• cümə, 19 Aprel, 22:47
  • Baku Bakı 24°C

Həmsədrlərin səfəri zamanı erməni təxribatı, yoxsa?..

31.05.19 19:48 689
Həmsədrlərin səfəri zamanı erməni təxribatı, yoxsa?..
Bu günlərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona növbəti səfər etdilər. Həmsədrlər səfərin yekunları ilə bağlı verdikləri bəyanatda bu səfərin əsas məqsədi kimi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyətin qiymətləndirilməsini, habelə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılan müzakirələri davam etdirməyi göstəriblər.
"Xahişə uyğun olaraq, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlar, o cümlədən humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı təkliflərini açıqlayıblar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların himayəsində görüşmək təklifini qəbul ediblər və görüşün təfərrüatı barədə uyğun vaxtda məlumat veriləcək”, - deyə bəyanatda qeyd olunub.
Minsk qrupunun humanitar tədbirlərlə bağlı nəzərdə tutduğu məsələlərdən biri kimi münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması məsələsi yer alır. Buna baxmayaraq, elə Minsk qrupu həmsədrlərinin Bakıya səfəri zamanı cəbhədə Ermənistanın hərbi birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbçisi şəhid oldu. Erməni tərəfinin atdığı bu addım Minsk qrupu həmsədrlərinin hər zaman vurğuladığı etimad mühitini ciddi sual altına salır. Bütövlükdə, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan hərbçisinin erməni gülləsi ilə şəhid olması təxribat kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistan tərəfi tez-tez təxribatlara əl atır: "Amma bu dəfə diqqətdən yayınmayan cəhət odur ki, bu təxribatı ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı etdilər. Əslində belə bir səfər zamanı təxribatın həyata keçirilməsi onun əlamətidir ki, Ermənistan dövlətinin, Paşinyan rejiminin münaqişəni tezliklə və dinc yolla həll etmək niyyəti yoxdur. Və belə təxribatlara əl atmaqla danışıqların bərpası prosesinin uzanmasına çalışırlar. Hətta onlar danışıqlar baş tutacağı təqdirdə belə, istəyirlər ki, əsas müzakirə mövzusu fundamental məsələlər deyil, məhz atəşkəsin qorunub saxlanması məsələsi olsun. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu bu reallıqdan nəticə çıxarmalıdır. Onların səfəri zamanı əsas niyyətləri etimad mühitinin bərpası ilə bağlı olur. Amma hansı etimad mühitinin bərpasından söhbət gedə bilər ki, məhz onların səfəri zamanı Ermənistan tərəfi belə təxribata əl atır və Azərbaycan hərbçisi şəhid olur. Yəni, bütün bunlar ona dəlalət edir ki, Ermənistan rəhbərliyinin münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqeyi yoxdur. Hətta bir qədər qabağa gedib söyləyərdim ki, yaxın zamanlarda Paşinyan rejimindən münaqişə prosesində yeni-yeni hərbi insidentlər və təxribatlar gözləmək mümkündür”.
E.Nəsirov vurğuladı ki, əslində bu, Ermənistanda "Qarabağ klanı”nın öz revanşını açıq şəkildə ortaya qoyması ilə bağlıdır: "Belə ki, Paşinyan rejiminə qarşı Ermənistan oliqarxlarının və "Qarabağ klanı”nın müttəfiqlik müqaviləsi imzalaması haqqında xəbərlər yayılmaqdadır. Onlar razılaşıblar ki, Paşinyanı hakimiyyətdən devirənə qədər bir yerdə olacaqlar. Baş nazirə qarşı ən böyük ittiham isə onun xəyanətkarlıq yolu seçməsi və Qarabağ münaqişəsində Azərbaycana güzəştə getməyə hazır olması ilə bağlıdır. "Qarabağ klanı” tərəfindən belə bir informasiyalar yayılmaqdadır. Nəticədə isə, Paşinyan problemin həlli ilə bağlı nəinki konstruktiv, əksinə, bir qədər radikal mövqe ortaya qoyub, onların bu ittihamlarını alt-üst etmək məcburiyyətində qalır. Yəni, o, vəziyyəti daha da gərginləşdirmək yolu seçməklə, əslində "Qarabağ klanı”nın bu ittihamlarının əsassız olduğunu sübut etmək istəyir. Elə ona görə də hesab edirəm ki, ATƏT-in Minsk qrupunun səfəri zamanı bundan sonra da Paşinyan rejimindən yeni təxribatları gözləmək mümkündür. Bütün bunlara görə məsuliyyət isə ilk növbədə Ermənistanın, ATƏT-in Minsk qrupunun, beynəlxalq ictimaiyyətin üzərinə düşür ki, təcavüzkarın qarşısının alınması ilə bağlı heç bir əməli addımlar atılmır. Belə olan vəziyyətdə isə hadisələr ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər və bu halda hərbi əməliyyatların başlaması ehtimalı kifayət qədər artmış olar”.
Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov bildirdi ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərdən sonra verdiyi bəyanat çox gülünc səslənir: "Çünki onlar Bakıda olarkən cəbhədə erməni snayperinin Azərbaycan hərbçisini şəhid etməsinə bəyanatlarında reaksiya verməli idilər. Lakin təəssüflər olsun ki, biz onların bəyanatında bu reaksiyanı görmədik. Digər məsələlərə gəlincə, həmsədrlər regiona səfərdən öncə deyirdilər ki, humanitar məsələlərdə əldə edilən razılıqlarla bağlı artıq hər hansı yekun qərar verilə bilər. Amma Bakı və İrəvan görüşləri və ümumilikdə onların regiona səfəri göstərdi ki, humanitar məsələlərdə tərəflər Moskvada razılıq əldə etsələr də, onu faktiki olaraq reallaşdırmaq hələlik mümkün olmayacaq”.
Z.Məmmədov əlavə etdi ki, açıq şəkildə Ermənistan tərəfinin həyasız təxribatının şahidi olmuşuq: "Sözsüz ki, erməni tərəfinin açdığı atəş cavabsız qalmayacaq. Azərbaycan əsgəri elə cəbhədə ermənilərin cavabını verəcək. Amma maraqlı məqam ondan ibarətdir ki, indiki halda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri Bakıya səfərləri zamanı baş verən insidentlə bağlı susurlar. Bu da onu göstərir ki, həmsədr ölkələr ilk növbədə özlərinə hörmət etmirlər. Necə ola bilir ki, həmsədrlərin regiona səfəri zamanı təxribatlar baş verir? Bu da ondan xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa münaqişənin həllinə ciddi yanaşmırlar. Onların yeganə əsas istəyi münaqişənin müharibə fazasına keçməməsidir. Lakin belə davam edərsə, münaqişə digər fazaya keçəcək və bütün məsuliyyət tək Ermənistanın deyil, həm də həmsədrlərin üzərində qalacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər