• cümə, 29 Mart, 12:35
  • Baku Bakı 14°C

Həmsədrlər Minsk Qrupuna əngəl törədirlər - Azərbaycan XİN

09.07.14 12:27 917
Həmsədrlər Minsk Qrupuna əngəl törədirlər - Azərbaycan XİN
“Mənə bəlli olan səbəblərə əsasən deyirəm ki, son bir neçə ildə Minsk Qrupunun həmsədrləri prosesi öz əllərində cəmləşdiriblər və qrupunun fəaliyyətinin tam tərkibdə həyata keçirilməsinə əngəl törədirlər”.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Nazir müavini Azərbaycanın bir neçə dəfə bu hala şahid olduğunu vurğulayıb: “Məsələn, 2012-ci ildə Minsk prosesinin 20 ili tamam olanda mən həm tərəfdaş dövlətlərə, həm də digər dövlətlərə müraciət etmişəm. Təklif etmişdim ki, 20 illik yubileyi qeyd etmək üçün Minsk Qrupunun yüksək səviyyəli konfransını keçirək. Bu təşəbbüs rəhbərliyimiz tərəfindən dəstəkləndi. Lakin sonra gördük ki, həmsədrlər buna yol vermək niyyətində deyillər. Yəqin ki, onlara öz işlərini üçlük arasında, təzyiq altında olmadan, beynəlxalq ictimaiyyətin diqqətini yayındıraraq aparmaq daha rahatdır. Lakin Minsk Qrupunun digər ölkələri - Türkiyə, İtaliya İsveçrə, Almaniya və başqa dövlətlər prosesə maraq göstərir və maraqlarını beynəlxalq hüquq və norma prinsipləri əsasında qururlar. Mövqeləri bu prinsiplərə əsaslanır. Heç də pis olmazdı ki, Ermənistan bir daha hiss etsin və anlasın ki, onun mövqeyi beynəlxalq birliyin mövqeyinə heç də uyğun gəlmir”.
A.Əzimov Minsk Qrupu formatının başqa formatla dəyişdirilməsinin əleyhinə olduğunu deyib: “Əvvəla, Minsk Qrupunda beynəlxalq birliyin ən önəmli oyunçuları təmsil olunur. İkincisi, Minsk Qrupunun mövcudluğu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrində təsdiqlənib. Bu qətnamələr bizim mövqelərimizin əsasını təşkil edir. Mövqelərə selektiv əsasda yanaşmaq olmaz. Qətnamələr öz əhəmiyyətini saxlamalıdır. Minsk Qrupunun dəyişdirilməsi o qətnamələrə zərər verəcək. Nəhayət, Minsk Qrupunun formatı Dağlıq Qarabağ ermənilərinin prosesdə iştirakını aradan qaldırır. Çünki bu formatda həm azərbaycanlılar, həm ermənilər Dağlıq Qarabağın icmaları olaraq prosesdə öz səviyyələrində iştirak etməyə qadirdirlər. Qərarların qəbulu prosesində iştirak etmirlər, lakin öz mövqelərini səsləndirə bilirlər”.
Nazir müavini bu səbəblərə əsasən qeyd edib ki, Minsk Qrupunun formatı həm Azərbaycanın, həm də prosesə cəlb olunan digər dövlətlərin maraqlarına, mövqelərinə uyğundur./apa/
banner

Oxşar Xəbərlər