• cümə axşamı, 28 mart, 22:33
  • Baku Bakı 13°C

Həmsədrlər yenə də öz maraqları üçün çalışırlar

13.04.16 13:02 3017
Həmsədrlər yenə də öz maraqları üçün çalışırlar
Ermənistanla Azərbaycan arasında atəşkəs əldə olunmasından sonra danışıqların intensivləşməsi sülh prosesinin yaxınlaşması görüntüsünü yaratsa da, hələ ki ortada real nəticə yoxdur. Ən pisi isə odur ki, həmsədr ölkələr buna maraqlı görünmürlər və sanki yenə də vaxt uzatmaqla məşğuldurlar. Bu isə ictimaiyyət tərəfindən qınaqla qarşılanır və işini görə bilməyən qurumun artıq özünü buraxmaq vaxtının çatdığı da deyilir. Həmsöhbətimiz Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də həmsədrlərin, beynəlxalq təmsilçilərin fəaliyyətindən narazıdır. Düşünür ki, obyektivlik naminə onların nisbətən aktiv fəaliyyətə keçdiklərini vurğulasaq da, bizə real nəticə lazımdır. Belə faktdan isə danışmaq hələ ki mümkün deyil.
- Fərəc bəy, danışıqlar prosesi ilə bağlı müşahidələriniz sizə nə deyir?
- Hamı bilir ki, Azərbaycan tərəfi məsələnin dinc yolla həll olunmasına tərəfdardır və illərdir, bunu gözləyir. Həmsədrlərə deyirik ki, buyurun, əgər münaqişənin sülh yolu ilə həlli mümkündürsə, işi yekunlaşdırın. Məlumdur ki, Azərbaycanın beynəlxalq konvensiyalara əsasən, torpaqlarını hərb yolu ilə işğaldan azad etmək haqqı var. İşğalçılar oradan qeyd-şərtsiz çıxmalıdırlar. Ermənistandan fərqli olaraq, biz tolerant ölkəyik. Hər kəsin Qarabağda yaşamaq hüququnu tanıyır, etnoslar arasında ayrı-seçkilik qoymuruq. Biz erməni əsilli vətəndaşlarımızın konstitusion hüququnu qəbul edir və onlara sülh şəraitində yaşamağı vəd edirik. Beynəlxalq təsisatlar isə bu məsələlərlə bağlı heç bir tədbir görmürlər. Halbuki onların işi nəticəyə varmaqdır. Onlar bəzən nəinki laqeydlik nümayiş etdirir, hətta birtərəfli mövqe sərgiləyirlər. Bu, yolverilməzdir. Sözügedən münaqişədə haqq tərəfin Azərbaycan olduğu bütün sənədlərdə də əksini tapıb. Amma onlar belə məqamları görməzdən gəlirlər. Ona görə də Azərbaycanın hücum etməkdən başqa şansı qalmadı. Ən pisi isə odur ki, bizi buna Ermənistan özü vadar etdi. Ərazimizdə əməliyyatlar, həmlələr həyata keçirirlər. Bu azmış kimi, dinc mülki əhalini də güllələyir, əhalidə narahatlıq yaratmağa çalışırlar. Hətta ağır artilleriyadan da istifadə etməyə çəkinmirlər. Qadın, uşaq demədən, qabaqlarına çıxan hamını, eləcə də yaşlı vətəndaşları atəşə tuturlar. Bizim açdığımız atəşi qınamaq olmaz. Ölkəmiz heç bir dövlətin ərazisinə qoşun yeritməyib, kiminsə torpaqlarını işğal etməmişik. Azərbaycan sadəcə olaraq, öz torpaqlarını və vətəndaşlarını müdafiə etməklə məşğuldur. Sonuncu əməliyyatlar göstərdi ki, Azərbaycanın ordusu gerçəkdən də, çox güclüdür. Ən əsası isə bir daha sübut olundu ki, xalqımız da çox əzmkardır və düşmən gülləsindən çəkinmədən cəbhədə döyüşməyə hazırdır. Hər kəs bir yumruq kimi birləşərək torpaqları işğaldan azad etməyə getmək istədiyini bəyan edirdi. Belə bir güc nümayişindən sonra həmsədr dövlətlər, ATƏT-in Minsk qrupu məsələ ilə maraqlanmağa başladı. Onların nə qədər fəal olmaları, bizim maraqlarımızı nə qədər təmin etmələri başqa bir sualın cavabı olsa da, hər halda, onlarda tərpəniş gördük. Həmsədrlər atəşkəsə çağırış edib sülh danışıqlarını davam etdirəcəklərinə söz verməyə məcbur idilər. Çünki Azərbaycanın real gücünü, hərbi potensialını gördülər. Amma unutmasınlar ki, vasitəçilər məsələni sülh yolu ilə həll etməsələr, Azərbaycanın yenə də hərbi vasitəyə əl atmasından başqa çarəsi qalmayacaq.
- Vasitəçilərin, beynəlxalq təmsilçilərin açıqlamalarında ürəkaçan məqamlar hiss edirsinizmi?
- Xeyr, o qədər də yox. Rusiyanın baş naziri Medvedev buradan gedəndən sonra verdiyi müsahibədə deyib ki, münaqişə zonasında insan itkisi olmaqdansa, status-kvonun saxlanılması daha yaxşıdır. Mən ona sual vermək istəyirəm: bu münaqişə daha nə qədər davam etməlidir? Əgər onların ərazisinə kimsə girsə, Rusiya buna nə qədər dözə bilər? Onların özləri sərhədlərindən xeyli uzaqda olan Suriyaya müdaxilə edirlər. Amma Azərbaycanın öz torpaqlarını geri qaytarmağa çalışmasına müsbət yanaşmırlar. Niyə? Digər həmsədrlər də tərəfləri atəşkəsə, dincliyə çağırır. Bu nə deməkdir? Tərəflər dedikdə nə nəzərdə tuturlar? Onlar belə bir cümlə ilə işğalçı ilə işğala məruz qalanı bərabərləşdirdiklərinin fərqindədirlərmi? Birmənalı şəkildə deyilməlidir ki, işğalçı tutduğu torpaqlardan çıxmalıdır. Azərbaycana isə bildirməlidirlər ki, atəşkəsə əməl et və bizə filan qədər vaxt ver. Həmin müddətə qədər işğalçını çıxarmasaq, yenə də öz bildiyini edərsən. Mövqelər birmənalı deyil. Məsələn, AŞ PA rəhbərliyi işğalçıların geri çəkilməsi ilə bağlı fikirlər səsləndirir. Amma bunu ATƏT-də müşahidə etmirik. Belə məqamlar bizi qane etmir. Qeyri-müəyyənlik davam edəcəksə, Azərbaycan buna dözməyəcək. Konkret zaman çərçivəsində bəlli addımlar atılmalıdır. Hansı ölkə ərazisi işğal olunduğu halda sakit oturub baxır? Biz sülhə kifayət qədər əməl etdik. ATƏT fəal danışıqlara başladığını desə də, ortaya konkret yeni bir şey qoyulmayıb. Biz onu gözləyirik.
- Fəal danışıqlar prosesində sanki bütün təşəbbüsü Rusiya üzərinə götürüb. Digər həmsədrlərin susqunluğu nə ilə əlaqədardır?
- Bütün vasitəçilər, o cümlədən Rusiya baş verənlərdən öz xeyrinə istifadə etməyə çalışır. Rusiya özü hansı formada fəallıq göstərir? Bizim hərbi əməliyyatları dayandırır, amma işğalçını silahlandırır, torpaqlarımızdan çıxarmır. Hətta Medvedev müsahibəsində də deyir ki, bu ərazilərdə hərbi silah-sursat satışı üçün bazar var. Başqalarının satmağındansa, özümüz onlara silah sataq. Faktiki olaraq, vasitəçi ölkə buraya silah-sursat satışı üçün bazar kimi baxır. Həmsədr ölkə kimi, Ermənistanı qulağından tutub kənara çəkmir. Ona görə də bu fəallığı Azərbaycanın xeyrinə olan bir fakt hesab etmirəm. Bizə nəticə lazımdır, torpaqlarımız qaytarılmalıdır. Onlar Ermənistanı geri çəksələr, biz Rusiya ilə daha geniş əməkdaşlıq qura bilərik. Nəticəsiz fəallaşma yalnız həmsədr dövlətlərin maraqlarına xidmət edir.
- Gərginliyin davam etməsi Azərbaycanın iştirak etdiyi regional layihələrin gələcəyinə necə təsir edə bilər?
- Çoxdan məlumdur ki, Ermənistan kimlərinsə əlində maşadır, oyuncaqdır. Onlar görürlər ki, Azərbaycan post-neft dövründə xeyli ciddi layihələrə əl qoyub. Ölkəmiz istər dəmir yolları, istər dəhlizlər, istərsə də limanlar vasitəsi ilə vəziyyətdən çıxır və iqtisadiyyatını şaxələndirir. Bununla da, bölgənin ən əhəmiyyətli ölkəsinə çevrilir. Qısqanan qonşu dövlətlər Azərbaycanı təsir altına salmaq istəyirlər. Bildiyiniz kimi, Ermənistan böyük neft kəmərlərini vura biləcəyini dedi. Bunu, Ermənistan demir, o sözləri ona dedirdirlər. Beləliklə də, xoruzun quyruğu görünür. Ona görə də düşünürəm ki, bu, təkcə Azərbaycanın problemi deyil. Bu layihədə iştirak edən digər böyük dövlətlər təhdidin qarşısında dayanmalıdırlar.
- Bəs proseslərin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız?
- Azərbaycan tərəfi birmənalı şəkildə mövqeyini elan edib. Bildirib ki, ölkənin sərhədləri tam olaraq bərpa olunandan və işğalçılar geri çəkiləndən sonra, yəni BMT-nin tanıdığı sərhədlər daxilində ölkəmizə hörmət qoyulandan sonra qonşularla əməkdaşlıq edə bilərik. Əgər bu hal yaşanmasa, ölkəmiz məsələlərin arxasında kimin durmasından asılı olmayaraq, torpaqlarını azad edəcək. Xalqın bu mövzuda nə cür həmrəy olduğu və birlik nümayiş etdirdiyi hamıya bir daha məlum olub, faktlar göz önündədir. Azərbaycanlılar döyüşdən çəkinmir və vətən yolunda canlarından keçməyə hazırdırlar.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər