• cümə axşamı, 25 aprel, 10:04
  • Baku Bakı 14°C

Həmsədrin dəyişməsi siyasətin dəyişməsi mənasına gəlmir

25.11.16 13:17 1002
Həmsədrin dəyişməsi siyasətin dəyişməsi mənasına gəlmir
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin vəzifə müddəti başa çatmaq üzrədir. Belə ki, onunhəmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də sonlanır. Bəs politoloqlar onun fəaliyyətinin nəticəsini necə qiymətləndirirlər? Onun yerinə gələcək diplomatdan gözləntiləri nədir və Trampın prezident seçilməsi prosesə necə təsir edə bilər?

Uorlikin vəzifədən getməsinə münasibət bildirən Xarici İşlər Nazirliyi(XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bizim ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır. Belə ki, instutusional olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri,BMTTəhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər: "Nəticə etibarilə, ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdiyi status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Təəssüf ki, ötən 20 ildən çox müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin olunmayıb".

Mövzu haqda fikirlərini "Kaspi” ilə bölüşən politoloq Elxan Şahinoğlu dedi ki, Uorlik öz vəzifəsində elə bir uğur qazanmadı: "Ən qəribəsi odur ki, Dövlət Departamenti Azərbaycana elə diplomatlar göndərir ki, onlar burdakı fəaliyyətini yekunlaşdırdıqdan sonra ya təqaüdə çıxırlar, ya da başqa işə keçirlər. Uorlikin verdiyi açıqlamaya görə, o, 30 ildir Dövlət Departamentində çalışır. Və sən demə, bu, onun son vəzifəsi imiş. İndi də başqa hansısa şirkətə işə keçirmiş. Keçmiş həmsədr Metyu Brayza haqda faktı xatırlatmaq istəyirəm. Həmin vaxtlarda ermənipərəst konqresmenlər onun səfir kimi vaxtının uzadılmasına imkan vermədilər. O da, Azərbaycanda səfirlik fəaliyyətini yarımçıq qoyandan sonra ictimai fəaliyyətə keçdi. Yaxud, Amerikanın Azərbaycandakı digər səfiri Stenli Eskuderonu göstərə bilərik. Azərbaycan onun da son rəsmi iş yeri idi. Amma göndərdikləri isimlər təcrübəli olsalar da, uğur qazanmırlar və vəzifələri ilə xudahafizləşirlər”.

Politoloq qeyd etdi ki, əslində, Uorlik vəzifəyə başlayan kimi münaqişənin həlli ilə bağlı çox doğru yanaşma açıqlamışdı. Bir neçə dəfə demişdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır: "Bu da, bizdə belə bir təəssürat yaratdı ki, Uorlik mərhələli həll planının tərəfdarıdır. Amma çox təəssüf ki, sonradan bu fikrindən daşındı və sonuncu dəfə keçən ay Bakıya gələndə bu fikri təkrarlamaqla yanaşı, yəni "rayonlar boşaldılmalıdır” deməklə yanaşı, bildirdi ki, Dağlıq Qarabağın statusu məsələsi haqda da paralel müzakirələr getməlidir. Bu, artıq "paket həll” variantı deməkdir və Azərbaycanın maraqlarına cavab vermir. Keçən il dediyi fikrə zidd olaraq, indi də başqa bir fikir deyir. Halbuki aprel döyüşləri həmsədrlərə anlatmalı idi ki, münaqişə sürətlə və mərhələli həll yolu ilə həllini tapmasa, toqquşma ehtimalı bir qədər də artır. Yəni mərhələli həll planını gündəmə gətirmək əvəzinə, Uorlik və digər həmsədrlər yenə də status məsələsini, "paket həll” variantına bənzər elementləri ön plana çıxardılar. Bu da, ondan xəbər verir ki, baxışlar dəyişməyib”.

Trampın prezident seçilməsinin münaqişəyə təsirinə gəlincə, həmsöhbətimiz o qədər də pozitiv düşünmür, hətta yeni prezidentin müəyyən açıqlamaları onu narahat edir: "Bundan sonra yəqin ki, Dövlət Departamentində də müəyyən vəzifə bölgüləri həyata keçiriləcək. Hər hansı bir diplomatı da bu vəzifəyə təyin edəcəklər. Düşünmürəm ki, təzə gələn həmsədr Uorlikdən çox da fərqlənsin. Ümumiyyətlə, Trampın bizim bölgədə çox aktiv siyasət yürüdəcəyini də düşünmürəm. Əksinə, onun bəzi açıqlamaları məndə narahatlıq yaradır. Məsələn, deyir ki, Rusiya ilə yaxınlaşacağam, terrora qarşı birgə mübarizə aparacağam, Krım məsələsini də arxa plana atmaq olar. Bu o deməkdir ki, Rusiyanın bölgədə daha çox nüfuz etməsinə şərait yarana bilər. Biz istəmirik ki, hər hansı bir ölkə Cənubi Qafqazda dominant rolunu oynasın. Çünki Rusiya Ermənistanın hərbi, siyasi, strateji müttəfiqidir. Orada silahlarını yerləşdirmək üçün bazaları var, "İsgəndər” raketlərini orada yerləşdirir. İstəyirik ki, digər oyunçular - Fransa, ABŞ da aktiv olsunlar. Ona görə Trampın bu cür açıqlamaları bir qədər narahatlıq doğurur. Halbuki Tramp Respublikaçılar Partiyasının nümayəndəsidir və respublikaçılar xarici siyasətdə adətən, geosiyasi maraqlardan çıxış edirlər. Geosiyasi maraqlar isə Cənubi Qafqazda məhz Azərbaycanla əməkdaşlığın inkişafını diktə edir”.

Politoloq Şahin Cəfərlinin fikrincə, Uorlikin həmsədrlikdən getməsi əhəmiyyətli hadisə deyil. Bu münaqişə uzun illərdir ki, davam edir və həll prosesi ilə məşğul olan əcnəbi diplomatların müəyyən müddət sonra istefaya çıxmaları və ya öz hökumətləri tərəfindən əvəzlənmələri normalı diplomatik rotasiyadır: "Həmsədrin dəyişməsi hələ siyasətin dəyişməsi mənasına gəlmir, ona görə də yeni həmsədrdən heç nə gözləmirəm. Nə qədər ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın dominant rolunu qəbul edir, hər hansı ciddi dəyişikliyə ümid etməyə dəyməz. Bu problemin çözümü Rusiyanın insafına buraxılıb, o isə Ermənistanla müttəfiqliyini dərinləşdirməklə məşğuldur”. Ş.Cəfərli qeyd etdi ki, Tramp xarici siyasəti haqda indidən danışmaq çətindir: "Donald Trampın prezident seçilməsinin Qarabağ münaqişəsinin həllinə mümkün təsirlərini proqnozlaşdırmaq çətindir. Çünki onun xarici siyasətinin necə olacağı hazırda qaranlıqdır və bunu heç amerikalı analitiklər də bilmir. Hamı gözləmə mövqeyindədir. ABŞ-Rusiya münasibətlərinin gedişatı bizim regiondakı proseslərə də təsir göstərəcək. Trampın komandası formalaşdıqdan və vəzifəsinin icrasına başladıqdan sonra bu haqda konkret fikir yürütmək olar”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər