• cümə, 29 Mart, 19:34
  • Baku Bakı 14°C

“Həmsədr ölkəsiniz, ortaya mövqe qoyun”

14.01.17 11:00 1181
“Həmsədr ölkəsiniz, ortaya mövqe qoyun”
"Bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib. Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya ZaxarovaAPA-nın müxbirinin "Ermənistan bütün çağırışlara məhəl qoymayaraq, ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən insident zamanı həlak olmuş Azərbaycan hərbçisi Qurbanov Çingiz Salman oğlunun cəsədini qaytarmır. Rusiya XİN-in buna münasibəti necədir” sualına cavabında deyib.

M.Zaxarova bildirib ki, ölkələr bu çətin situasiyanı həll etməlidir və bu problemin açarı hər iki tərəfin əlindədir. XİN rəsmisinin bu cür mövqeyi ölkə ictimaiyyəti tərəfindən təbii ki, xoş qarşılanmayıb. Bu cür bəyanat həmsədr dövlətə yaraşmır. Bundan əlavə, Ermənistan faktiki, Rusiyanın bir əyaləti rolunda olsa da, şimal qonşumuz hər zaman Azərbaycanla da yaxın əməkdaşlığı olduğunu açıqlayır. Sırf bu mövzuya gəlincə isə, burada heç bir müttəfiqlik, əməkdaşlıq kimi məsələlər önə çıxarılmadan, ədalətli mövqe sərgilənməli idi. Çünki əsgərin cəsədinin qaytarılması hər şeydən əvvəl mənəvi məsələdir. Bu cür faktlar isə beynəlxalq hüquq normaları ilə yanaşı, humanizm prinsiplərinin də tapdandığını göstərir. Mövzunu politoloqlarla müzakirə edib Rusiyanın hətta belə məsələlərdə də forpostu Ermənistana təzyiq etməməsi haqda fikirlərini öyrəndik. Onların fikrincə, Rusiya bütün məqamlarda öz maraqlarını güdür və əsas siyasi fiqur olduğunu nümayiş etdirmək niyyətindən əl çəkmir.

Politoloq Elxan Şahinoğlu "Kaspi”yə açıqlamasında dedi ki, Rusiyanın Ermənistana təzyiq etmədiyi, hətta bu cür həssas məsələləri də nəzərə almadığı göz önündədir. Faktdır ki, əsgərimizin nəşi günlərdir, həftələrdir qaytarılmır və bu məsələ haqda tək Azərbaycan cəmiyyəti narazılığını bildirmir: "Həmsədrlər, Beynəlxalq Qırmızı Xaç Komitəsi, bəzi dövlətlər, təşkilatlar bu məsələdə mövqe bildirib Ermənistan hökumətinə çağırış ediblər ki, Azərbaycan əsgərinin nəşini qaytarsınlar. Döyüşlər zamanı hər iki tərəfdən olan itkilər, əsgərlərin cəsədləri qarşı tərəfə qaytarılmalıdır. Amma biz başqa mənzərəyə şahidlik edirik. Görünən odur ki, bu yolla Azərbaycana təzyiq edirlər. İstəyirlər ki, Azərbaycanı işğalçıya qarşı hücum əməliyyatlarından çəkindirsinlər. Amma nahaq əziyyət çəkirlər. Bu cür davranışları bir fayda verməyəcək. Belə faktlar Azərbaycanın siyasətinə təsir etməyəcək”.

Politoloq xatırlatdı ki, Milli Qəhrəman Mübariz İbrahimovun da nəşi xeyli vaxt qaytarılmadı. Hətta onu tanınmaz hala salmışdılar. Amma nəticə hamıya məlumdur. Bir müddət sonra da olsa, qaytarmağa məcbur oldular. Çünki təzyiqlər artmışdı: "Biz də onu izdihamla, fəxrlə dəfn etdik. Ona görə əminəm ki, bu dəfə də qaytaracaqlar. Bu kimi mənfi davranışlar Azərbaycanın siyasətinə təsir edə bilməz. İşğal faktına son qoyulmayana qədər, Azərbaycan öz təzyiqlərini davam etdirəcək. Bu, ölkəmizin haqqıdır. Mariya Zaxarovanın bu açıqlaması məndə təəssüf doğurur. Bu kimi məsələdə balanslı açıqlamanın yeri yoxdur. Ortada konkret fakt var və fakta konkret münasibət bildirilməlidir. Nə olsun ki, Ermənistan sizin hərbi-strateji müttəfiqinizdir? Həmsədr ölkəsiniz, ortaya mövqe qoyun. Necə ki, müxtəlif təşkilatlar, dövlətlər ortaya mövqe qoyublar və Ermənistandan tələb edirlər ki, əsgərin nəşini qaytarsın. Yanaşma belə olmalıdır. Çünki mövzu ən azı, humanitar məsələdir. Hərbi məsələ deyil ki, burada da Ermənistanın xətrinə dəymək istəməyəsiniz. Zaxarovanın bu cür açıqlaması təəssüf doğurmaya bilməz. Tərəflərin diplomatik imkanlarından, məsələni özlərinin həll etməli olduğundan niyə danışılır ki? Məgər Azərbaycanda erməni əsgərinin cəsədi var? Belə olsaydı və Azərbaycan da həmin əsgərin meyitini qaytarmasaydı, o zaman balanslı açıqlama verilməsini haradasa, başa düşmək olardı. Ortada konkret fakt var və təqsirkar tərəf Ermənistandır. Onlar həm beynəlxalq hüquq normasına, həm də insanlığa yaraşmayan hərəkət edirlər. Bu haqsızlığın konkret adı deyilməlidir. Deyilmirsə, üstəgəl, Rusiya bu cür açıqlama verirsə, belə məqamlar ikili standartların növbəti göstəricisi adlandırılmalıdır”.

Politoloq Natiq Miri bildirdi ki, Rusiya bu cür mövqe ilə Azərbaycana mesaj ötürür. Belə ki, Azərbaycan məsələnin həlli ilə bağlı rəsmi olaraq, ATƏT-ə müraciət edib. Bu işlə hüquqi olaraq, ATƏT məşğul olmalıdır. Amma ATƏT-in bu məsələlərdə nə qədər aciz olduğu göz qabağındadır: "ATƏT bir təşkilat olaraq tamamilə fəaliyyətsizdir. Hər hansı bir münaqişəni həll edə biləcək qədər aktiv təşkilat kimi özünü təsdiq edə bilmir. Dağlıq Qarabağ münaqişəsində də irəliyə heç bir addım ata bilmirlər. Bunun özü də bir daha göstərir ki, ATƏT fərsiz, dişsiz bir siyasət yürüdür. Rusiya bu cür açıqlama ilə ATƏT-ə deyil, Rusiyaya müraciət edilməli olduğunu demək istəyir. Nümayiş etdirmək istəyir ki, ATƏT-ə deyil, Rusiyaya müraciət ünvanlanmış olsaydı, bir tapşırıqla meyit dərhal qaytarardılar. Nəzərə çatdırmaq istəyirlər ki, dəvədən böyük fil var. ATƏT-in Minsk qrupunun bu münaqişə ilə bağlı fəaliyyət göstərməsinə baxmayaraq, Ermənistana real təsir imkanı olan yeganə dövlət Rusiyadır. Rusiya sırf bunu nümayiş etdirmək istəyir. İstəyir ki, Azərbaycan rəsmi qaydada Rusiyadan bu məsələ ilə bağlı xahiş etsin”.

Politoloq qeyd etdi ki, Zaxarovanın açıqlaması protokol xatirinə deyilmiş ümumi sözlərdir və bu sözlərdən ciddi nəticə çıxarmaq mümkün deyil. Ən pisi odur ki, onlar heç protokol xatirinə də mənəvi məqamları nəzərə alaraq danışmırlar: "Azərbaycana çatdırmaq istəyirlər ki, siz ünvanı səhv salmısınız, bu məsələdə həlledici rol ATƏT-ə yox, Rusiyaya məxsusdur. Belə məsələlərdə isə Rusiyadan hansısa humanist addım gözləmək əbəsdir. Çünki Rusiya bütün məsələlərdə yalnız və yalnız özünü düşünür, geosiyasi maraqlarını güdür. Hətta bu cür mənəvi məsələlərdə belə. Rusiya üçün heç bir müqəddəs mövzu yoxdur. Yalnız öz mənafeyini güdür, üstünlük əldə etməyə çalışır. Zaxarovanın açıqlaması məhz bu kontekstdə dəyərləndirilməlidir”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər