“Həmsədrlərin ikinci bəyanatı daha məzmunlu və konkretdir”
Ermənistan silahlı birləşmələri iyulun 4-də Füzuli
rayonunun Alxanlı kəndini atəşə tutması, nəticədə 1-i azyaşlı olmaqla iki dinc
sakinin həlak olması, 1 nəfərin yaralanması hadisəsindən sonra ATƏT-in Minsk
Qrupunun həmsədrləri bəyanatla çıxış edib, tərəfləri atəşkəsə riayət etməyə səsləyiblər.
Ötən gün həmsədrlər 2-ci bəyanat da yayıblar. ATƏT Daimi Şurasının iclasında
Fransa nümayəndəsinin Minsk qrupu həmsədrlərinin adından səsləndirdiyi bəyanatda
həmsədrlər tərəfindən 4 iyulda atəşkəsin pozulması ilə əlaqədar ciddi
narahatlıq ifadə olunub.
Bildirilib ki, iyulun 4-də baş verən ciddi insident
sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən
keçirilir. Həmsədrlər tərəflərəCenevrə konvensiyaları əsasında mülki
insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə
öhdəliklərini də xatırladıblar. Münaqişə tərəflərinə xitabən gərginliyin aradan
qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşmalara ciddi riayət
edilməsi üçün tədbirlər görməyə çağırış edilib. Bəyanatın sonunda bir daha qeyd
olunub ki, Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli
üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır.
Həmsədrlərin ikinci bəyanatını şərh edən Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki,
sözügedən sənəddə təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə
konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə
bəlli olur. Belə ki, son bəyanatda Füzuli rayonunun Alxanlı kəndində baş verən
hadisələr təxribat kimi qiymətləndirilib. Nazirlik rəsmisi həmsədrlərin bu qiymətləndirməsini
bölüşərək qeyd edib ki, Alxanlıdakı insident Ermənistanın təxribatı olaraq
danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanmışdı: "Aparılan
araşdırmalar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistan
silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki
obyektlər hədəfə alınıb. Ermənistan mülki insanların öldürülməsinə görə məsuliyyəti
öz üzərindən atmaq üçün guya kənddə atəş nöqtələrinin olması barədə saxta
propaqanda aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər
hərbi məntəqə olmayıb. Azərbaycanda akkreditə olunan ABŞ, Çin Xalq
Respublikası, Pakistan İslam Respublikası, Türkiyə, Rusiya Federasiyası,
Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşeləri və
Almaniya Federativ Respublikasının səfirliyinin diplomatı, beynəlxalq media
nümayəndələri 6 iyul tarixində Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində
yerindəcə bu faktın şahidi oldular”.
H.Hacıyev 2016-cı ilin aprel, eləcə də Alxanlı
hadisələrini Ermənistan tərəfindən sistematik şəkildə Cenevrə konvensiyaları çərçivəsində
üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması kimi dəyərləndirib. Bu
baxımdan o, həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət
edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar
durulmasına dair çağırışlarını təqdir edib.
Millət vəkili,
politoloq Hikmət Məmmədov da "Kaspi”yə
açıqlamasında bildirib ki, həmsədrlərin ikinci bəyanatı əvvəlki ilə müqayisədə
daha məzmunlu və konkretdir. O, xüsusən də Ermənistan silahlı birləşmələrinin hərəkətlərinin
təxribat kimi təqdim edilməsini müsbət hal kimi qiymətləndirib: "Baş verənlərdən
ATƏT-in Minsk qrupunun həmsədrləri özləri üçün nəticə çıxarmalıdırlar ki,
1994-cü ildə atəşkəsin əldə edilməsi münaqişənin sülh yolu ilə həll edilməsi
üçün idi. Lakin indiyə qədər problem həllini tapmayıb. Deməli, həmsədrlərin də
iştirakı ilə davam etdirilən sülh danışıqları prosesi müsbət nəticələnməyib, əsas
məqsədə nail olunmayıb. Ona görə də həmsədrlərin ikinci bəyanatında yer alan
müddəalar müsbət qarşılansa da, bizi tam qane etmir. Çünki həmsədrlərin əsas
funksiyası təmas xəttindəki gərginliyi xatırlatmaq, tərəfləri danışıqlara səsləməklə
yekunlaşmır. ATƏT-in Minsk qrupunun, həmsədr dövlətlərin əsas vəzifəsi Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. Bunun üçün yeri gəldikcə işğalçı tərəfə
təzyiq göstərmək də zəruridir. Ancaq indiyə qədər işğalçı Ermənistana həra
hansı təzyiq göstərilməsini müşahidə etməmişik. Ona görə də rəsmi İrəvan
danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirir, yaxud cəbhə bölgəsində
təxribatlar törətməklə bütövlükdə danışıqlar prosesini pozmağa çalışır. Bütün
bunları nəzərə alaraq, həmsədrlərin ikinci bəyanatını əvvəlkilərlə müqayisədə
irəliyə doğru atılan bir addım kimi qiymətləndirsək də, bununla qənaətlənmək
qeyri-mümkündür. Çünki problem hələ də həllini tapmayıb. Problemin həllini
tapması üçün isə işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir”.
"Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bizimlə söhbətdə beynəlxalq təşkilatların
sanki qorxu içində olduqlarını dilə gətirib. Qeyd edib ki, 4 iyul hadisəsindən
sonra beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, siyasətçilər,
deputatlar insidentlə bağlı bəyanatlar versələr də, bütün bunlar münaqişənin həllinə
xidmət etmir: "Əgər həmin bəyanatlarda münaqişənin həlli üçün konkret hansı
addımların atılması əksini tapsaydı, fikirləşərdik ki, beynəlxalq qurumlar,
vasitəçilər yaşananlardan ciddi narahatlıq keçirir, müharibə başlamasın deyə,
problemin sülh yolu ilə həllini istəyirlər. Ancaq biz bunu görmürük. Bəyanat müəlliflərinin
böyük əksəriyyəti sadəcə narahatdırlar ki, Azərbaycan qisas əməliyyatına
başlaya bilər. Necə ki, artıq işğalçıların mövqelərinə hərbi birləşmələrimiz tərəfindən
müəyyən zərbələrin endirilməsi, Ermənistan ordusunun itkilər verməsi barədə xəbərlər
yayılır. Biz düşmənin heç bir əməlini cavabsız qoymuruq və qoymayacağıq. Ötən
ilin aprel döyüşləri bunu əyani şəkildə göstərdi”.
Rufik
İSMAYILOV