• cümə axşamı, 25 aprel, 05:18
  • Baku Bakı 19°C

Həmsədrlərdən atəşkəsin 20 illiyi ilə bağlı - Bəyanat

12.05.14 09:09 1164
Həmsədrlərdən atəşkəsin 20 illiyi ilə bağlı - Bəyanat
ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs haqqında sazişin 20 illiyi ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, saziş müharibəyə son qoyub və faciəvi zorakılığı dayandıraraq danışıqlara yol açıb:
"Sülhün sayəsində erməni və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüyüblər. Tərəflər gələcək nəsilləri də bu cür dəhşətlərdən xilas etmək üçün hər şeyi etməlidir. Lakin bütün bunlara baxmayaraq, atəşkəs haqda saziş münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır, Dağlıq Qarabağın statusu isə müəyyənləşməyib. Münaqişənin həll olunmamış qalması yüzlərlə, minlərlə insanın yerdəyişməsinə, beynəlxalq sərhədlər və təmas xətti boyunca zorakılıq ehtimalının daim mövcud olmasına, eləcə də bəzi cəmiyyətlərdə status-kvonun daimi olacağı barədə yanlış fikir yaranmasına səbəb olub. Tərəflər həmsədr ölkələrin təqdim etdiyi imkanlardan yararlanmaqda müəyyən maraq nümayiş etdiriblər. Biz münaqişəyə dair ümumi mövqeyi bölüşürük və nə qədər mümkündürsə, o qədər tez müddətdə münaqişənin BMT xartiyaları və Helsinki Yekun Aktına, xüsusən güc tətbiq etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ və bərabərlik prinsiplərinə əsaslanan sülh yolu ilə həllində tərəflərə kömək etmək məsələsində öz mövqeyimizə sadiqik. Həll həmsədr ölkələrin dövlət başçılarının 2009-cu və 2013-cü ildə verdikləri birgə bəyanatlarda əksini tapan və Dağlıq Qarabağ ətrafındakı ərazilərin geri qaytarılmasını, Dağlıq Qarabağın aralıq statusunun müəyyənləşdirilməsini nəzərdə tutan elementləri ehtiva etməlidir. Aralıq status Dağlıq Qarabağın özünüidarəsini və təhlükəsizliyini, eləcə də onu Ermənistanla birləşdirən dəhlizin mövcudluğunu özündə əks etdirməlidir. Dağlıq Qarabağın yekun statusu tərəflərin iradəsinin ifadəsinin leqal təminatına əsaslanmalıdır. Qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı və sülhməramlı qüvvələrdən istifadə olunmalıdır. Münaqişənin həlli tərəflərin qarşılıqlı etimadı olmadan mümkün deyil. Tərəflər sülh üçün vacib olan addımları atmalıdır. ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət bu yolda onları dəstəkləməyə hazırdır”./apa/
banner

Oxşar Xəbərlər