• cümə, 26 Aprel, 18:11
  • Baku Bakı 22°C

Həmsədrlərdən yeni təşəbbüslər gözləməyə dəyərmi?

20.12.16 12:00 1032
Həmsədrlərdən yeni təşəbbüslər gözləməyə dəyərmi?
İmperialist güclərin havadarlığına arxalanan ermənilər azərbaycanlılara məxsus ərazilərə zaman-zaman əsassız iddialar irəli sürüblər. Tarixin müxtəlif mərhələlərində, o cümlədən ötən əsrin əvvəllərində bolşevik libasına bürünən erməni daşnakları azərbaycanlılara qarşı soyqırımı, kütləvi qətliam həyata keçirməkdən də çəkinməyiblər. 1988-ci ildən başlayaraq Ermənistan siyasi rəhbərliyi etnik təmizləmə siyasətinə əl atıb, məhz Azərbaycan türkü, müsəlman olduğuna görə 200 minə yaxın həmvətənimizi öz doğma el-obasından deportasiyaya edib. Bunun davamı olaraq, xarici ölkələrdəki erməni diaspor təşkilatlarından, ermənipərəst siyasi dairələrdən böyük dəstək alan Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü parçalamaq, qəsb etmək məqsədilə Dağlıq Qarabağdakı erməni əhalinin vasitəsilə separatçılıq hallarına yol açıb. Elə Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi də məhz bu andan - 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları irəli sürməsindən başlayıb.
İndiyə qədər münaqişənin dinc yolla həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar hər hansı nəticə verməyib. Ermənistan qeyri-konstruktivlik nümayiş etdirib ki, bu da münaqişənin həllini uzadıb. Bununla belə, Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın mətbuata verdiyi açıqlamadan bəlli olur ki, rəsmi Bakı həm ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, həm də onların təmsil etdikləri ölkələrdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz vəzifələrini yerinə yetirmək istiqamətində hələ də yeni səylər ortaya qoymağı gözləyir. Deputatın sözlərinə görə, Azərbaycan gələn il də münaqişənin həlli ilə bağlı müsbətə doğru dəyişikliklərin olacağını ümid bəsləyir: "Biz gözləyirik ki, bütün münaqişə ocaqlarında olduğu kimi, regionda da insanların həyatını, ölkələrin əməkdaşlığını, beynəlxalq təhlükəsizliyi təhdid edən münaqişələr həll edilməlidir. Ölkələrin ərazi bütövlüyü, suverenliyi qorunmalı, təcavüzkar işğal etdiyi torpaqları tərk etməli, işğalçıya münasibət özünü göstərməlidir. Biz Azərbaycana hansısa güzəştlərin edilməsini, birtərəfli qaydada Azərbaycanın tərəfinin tutulmasını istəmirik. Biz ədalətli yanaşma istəyirik. Ədalətli yanaşma da beynəlxalq hüququn prinsiplərinə riayətdir. Əgər o prinsiplər qorunarsa, münaqişə də ədalətlə həll olunar”.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Dağlıq Qarabağ probleminin dinc yolla həlli istiqamətində artıq ATƏT-in Minsk qrupunun həmsədrlərindən ciddi nə isə gözləmir. Deputatın fikrincə, BMT TŞ-nın 1992-ci ildən indiyə qədər onlara verdiyi mandatdan həmsədrlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, problemin həlli, BMT TŞ-nın 4 qətnaməsinin yerinə yetirilməsi üçün lazımınca istifadə edə bilməyiblər: "Əksinə, həmsədrlər zaman-zaman sərgilədikləri mövqeyə görə işğalçı ilə demək olar ki, eyni mövqedə dayanıblar, status-kvonun dəyişməz olaraq qalmasında Ermənistana yardımçı olublar, hətta Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına çalışıblar. Onların fəaliyyətini ancaq bu cür qiymətləndirmək olar. Bu səbəbdən ATƏT-in Minsk qrupuna Azərbaycan xalqının etimadı çox aşağı səviyyədədir. Həmsədrlər üzərlərinə düşən missiyanı bu günə qədər yerinə yetirə bilməyiblər. Bu da o deməkdir ki, onlar iflasa uğrayıblar. Hesab edirəm ki, biz yalnız öz gücümüzə, dövlətimizin imkanlarına arxalanmalı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməli, hərbçilərimizlə kürək-kürəyə söykənərək, yalnız hərbi yolla torpaqlarımızı işğaldan azad etməliyik. Bu xalqın nümayəndəsi, millət vəkili olaraq heç zaman arzu etmirəm ki, müharibə olsun, qan tökülsün, övladlarımız şəhid olsun və sair. Amma aprel döyüşləri və ondan sonrakı proseslər bir daha sübut edir ki, işğal altındakı torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmini yalnız düşmənlə savaşdan, onları bu yolla geri oturtmaqdan keçir. Düşünürəm ki, 2017-ci il bunun üçün ən əlverişli ildir”.

Politoloq Natiq Miri isə hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə həmsədrlərdən, eləcə də onların təmsil etdiyi dövlətlərdən yeni səylər gözləməyə dəyər. Onun fikrincə, bunun üçün geosiyasi şərtlər, geosiyasi maraqların təmin olunması vacibdir: "Heç kəsə sirr deyil ki, postsovet məkanındakı bir sıra münaqişələr kimi Dağlıq Qarabağ problemini də SSRİ adlı imperiyanın varisi Rusiya süni surətdə yaradıb. Gələcəyə hesablanmış bu addım münaqişə regionundakı dövlətlərə təsir etmək, onları bu yolla idarə etmək məqsədi daşıyırdı. Gürcüstanda, Moldovada, Azərbaycanda belə münaqişə ocaqları yaradılıb. Çünki hər üç dövlətin mövcud olduğu coğrafiyada Rusiyanın geosiyasi maraqları var. Bəzi hallarda bu maraqlar Qərb dünyası ilə toqquşur. Müasir dövrümüzdə Ukraynadakı proseslərə də bu kontekstdən yanaşmaq lazımdır. Rusiya münaqişə ocaqlarından istifadə etməklə bu dövlətlərin birmənalı şəkildə Qərbə inteqrasiyasına, onların öz nəzarətindən çıxmasına əngəllər yaradır. Bu baxımdan, əgər Rusiya istəyərsə, Dağlıq Qarabağ münaqişəsinin həllini yenidən aktivləşdirə bilər. Buna digər həmsədr dövlətlərin də marağı olmalıdır. Bunun üçün isə dünyadakı digər regional münaqişələrin həll olunması gərəkdir. Ukraynadakı proseslərə görə Qərb Rusiyaya qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq edib. Bu isə Rusiyanın aqressiv xarici siyasəti ilə müşayiət olunur. Nəticədə Krım işğal olunur, Donbasda savaş gedir, Suriyaya müdaxilə olunub, orada vətəndaş müharibəsi yaşanır. Bu savaşlar çərçivəsində artıq dünya gücləri üz-üzə dayanıb. Bu səbəbdən Rusiya ilk növbədə Suriyada savaşın bitməsini, öz geosiyasi maraqlarının təmin olunmasını istəyir. Paralel olaraq Ukrayna münaqişəsi də həll olunmalıdır ki, bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həlli də aktivləşsin. Sadalanan münaqişələrdən Dağlıq Qarabağ problemini ayırmaq və ayrıca olaraq həll etmək qeyri-mümkündür”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər