• çərşənbə, 24 Aprel, 14:13
  • Baku Bakı 27°C

“Həmkarlar ittifaqının fəaliyyətindən xəbərsiz insanlar...” - Müsahibə

30.04.14 08:47 2431
“Həmkarlar ittifaqının fəaliyyətindən xəbərsiz insanlar...” - Müsahibə
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qarşıdan gələn yay mövsümünə necə hazırlaşıb, sanatoriyaların vəziyyəti nə yerdədir?

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2014-cü ilin yay mövsümünə hər olduğu kimi ciddi şəkildə hazırlaşıb. Bu il sanatoriyaların 99 faizində təmir, abadlıq işləri aparılıb, insanların rahat istirahəti və müalicəsi üçün hər cür şərait yaradılıb. Eyni zamanda, ötən il həmkarlar ittifaqı təşkilatları öz maliyyə vəsaitləri hesabına 5 yeni, müasir standartlara cavab verən sanatoriya tikilib və hazırda bu proses davam etdirilir. Növbəti ildə də yeni sanatoriyalar insanların istifadəsinə veriləcək. Konfederasiya daim bu işləri nəzarətdə saxlayır.
Konfederasiya olaraq həmkarlar ittifaqı təşkilatlarından tələb edirik ki, onlara daxil olan vəsaitlərdən qənaətlə istifadə edib üzvləri üçün istirahət mərkəzləri tiksinlər. Yəni daim bu sahənin inkişaf etdirilməsi, üzvlərə göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində lazım olan işləri görürük.
- Dövlət və özəl müəssisələrdə yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı hansı işlər görülür?
- Nəzərinizə çatdırım ki, həmkarlar ittifaqı təşkilatları könüllülük prinsipi əsasında yaradılmalıdır. Məcburi həmkarlar ittifaqı təşkilatının yaradılması mümkün deyil. Biz öz növbəmizdə maarifləndirmə işləri aparırıq, sahə həmkarlar ittifaqı təşkilatları öz sahələri üzrə bu istiqamətdə iş aparır. Həmkarlar ittifaqı təşkilatı hər bir müəssisə üçün vacib əhəmiyyət kəsb edir, eyni zamanda, rəhbərliyin iş yükünün bir hissəsini öz üzərinə götürür. Bu baxımdan rəhbərlik özü də həmkarlar ittifaqı təşkilatının yaradılmasında maraqlı olmalıdır. Qeyd edim ki, ildən-ilə bu sahədə görülən işlər öz nəticəsini verir, həm dövlət, həm də özə müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına maraq artır. Misal üçün, ötən il özəl şirkətlərdə 154-dən artıq həmkarlar ittifaqı təşkilatı yaradılıb və hazırda da müraciət edənlər var. Dövlət müəssisələrində də bu proses uğurla davam etdirilir.
- Bildiyimiz kimi, Həmkarlar İttifaqları Konfederasiyası tələbələrin təhsil haqqının ödənilməsi, onlara təqaüdlərin verilməsi kimi tədbirlər həyata keçirir. Hazırda bu istiqamətdə nə kimi tədbirlər görülür?
- Bəli, bu işlər hər il davam etdirilir. Qeyd edim ki, hazırda həm Həmkarlar İttifaqları Konfederasiyası, həm də Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı sosial imkanları zəif olan, əlaçı və ictimai işlərdə fəal olan 300-ə qədər tələbənin təhsil haqqını ödəyir. Tələbə həmkarlar ittifaqı təşkilatı həmin tələbələri müəyyən edir və bunun əsasında onlara kömək göstərilir. Bundan əlavə, aztəminatlı ailələrdən olan tələbələrə pulsuz yemək üçün talonlar verilir. Həmin pul həmkarlar ittifaqı təşkilatları tərəfindən ödənilir. Bundan əlavə, həmkarlar ittifaqı təşkilatları aylıq 50-100 manat məbləğində təhsil təqaüdləri verir. Misal üçün, təhsil işçilərinin həmkarlar ittifaqı təşkilatından 2 mindən artıq tələbə təqaüd alır. Eyni zamanda, əlaçı orta məktəb şagirdlərinə də aylıq 50 manat məbləğində təqaüdlər verilir. Biz bunu həm də şagirdləri təhsilə həvəsləndirmək üçün edirik. Yəni bu işlər yalnız tələbə və şagirdlərlə yekunlaşmır, həmkarlar ittifaqları çoxlu sayda digər sosial yönümlü işlər görür.
- Bir müddət öncə bəzi mətbuat orqanlarında Həmkarlar İttifaqları Konfederasiyasına üzvlük haqlarından gələn maliyyə vəsaiti barədə düzgün olmayan məlumatlar yayılmışdı. Bu məsələyə münasibətiniz necədir?
- Qeyd edim ki, toplanılan üzvlük haqları mərkəzləşdirilmiş qaydada nə sahə həmkarlar ittifaqlarına, nə də Həmkarlar İttifaqları Konfederasiyasına daxil olur. Bəzən həmkarlar ittifaqlarının maliyyə hesabatlarından, maliyyə xərclərindən məlumatsız olan insanlar özlərindən hesablama aparıb düzgün olmayan nəticələr çıxarırlar. Nəzərinizə çatdırım ki, həmkarlar ittifaqı təşkilatı spesifik təşkilatdır, yəni onun maliyyə xərcləri üzrə özünün qərarı var. Hər bir həmkarlar təşkilatının illik smeta xərcləri nəzərdə tutulur. Bu smetanın mədaxil hissəsi hesablanır və mədaxilə uyğun məxaric hissəsi hesablanır. Eyni zamanda, təşkilatların müəyyən xərc maddələri var və maliyyə vəsaitləri yalnız həmin maddələrə uyğun yönəldilir. Bu xərclər isə əsasən təşkilat üzvlərinin istirahətinin təmini, asudə vaxtlarının səmərəli təşkili və bunun üçün lazım olan inventarların alınması, mədəni-kütləvi, idman və s. bu kimi tədbirlərin keçirilməsi ilə bağlıdır.
Bəzi mətbuat orqanları yazır ki, Həmkarlar İttifaqları Konfederasiyasına üzvlük haqlarından 50-60 milyon manat pul daxil oldu, mənimsənildi və s. Ancaq onlar bilmirlər ki, bu pullar Konfederasiyaya gəlmir, bu pulların 100-də 90 faizi həmkarlar ittifaqı təşkilatlarının özlərində qalır. Mən dəfələrlə izah etmişəm ki, bu pullar yerlərdə qalır, Konfederasiyaya yalnız 10 faizi daxil olur. Onların dediyi 50 milyondan Konfederasiyaya 5 milyon manatı gələ bilər, 45 milyon manatı isə yerlərdə qalır. Əgər mərkəzləşdirilmiş sistem olsaydı, həmin pullar Konfederasiyaya gəlsəydi, Konfederasiya o pul ilə hər il bir neçə sanatoriya tikərdi. Misal üçün, ötən il Konfederasiyaya 4.8 milyon manat vəsait daxil olub ki, onun da 1.5 milyon manatdan çoxu sanatoriyaların təmirinə, qalan vəsait isə yuxarıda qeyd etdiyim müxtəlif sosial tədbirlərə yönəldilib. Digər tərəfdən də həmkarlar ittifaqı təşkilatları, o cümlədən Konfederasiya bütün gördükləri işlər barədə üzvləri qarşısında hesabat verir.
-Səttar müəllim, yollayışların verilməsi ilə bağlı da bu cür yalnış məlumatlar yayılmışdı...
- Yollayışların verilməsi məsələsinə gəlincə, bəziləri deyir ki, yollayışları Konfederasiya satır. Bunu işimizin xarakteri haqda məlumatı olmayan insanlar deyir. Nəzərinzə çatdırıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi, mən bir dənə də olsun yollayış götürüb vətəndaşa verə bilmərəm. Mənim buna səlahiyyətim yoxdur. Konfederasiya yalnız yollayışların bölgüsünü təsdiq edir. Yəni Dövlət Sosial Müdafiə Fondundan gələn vəsaitlərə uyğun olaraq, yollayışları sahə həmkarlar ittifaqları arasında bölürük. Yollayışlar AHİK-in İcraiyyə Komitəsində bölünüb təsdiq edildikdən sonra həmin qərar layihəsi "Kurort" Səhmdar Cəmiyyətinə və sahə həmkarlar ittifaqı respublika komitəsinə göndərilir. Sahə həmkarlar ittifaqları da vəkalətla gedib oradan yollayışları götürür və öz təşkilatları arasında bölüşdürür və burada da yollayışlar vəkalətnamə əsasında təşkilatlara paylanır. Yəni bir yollayış istifadəçiyə çatana qədər bir neçə mərhələdən keçir.
Gördüyünüz kimi, mənim birbaşa kiməsə yollayış vermək səlahiyyətim yoxdur. Kimsə yollayış almaq istəyirsə, Konfederasiyadan deyil, yalnız işlədiyi müəssisənin həmkarlar ittifaqı təşkilatından ala bilər. Bir məsələni də qeyd edim. Bəzən də bir neçə il ardıcıl istirahətə gedən insanlar yenidən yollayış almaq istəyirlər, ancaq başa düşmürlər ki, onlardan başqa da istirahətə getmək istəyənlər var. Yollayış almayanda isə deyirlər ki, həmkarlar ittifaqı təşkilatı yollayışları satır. Yəni,qaydaları bilməyən insanlar bu cür xoşagəlməz söz-söhbətlərə rəvac verirlər. Dediyim kimi, Sahə həmkarlar ittifaqları öz vəsaitləri hesabına aldıqları yollayışları təşkilatlar arasında özləri bölüşdürür, Konfederasiya isə bu işə yalnız nəzarət edir, heç bir bölgü işinə qarışmır.
banner

Oxşar Xəbərlər