-verilməməsi ilə bağlı məsələyə toxunaraq qeyd etdi ki, vasitəçilər adətən, regiona səfərləri ilə əlaqədar olaraq sonda bəyanatla çıxış edirlər: "Bəyanatları da daha çox təmas xətti ilə bağlı olur, nə dərəcədə atəşkəsə riayət olunub və s. Eyni zamanda, etimad mühiti ilə bağlı məsələləri gündəmə gətirirlər. Amma fundamental, yəni münaqişənin həllinə gətirib çıxara biləcək köklü addımlarla bağlı real heç bir iş görmürlər. Bu da təbii ki, münaqişənin uzanmasına gətirib çıxarır”.
Politoloq Fikrət Sadıxov bildirdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı biganəlik nümayiş etdirirlər: "Bunu həm mən, həm də digər ekspertlər dəfələrlə vurğulayıblar. Digər tərəfdən isə həmsədrlər bizi Ermənistanla bərabərləşdirirlər, Azərbaycanı hansısa bir kompromislərə çağırırlar. Amma son illər ərzində görürəm ki, həmsədrlər bəzi hallarda açıq şəkildə ermənilərin tərəfindədirlər. Təklif olunan ofisin genişləndirilməsinin nə mənası var? Bu öz-özlüyündə status-kvonun saxlanmasına xidmət edir. Yəni, atəşkəs elan olunub, Azərbaycan torpaqları işğal altındadır və təmas xəttində müşahidəçilərin sayını artırmaq istəyirlər. Bu o deməkdir ki, indiki vəziyyətlə barışın və bu, belə də qalmalıdır, işğal altında olan torpaqlar azad olunmayacaq. Müşahidəçilər də atəşkəsin pozulmamasına nəzarət edəcəklər. Mənə elə gəlir ki, bu reallığa uyğun təklif deyil. Bunun nə ilə nəticələnəcəyini demək mümkün deyil. Hər halda, mən də substantivliyin nəticəsini görmürəm. Həmsədrlər münaqişəni dondurulmuş vəziyyətdən çıxartmaq istəyirlərsə, onda gərək konkret elə bir təkliflər irəli sürməlidirlər ki, Ermənistan işğal etdiyi torpaqları azad etməyə başlasın. Biz dəfələrlə demişik ki, bu proses başlansın və danışıqlar vasitəsilə Dağlıq Qarabağın statusuna baxmağa hazırıq. Sarkisyan AŞPA-da bəyan edir ki, guya erməniləri Qarabağdan qovmaq istəyirik. Əslində, bu, yalandır, çünki Azərbaycanın dövlət başçısı, rəsmiləri dəfələrlə bəyan edib ki, Qarabağda ermənilər azərbaycanlılarla birgə yaşayacaq. Heç vaxt deməmişik ki, ermənilər Dağlıq Qarabağı tərk etsin və sair. Burada bir sıra incəliklər var və təbii ki, bu incəlikləri danışıqlar prosesində nəzərə almaq lazımdır”.
F.Sadıxov əlavə etdi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri də müşahidəçilərin artırılması ilə bağlıdır: "Onlar istəyir ki, bizi bu ofisin genişləndirilməsi məsələsinə məcbur etsinlər. Özü də bu məsələ 2016-cı ilin aprel hadisələrindən sonra gündəmə gəlib. İndi bunlar narahatdırlar ki, biz yenidən öz torpaqlarımızı azad etmək istəyəndə, bunu maneəsiz edə bilməyək. Yəni, onlar bizə nəzarət etsinlər və s. Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun Elmar Məmmədyarovla telefon danışığı da təsadüfi deyil. Düşünürəm ki, elə o da bununla bağlıdır”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər