• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

Həmsədrlərin fəaliyyətsizliyi, Paşinyanın məsuliyyətsizliyi

25.09.19 10:30 1573
Həmsədrlərin fəaliyyətsizliyi, Paşinyanın məsuliyyətsizliyi
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclası keçirilib. Xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxış edərək deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də işğal altındakı ərazilərə qanunsuz səfəri zamanı Azərbaycanın ayrılmaz hissəsini - Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatı qəti şəkildə pisləyir: "Paşinyan həmçinin ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların məqsədini "müharibənin… nəticələrini qorumaq" kimi səciyyələndirərək utanmazcasına təhrif edib. Bu addım Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən "bir qarış torpağın” da Azərbaycana qaytarılmaması və "yeni ərazilər üçün - yeni müharibə” kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərini qeyri-qanuni istismar edən Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılıb. Onların son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması kimi məsuliyyətsiz yolu davam etdirir”.
ATƏT çərçivəsində aparılan vasitəçilik səylərinin bu günədək heç bir nəticə vermədiyini təəssüflə vurğulayan nazir bildirib ki, atəşkəs rejiminə baxmayaraq, Ermənistan Azərbaycanın cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərinə, Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumları davam etdirir. İşğalçı ölkə danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır.
XİN rəhbərinin bəyanatından belə nəticəyə gəlmək olar ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işinin öhdəsindən gələ bilmir, Paşinyan isə danışıqların mahiyyətini təhrif edir. Belə olan halda görəsən çıxış yolu nədir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan Ermənistana etdiyi təzyiqlərin bütün formalarını gücləndirməlidir: "Bu istiqamətdə iş gedir. Ermənistan Azərbaycanın təşəbbüskarı olduğu regional iqtisadi layihələrdən kənarda qalıb. Ölkəmiz Ermənistanı dəstəkləyən müəyyən dairələrin təzyiqinə baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələr qurmağın qeyri-mümkünlüyünü bəyan edib. Ermənistanla aparılan danışıqlarda Azərbaycan ərazi bütövlüyü prinsipindən heç bir halda geri çəkilməyəcəyini dəfələrlə dilə gətirib. Bugünkü vəziyyət Azərbaycandan daha çox Ermənistana ciddi təsir göstərib. Keçən ilə bu ölkədə baş verən hakimiyyət dəyişikliyinin səbəbi da Azərbaycan torpaqlarının işğalından doğan fəsadlar idi. Elə indinin özündə də Ermənistanın baş naziri götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyinə görə cəmiyyət tərəfindən ciddi tənqidlərə məruz qalır. Düşünürəm ki, Azərbaycan hərbi gücünü artırmaqla cəbhə və sərhəd xəttində öz mövqeyini sərt şəkildə Ermənistana göstərməklə, bu ölkənin bütün məsələlərdə Azərbaycandan çox geri qaldığını bir daha hiss etdirdi. Azərbaycanın sərgilədiyi mövqe Ermənistan rəhbərliyini ciddi şəkildə düşündürməlidir”.
A.Mirzəzadə qeyd etdi ki, Ermənistanın atəşkəs rejimini pozması faktları hər gün səsləndirilir: "Ara-sıra Ermənistanın kəşfiyyat-təxribat qrupları Azərbaycan ərazisinə keçməyə cəhd edirlər. Lakin Azərbaycan ordusunun qətiyyəti sayəsində ciddi zərbə alaraq geri çəkilməyə məcbur edilirlər. Ermənistan hər dəfə hərbi təxribatlarının ciddi zərbəsini alır”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun Paşinyanın münaqişənin tənzimlənməsi prosesinə yanaşmasını tənqid etməsi doğru addımdır: "Çünki Nikol Paşinyan hakimiyyətə gələr-gəlməz münaqişə ilə bağlı danışıqları demək olar ki, heçə endirdi, formatın dəyişdirilməsi ilə bağlı məsələ qaldırdı, "miatsum”, "Qarabağ Ermənistanındır” kimi sərsəm şüarlar səsləndirdi. Bunlar da münaqişənin nizamlanmasına olduqca böyük zərbədir. Azərbaycan xarici işlər naziri də bunu İslam Əməkdaşlıq Təşkilatının tribunasından səsləndirib və qəbul edilən qətnamədə də Ermənistan işğalçılıqda günahlandırılır”.
Z.Məmmədov vurğuladı ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Paşinyanın son bəyanatlarından sonra susmaları onu göstərir ki, onlar status-kvonun qalmasında maraqlıdırlar: "Eləcə də təzyiqlər göstərməkdə maraqlı deyillər. Həmsədrlərin bəyanatları həmişə olduğu kimi sülhə dəvət etməkdən ibarət olur. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etmir. Təəssüflər olsun ki, həmsədr ölkələr regionda münaqişənin müharibəyə keçməməsində maraqlıdırlar, amma onun tənzimlənməsi üçün lazım olanı etmirlər. Çünki onlar münaqişənin nizamlanmasında maraqlı deyillər. Həmsədrlər Cənubi Qafqazda münaqişənin müharibə fazasına keçmə riskini artırırlar. Azərbaycan indiki halda öz sülh diplomatiyasını dünyaya göstərməkdədir. Buna görə də rəsmi Bakı sülh danışıqlarında iştirak edir. Eyni zamanda, Azərbaycan münaqişənin digər yollarla həll edilməsini də nəzərə alaraq, iqtisadi, hərbi gücünü artıraraq bütün nəticələrə hazır olduğunu göstərmiş olur. Buna görə də Ermənistan tərəfi münaqişə ilə bağlı ciddi şəkildə rasional mövqedən çıxış edərək nizamlanma ilə məşğul olmalıdır. Əks təqdirdə bu, Paşinyan hakimiyyətinin sonu, eləcə də ilk mərhələdə Azərbaycanın bir neçə rayonu qaytarması ilə nəticələnəcək. Onsuz da Madrid prinsiplərində bir neçə rayonun qaytarılması nəzərdə tutulub. Amma bunun sülh və ya hərb yolu ilə qaytarılması məsuliyyəti artıq Yerevanın üzərinə düşür”.
B.MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər