• cümə, 29 Mart, 00:11
  • Baku Bakı 7°C

Həmkarlar İttifaqları Konfederasiyasında əlillər, müharibə veteranları və şəhid ailələri ilə görüş olub

08.08.19 15:00 7288
Həmkarlar İttifaqları Konfederasiyasında əlillər, müharibə veteranları və şəhid ailələri ilə görüş olub
Avqustun 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində əlillər, müharibə veteranları və şəhid ailələri ilə görüşüb.
KonfederasiyadanAZƏRTAC-a bildiriblər ki, AHİK sədri onları, eyni zamanda, xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, hər birinin problemləri ilə maraqlanıb.
S.Möhbalıyev dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə, eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Onların problemlərini, iş, məişət qayğılarını daim diqqətdə saxlayan dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini bildirib.
Aparılan genişmiqyaslı islahatlar dövlətimizin vətəndaşlara olan diqqət və qayğısıdır, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Son dövrlərdə imzalanmış sərəncamlar - minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının orta hesabla 50 faiz artırılması, pensiyaların minimum məbləğinin 160 manatdan 200 manata qaldırılması, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz yüksəldilməsi bunun bariz nümunəsidir. Artım eləcə də şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə özünü göstərib. Bundan başqa ölkənin müxtəlif şəhər və bölgələrində bu insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki illərdə verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses bundan sonra da davam edəcək.
Sonra sədr görüşdə iştirak edən insanların müraciətlərini dinləyib, öz təkliflərini verib. Qarşılaşdıqları problemlərin həllində onlara müəyyən imkan daxilində köməklik göstəriləcəyini bildirib. Görüşdə iştirak edənlər Səttar Möhbalıyevə öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarının hər birinə maddi yardımlar təqdim edilib.
banner

Oxşar Xəbərlər