• şənbə, 20 Aprel, 01:38
  • Baku Bakı 15°C

Həmsədrlərdən bu dəfə nə gözləyək?

04.02.14 09:16 1226
Həmsədrlərdən bu dəfə nə gözləyək?
ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən növbəti dəfə ölkəmizə səfər ediblər. Cəbhə xəttində atəşkəs rejiminin pozulmasının səngimədiyi vaxtda səfərin ölkəmizə nə verəcəyi, müsbət nəticə ehtimalının nə qədər olması barədə yerli politoloqların fikirlərini öyrəndik. Onu da deyək ki, Müdafiə Nazirliyi təkcə son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejiminin ümumilikdə 38 dəfə pozulduğunu açıqlayıb. Politoloqlar səfərdən ciddi bir müsbət nəticə gözləməsələr də, ümumilikdə həmsədrlərin ölkəmizə gəlmələrini normal qarşılayırlar.
Politoloq Qabil Hüseynli bu mövzuda qəzetimizə açıqlama verərkən ABŞ dövlət katibi Con Kerrinin Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə bundan sonra dəstəklərini daha da artıracaqları barədə söylədiklərini xatırlatdı: “Həmsədrlər bəyan etmişdilər ki, cəbhədə atəşkəs rejiminin pozulması çox təhlükəli xarakter alıb və bu səbəbdən böyük dövlətlərin prosesə müdaxiləsi vacibdir. Belə başa düşülür ki, onlar proseslərin “relsdən çıxması”na imkan verməyəcəklər. Bildiyiniz kimi, qarşıdakı aylarda Fransa prezidentinin ölkəmizə səfəri gözlənilir. Yəni Fransa ilə də bu məsələlərdə fikir mübadiləsi aparılacaq”.
Q.Hüseynlinin fikrincə, atəşkəs rejiminin pozulmasında “üçüncü əl”in olması istisna olunmur. Bu əlin yaxın qonşularımızdan birinin olduğunu da təxmin etmək çətin deyil. Sanki kimlərsə həm bizim müdafiə qüdrətimizi, həm də sayıqlığımızı yoxlamağa çalışır: “Bunu isə ermənilərin əli ilə həyata keçirirlər. Məncə, onlar bölgədə hərarəti daim yüksəltməyə çalışırlar. Yaxın qonşuların qəzetlərində münaqişə ruhlu çağırışlar, tezliklə müharibənin başlayacağı haqqında müxtəlif öncəgörümlər əksini tapır. Bütün bunlar onu göstərir ki, kimlərinsə xülyasından bölgəni qarışdırmaq, xalqları bir-birinin qanına boyamaq keçir. Amma Azərbaycan tərəfinin öz ordu quruculuğunu sürətlə aparmasına və ciddi hazırlıqlar görməsinə rəğmən, müharibəyə hazırlaşdığını deyə bilmərəm. Zənnimcə, ölkəmiz sadəcə olaraq, ehtimal edilən erməni avantürizminə qarşı ordunun zəif yerlərini aradan qaldırmağa çalışır. Bu yaxınlarda, Tovuz rayonu ərazisində ermənilərin diversiya qrupunun ərazimizə keçməsinin qarşısının alınması da dediklərimizi təsdiqləyir”.
Politoloq ermənilərin hər zaman ya xarici işlər nazirlərinin görüşdüyü, ya da prezidentlərin görüşünün planlaşdırıldığı ərəfədə mütəmadi olaraq atəşkəsi pozduqlarını dedi: “Təəssüf ki, daha əlverişli mövqelərimiz, yüksəkliklərimiz onların əlindədir. Bundan sui-istifadə edib həm dinc əhaliyə, həm də ordumuza qarşı müxtəlif təxribatları törətməkdə davam edirlər. Atəşkəs rejiminin mütəmadi olaraq pozulması və diversiya qruplarının ərazilərimizə göndərilməsi onu göstərir ki, Ermənistan üçün danışıqlar “zahiri pərdə” anlamını verir. Qəyyumlarının köməyi ilə bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Bütün hallarda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərini müsbət qiymətləndirirəm. Yəqin ki, onlar tərəfləri sakitləşməyə çağıracaqlar. Bölgədə vəziyyətin mürəkkəb olduğunu hamı bilir. Burada yeni müharibənin baş verməsi bütünlüklə Cənubi Qafqazın qarışması demək ola bilər. Bu isə sağalmaz yaralara vəsilə olar”.
Politoloq Fikrət Sadıqov hesab edir ki, həmsədrlərin regiona səfərlərinin əsas məqsədi münaqişəni nəzarət altında saxlamaqdır. Hadisələr nəzarət altından çıxan kimi onlar dərhal narahatlıqlarını bildirirlər: “Əslində bu, əsas səbəb olmamalıdır. Çünki əsas məqam hələ də erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmamasıdır. Faktiki olaraq, Azərbaycan öz torpaqlarından atəşə məruz qalır. Bu, əsas reallıqdır”.
F.Sadıqov onu da qeyd etdi ki, həmsədrlər məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməkdənsə, tərəfləri dincliyə çağırmaqla məşğuldurlar: “Bizi sakitləşdirmək lazım deyil. Çünki Azərbaycan bütün prinsiplərə sadiqdir və hüquq normaları çərçivəsində hərəkət edir. Ölkəmiz heç vaxt atəşkəsi pozmayıb. Bütün qayda-qanunları pozan qarşı tərəfdir. Bildiyiniz kimi, qətnamələr də erməni tərəfə ünvanlanıb. Düşünürəm ki, həmsədrlər yenidən tərəfləri sakitliyə çağıracaq, regionda stabilliyin pozulmamasına cəhd edəcəklər. Ona görə də bu səfər barədə o qədər də müsbət fikirdə deyiləm. Onlar köhnə üsulla fəaliyyət göstərəcəklərsə, heç bir nəticə əldə olunmayacaq. Müsbət nəticə o olar ki, Ermənistan öz həddini bilsin və işğal etdiyi torpaqlarımızı tərk etsin”.
Politoloq Elxan Şahinoğlu da bu səfərdən xüsusi bir yenilik gözləmədiyini, onların hər zamankı siyasətlərini davam etdirdiklərini söylədi: “Həmsədrlər bölgəyə 20 ildir ki, gəlib-gedirlər. Bu illər ərzində atəşkəs hər zaman pozulub, tərəflər müəyyən itkilər veriblər. Bu səbəbdən, onların bu səfərinin də müsbət nəticə verməyəcəyini düşünürəm. Yəqin ki, sadəcə olaraq, tərəfləri atəşkəsi pozmamağa çağıracaqlar. Gəlişlərinin ikinci məqsədi isə prezidentlərin fevral ayında görüşünün təşkil edilməsidir. Həmçinin görüşün gündəliyinin hazırlaması, detalların müəyyənləşdirməsi barədə danışıqlar aparıla bilər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər