• cümə axşamı, 28 mart, 15:24
  • Baku Bakı 16°C

Həmsədrlərin heç bir nəticəsi olmayan bəyanatı

26.09.19 15:58 1408
Həmsədrlərin heç bir nəticəsi olmayan bəyanatı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı xarici işlər nazirlərinin növbəti görüşü keçirilib. Münaqişənin tənzimlənməsində vasitəçilik missiyasının yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri də bu görüşlə bağlı bəyanat yayıb. Qeyd olunur ki, münaqişə tərəfi olan Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmçinin ATƏT-in baş katibi Tomas Greminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər.
Bəyanatda qeyd olunur ki, həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüşdən sonra, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar və təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonra fəaliyyətləri barədə məlumat veriblər. Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, sülh və əsaslı danışıqlar üçün əlverişli şəraiti qorumaq məqsədilə əlavə tədbirlərin müzakirəsini davam ediblər.
Onu da qeyd edək ki, bəyanatda ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətində olduğu da vurğulanır.
Minsk qrupu həmsədrlərinin bu görüşə bağlı verdikləri bəyanatdan hansı nəticəni çıxarmaq olar?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən görüşündən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin verdiyi bəyanatdan heç bir nəticə çıxmır: "Görüşdən əvvəl də qeyd etmişdim ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu görüşündən heç nə gözləməyə dəyməz. Çünki Ermənistanın siyasətində heç bir dəyişiklik yoxdur. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan əgər "Qarabağ Ermənistanındır” deyirsə, hansı danışıqlardan və onun nəticəsindən danışmaq olar? Təəssüf ki, proqnozlarım özünü doğrultdu. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında görüşdən bir gün əvvəl hərbçimiz şəhid olması və Nyu-Yorkda da, sadəcə fikir mübadiləsi aparıldığı qeyd olunub. Onu da qeyd edim ki, Minsk qrupu həmsədrlərinin bəyanatında da heç nə yox idi. Həmsədrlər münaqişənin həllindən danışmırlar, hazırladıqları Madrid planının həllini gündəmə gətirmirlər. Ancaq yenə də atəşkəsi və ikinci, üçüncü dərəcəli məsələləri vurğulayırlar. Yəni əslində danışıqlar prosesi görüntü xarakteri daşıyır və Ermənistan maraqlıdır ki, status-kvonu uzatsın. Ona görə də, düşünürəm ki, biz artıq qərar verməliyik, ya danışıqları bir müddət dayandırmalıyıq, ya da uzun müddətli fasilə verməliyik. Çünki bu danışıqlar artıq bizim əleyhimizə işləyir”.
E.Şahinoğlu qeyd etdi ki, Paşinyan 25 ildir Ermənistanda hakimiyyətdə deyil və indiyə qədər aparılan danışıqlar nəticə verməyib: "Həmsədrlərin müəyyən bəyanatlarında ümidverici cümlələr olub, lakin onun ardı gəlməyib. Ona görə də, kinayə ilə desək, bizim artıq kifayət qədər təcrübəmiz var və münaqişə masa arxasında həll oluna bilmir. Təəssüflər olsun ki, böyük dövlətlər işğalçıya təsir və təzyiq etmir. Misal üçün, Paşinyan "Qarabağ Ermənistanındır” deyir, amma ona irad bildirmirlər ki, bu söz müharibənin başlanmasına səbəb ola bilər. Minsk qrupunun bu məsələ ilə bağlı konkret yanaşması yoxdur”.
Politoloq Nəzakət Məmmədova bildirdi ki, Minsk qrupu həmsədrlərinin bəyanatları hər zamankı kimi nəticəsi heç bir ümid, irəliləyiş vəd etməyən diplomatik sənəddən başqa bir şey deyil: "Həmsədrlər, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri gərginliyin azaldılması, sülhə və əsaslı danışıqlara şərait yaradan əlavə tədbirləri müzakirə etməyə davam etdiklərini qeyd ediblər. O cümlədən həmsədrlər yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətindədirlər. Lakin bu səfərin nəyi isə yaxşıya doğru dəyişdirəcəyinə inam yoxdur. Bu cür səfərlər illərdir davam edir və ortada heç bir nəticənin olmadığı gün kimi aydındır. Minsk qrupunun həmsədrləri dünya siyasətində hegemon rol oynayan dövlətlər olduqlarından, lazım gəldikdə ən mürəkkəb beynəlxalq məsələləri belə qısa bir zamanda həll edirlər”.
N.Məmmədova vurğuladı ki, Azərbaycan tərəfi dəfələrlə qeyri-rəsmi də olsa, həmsədrlərin dəyişdirilməsi, formatın yenilənməsi istiqamətində müxtəlif cəhdlər göstərib: "Almaniya, Türkiyə və s. ölkələrin həmsədr olması müzakirə olunsa da, təəssüf ki, bu ideyaların hamısı iflasa uğrayıb. Bu gün də ABŞ, Rusiya və Fransa münaqişəni öz monopoliyasında saxlamaqda davam edir. İşğala məruz qalan tərəf olan Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməyə imkan verilmir, həmsədrlərin tərkibinə digər konstruktiv mövqeli dövlətlərin daxil edilməsinə mane olurlar. Müəyyən konstruktiv mövqeyi olan, münaqişədə marağı olmayan dövlətlərin tənzimlənmə prosesinə cəlb edilməsi münaqişənin həlli istiqamətində müəyyən irəliləyişlərə səbəb ola bilərdi. Lakin hazırda həmsədrlərin tərkibi dəyişmədiyindən, heç bir irəliləyişə ümid bəsləmək olmaz. Bütün problemin kökü ATƏT-in Minsk qrupu həmsədrlərinin öz maraqlarından çıxış etməsidir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər