AZE | RUS | ENG |

Həmişəcavan həmişəYaşar FOTOLAR

Həmişəcavan həmişəYaşar FOTOLAR
“Nə beynim, nə qəlbim, nə yaşamağa həvəsim, nə də məhəbbətim dəyişib”...


Bu gün səhərimizi kədərli xəbərlə açdıq: “Yaşar Nuri dünyasını dəyişib”. Sosial şəbəkələrdə hamı bu xəbəri paylaşdı, media kədərli xəbərə xüsusi yer ayırdı. Tanış adamlar küçədə bir-biri ilə rastlaşanda ilk sözləri “Yaşar Nuri vəfat edib” oldu.

Elektron ünvanımdakı ilk məktub da onun ölüm xəbəri ilə bağlı idi. Teatrın mətbuat xidməti görkəmli aktyorun vəfatı ilə bağlı xəbər yaymışdı: ”Bu gün səhər saatlarında Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Şöhrət ordenli Yaşar Nuri dünyasını dəyişib. Milli teatrımızın səhnəsində yüzlərlə maraqlı obraza səhnə həyatı verən, tamaşaçıların sevimlisinə çevrilən Yaşar Nuri son mənzilə Akademik Milli Dram Teatrından yola salınacaq”.

Yaşar Nuri tək mənim yox, bütün redaksiyamızın dostu idi. Müsahibə almaq üçün bircə zəngimiz bəs idi ki, “Hara desəniz gələrəm” desin. Gələndə "Vallah, özüm kimi üzlü qonaq görmədim, düz vaxtında gəlmişəm", gedəndə isə “Bir də gələcəyəm, çağırmasanız da" – deyə özünəməxsus zarafatından qalmırdı. Bu səmimiyyət, bu isti münasibət elə-belə yaranmamışdı. Qop-qoca illərin sınağına, etibarına söykənmişdi.

Yaşar Nurinin 61 yaşı vardı. Amma ona “səhnəmizin qocamanı” deyirdilər. Üzünün cizgilərində, baxışlarında, saçlarının ağında illərin yorğunluğunu, gərgin əməyini və bu zəhmətdən doğan sevinci hiss edirirdi. “Biri deyəndə ki, saçın ağarıb, buna heyfsilənmirəm. Mən bu saçı sənətim, dostlarım, ailəm üçün ağartmışam” deyirdi. Həmişə də uşaqlığından tutmuş gəncliyinə, şəxsi həyatından tutmuş səhnə həyatına qədər suallara səmimi cavab verirdi.

Səhnədə, filmlərdə müxtəlif insanların taleyini oynayan aktyor bizə həyatının ən maraqlı anlarından danışdıqca sanki yeni insan kəşf edirdik. Və onun timsalında əmin olmuşduq ki, səhnədən, efirdən sevdiyimiz aktyorların gerçək həyatı tamam fərqli olur. İnanmışdıq ki, səhnəmizin “qocamanı” sənətə heç vaxt bəxt kimi baxmayıb, zəhmət, istedad və qabiliyyət meydanı kimi yanaşıb.

Onu hər dəfə televiziya ekranlarında görəndə istər-istəməz üzümüzə təbəssüm qonur. O, səhnəyə çıxan kimi də zalda canlanma yaranırdı. Bunu hər dəfə oynadığı tamaşalarda müşahidə etmişdim. Fərqi yoxdur, böyük, ya da kiçik rolda olsun - bu, onun heç də hər aktyora nəsib olmayan xoşbəxtliyi idi. O, tamaşada heç vaxt özünü hansısa epizodlarda önə çıxarmırdı. Səhnənin lap dərinliyində olanda da onun oyunu seçilirdi. Ona görə də həmkarları “Yaşar Nuri elə özü-özlüyündə bütöv bir teatrdır” deyirdi. Onu istənilən teatra dəvət edəndə yalnız hansısa rolu ifa etməyə çağırmırdılar. Sadəcə deyirdilər ki, Yaşar Nuri gəlir. Qiyafəsini dəyişsə də, özü ilə öz teatrını, öz səmimi oyununu aparırdı.

10 yaşından çıxdığı səhnə ona həmişəki kimi doğma idi. Sənət şövqündən, işləmək, öyrənmək və öyrətmək həvəsindən də heç nə əskilməmişdi: “Mən hələ işləyirəm. Təminat verə bilmərəm - 5 il, 10 il. Lap işləməsəm də, televizorda hər gün məni göstərirlər. Çünki vaxtında o əziyyəti çəkmişəm”. “Səhnəmizin qocamanı” yenə də çalışmaq, yeni rollarda oynamaq arzusu ilə yaşayırdı. Onun fikrincə, yaxşı sənətkarın ömrünün bir gününü boşa vermək onun ömrünün bir səhifəsini əlindən almağa bərabər idi: “Hələlik mənə səhnə lazımdır. Nə vaxt lazım olmasam, dərya balığı sahilə atdığı kimi, səhnə də məni özü kənara atacaq” deyirdi.

Çoxdan idi səhnəyə çıxmırdı Yaşar Nuri. Çıxa bilmirdi. Xəstə idi. Elə həyatla xəstəlik arasında çarpışırdı. İstanbulla Bakı arasında qalmışdı.
Türkiyədə keçirdiyi əməliyyatlardan sonra həyata baxışları da çox dəyişmişdi. Lap müdrik filosof kimi yanaşırdı bəzi məsələlərə. Ən həssas yeri insan münasibətləri idi. Açıq-aydın şikayətlənməsə də, hiss edirdin ki, narazı qaldığı məqamlar var.

Bəlkə yaşla bağlı idi. Ya bəlkə səhnə həyatından və ya həyat təcrübəsindən doğan müşahidələri idi: “Son vaxtlar həyatın elə üzünü gördüm ki, məni heç nə ilə heyrətləndirmək olmaz. Arzu edirəm ki, bir az saf yaşayaq! Sevib-sevilməyin nə olduğunu bilək. Bəlkə də dünya işığına həsrət qalan adam öz şüuru ilə dünyanın yolunu bizdən yaxşı bilir. Amma biz açıq gözlə çaşırıq. Bir-birimizə badalaq vururuq. Gözümüz görə-görə bir-birimizə pislik edirik. Bir az yaxşılıq etməyə tələsək. Hamı bir-biri ilə söhbət edəndə bilsin ki, qarşısındakı insandır. Bunu bilsək, hər iş düzələr”. Keçirdiyi son əməliyyatların birindən sonra elə redaksiyamızda dilə gətirmişdi bu sözləri.

60 yaşının tamamında – sentyabrın 3-də təbrik üçün ona zəng edəndə xəstə olsa da, əhvalını qətiyyən pozmadı: “Hərdən inana bilmirəm ki, 60 yaşım tamam olur. Deyirəm, bəlkə məni aldadırlar... Amma fakt faktdır. Təki can sağlığı olsun! Yaşın müəyyən dövrü ilə bağlı xasiyyətdə müəyyən xüsusiyyətlər yaranır. Elə şeylər var ki, yaşla hərəkət etməlisən. Ancaq əsas odur ki, nə beynim, nə qəlbim, nə yaşamağa həvəsim, nə də məhəbbətim dəyişib” - dedi.

Türkiyədən vətənə təzəcə dönmüşdü Yaşar Nuri. Elə keçən həftə evlərinə telefon açınca həyat yoldaşı Rəhimə xanım “Yaşara bu həftə sistem köçürüləcək. Gələn həftə zəng edib gələrsiniz...” dedi.
Təəssüf ki, dünənə qədər yaşantıları haqqında yazı hazırlamaq istədiyim, hər şeyi öz dilindən eşitmək istədiyim Yaşar Nuri haqqında bu gün xatirə yazısı yazmalı oldum...

Təranə MəhərrəmovaFOTOLAR"> FOTOLAR"> FOTOLAR">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946