• çərşənbə axşamı, 23 aprel, 14:22
  • Baku Bakı 24°C

Həmişə öz oyununu oynamış lider - Portret

09.07.14 08:54 1534
Həmişə öz oyununu oynamış lider - Portret
Eduard Şevardnadze - həyatının böyük bir hissəsini sovet ideologiyasına xidmət etmiş bu şəxs uşaqlıqdan yaddaşımda rus dilində problemli, necə deyərlər, “aksentli” danışan bir lider kimi qalıb. Neçə illər rus dilinin hegemon olduğu bir imperiyanın ən yüksək pillələrində çalışsa da, danışanda mütləq gürcülərə xas ləhcəni qoruyub saxlamaq hər adama qismət olmur. Gürcüstanın keçmiş lideri isə bunu bacardı, desək yanılmarıq. Həqiqətən də əksərimiz bir neçə il gedib başqa ölkədə yaşadıqdan sonra həmin dildə elə danışırıq ki, sanki həmin millətin bir nümayəndəsiyik. Ancaq bu gürcü balası SSRİ kimi bir ölkənin xarici işlər naziri işləməsinə baxmayaraq, öz milliliyini, qoruyub saxladı. Yəni hamıya gürcü olduğunu göstərmək istədi və bunu bacardı da. Onun vəfatı xəbəri tək postsovet məkanda deyil, bütün dünya mətbuatında əsas xəbər başlıqlarından birinə çevrildi. Bir zamanlar kim bilərdi ki, kənd müəlliminin oğlu olan Eduard sonradan o boyda imperiyanın liderlərindən birinə çevriləcək. Eduard Şevardnadze 1985-ci ilədək - Mixail Qorbaçov onu xarici işlər naziri təyin edənədək demək olar ki, tanınmırdı. Lakin Şevardnadze xarici siyasətdəki təcrübəsizliyini yenidənqurmada fəallığı ilə əvəzləyirdi. O, nüvə müharibəsi təhlükəsini xeyli azaldan tərksilahlanmaya dair sazişlərin bağlanmasında aparıcı rol oynadı. Lakin sonradan vətəni Gürcüstana yenidən rəhbərlik etdiyi dövrdə korrupsiyada ittiham olunaraq prezidentlikdən devrildi.
Məmurlara qadağanlar qoydu
Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstanın Lançxuti şəhərinin Mamati kəndində müəllim ailəsində anadan olub. Tbilisi Tibb Texnikumunun məzunu olan Şevardnadze 1960-cı ildə Kutaisidə Pedaqoji İnstitutun tarix fakültəsini bitirib. Onun atası müəllim, partiya üzvü olub, anası isə əksinə, ərinin və sonra isə oğlunun siyasətdən kənar durmalarının tərəfdarı olub. Şevardnadze 1946-cı ildə komsomola qəbul olunub və sürətli karyera irəliləyişindən sonra 1972-ci ildə Gürcüstanın Kommunist Partiyasının rəhbəri təyin olunub. Korrupsiya və bürokratiyaya qarşı ilə mübarizə aparıb və azad bazar islahatını tətbiq etməyə başlayıb. Onun Gürcüstanda ən qalmaqallı işi “alma şirəsi” ilə bağlı olub. Yerli sexlərdən birində maxinatorlar sexlərdən birinə girərək, məhsulun üzərinə konsentratlar töküb. Nəticədə Rusiyanın müxtəlif şəhərlərində onlarla insan ölüb. Bu iş üzrə cinayət işi başlanıb, 5 nəfər həbs edilib, onlardan 9-u güllələnib. O, Kommunist Partiyasında korrupsiya ilə mübarizə aparmaqda qərarlı idi, yüzlərlə məmura dəbdəbəli avtomobillərdən və villalardan istifadə etməyi qadağan etmişdi, çoxlarını işdən qovmuşdu. Şevardnadzenin islahatları o dərəcədə əhatəli olub ki, hətta bəziləri aşkarlıq siyasətini 1980-ci illərdə Qorbaçovun yox, 1970-ci illərdə Şevardnadzenin başladığını deyirdilər. Xarici işlər naziri kimi Şevardnadze 1985-1990 illərdə “soyuq müharibə”dən sonra başlamış ilıqlıqlaşma dövründə SSRİ xarici siyasətində dəyişikləri istiqamətləndirirdi. 1985-ci ildən SSRİ-nin xarici işlər naziri vəzifəsinə təyin edilən Şevardnadze 1990-cı ildə vəzifəsindən istefa verib. Bundan iki il sonra müstəqil Gürcüstanın parlamentinin sədri seçilib, 1995 və 2000-ci illərdə keçirilən prezident seçkilərində rəqiblərinə qalib gəlib. Xarici işlər naziri kimi az təcrübəyə malik olsa da, Şevardnadze Sovet İttifaqının xaricdə aşkarlıq və yenidənqurma siyasətinin elçisinə çevrilmişdi. O, bir sıra mühüm əhəmiyyətə malik silahlanma məhdudiyyətini nəzərdə tutan müqavilələrin, o cümlədən nüvə silahının ixtisarına dair sazişlərin bağlanmasında mühüm rol oynayıb. Həmin sənədlər nüvə silahının bir sıra növlərini ləğv etməyə imkan verib. Şevardnadze Sovet qoşunlarının Əfqanıstandan çıxmasına, Dəmir Pərdə dövrünün Şərqi və Mərkəzi Avropa ölkələrinin müstəqilliyinə zəmin yaratmış Avropada Sovet hərbiyyəsinin mövcudiyyətinə son qoyulmasına nail olub. 1995-ci ildə ona qarşı sui-qəsd törədildi, Şevardnadze həmin hadisədən sağ çıxdı. Həmin dövrün hadisələrini 2010-cu ildə verdiyi müsahibəsində Şevardnadze belə xatırlamışdı: “Biz həqiqətən dünyanı dəyişdik… və bunda əsas xidmət Qorbaçovundur”. Moskvanın Qərblə yeni ilıq münasibətlərinin ön xəttində gedən və ABŞ dövlət katibi Ceyms Beykerin dostu olan Şevardnadzenin liberal baxışları Sovet İttifaqında, mühafizəkarlar arasında ona xeyli düşmən qazandırmışdı.
SSRİ-də diktaturanın baş qaldırdığı barədə xəbərdarlıq edib
Onun 1990-cı ilin dekabr ayında dramatik tərzdə istefası hətta prezident Qorbaçov üçün də gözlənilməz oldu. Sovet liderinin mühafizəkarlar qarşısından geri çəkilməyindən narahat olan Şevardnadze SSRİ-də diktaturanın baş qaldırdığı barədə xəbərdarlıq etmişdi. 8 ay sonra - 1991-ci ilin avqust ayında Şevardnadzenin proqnozunun doğru çıxdığı aydın oldu. Qəsd hazırlayanlara qarşı etiraz bildirmək üçün o, barrikadalarda Yeltsinlə birlikdə dayandı. Çevriliş cəhdi baş tutmadı və Şevardnadze yenidən, 1 ay müddətinə dağılmaqda olan Sovet İttifaqının xarici işlər naziri təyin olundu.
O dövrdə Şevardnadzenin doğma Gürcüstanı da parçalanma təhlükəsilə üzləşmişdi, respublika daxili münaqişələr içində çabalayırdı. Vətəndaş müharibəsi genişlənməkdə idi, ərzaq və yanacaq qıtlığı yaranmışdı. 1992-ci ilin mart ayında Gürcüstan prezidenti ölkədən qaçandan sonra Şevardnadze Tbilisiyə qayıtdı. O, Gürcüstanda qanlı vətəndaş müharibəsinə son qoymağa nail ola bildi, lakin ölkədə qeyri-sabit vəziyyət düzəlmədi.
“Mən gedirəm, lakin qan tökməyəcəyəm”
1995-ci ildə Şevardnadzeyə qarşı sui-qəsd cəhdi baş verdi, bundan sonra o, Gürcüstan prezidenti seçildi.
Davam edən separatçılıq problemindən başqa, o həm də, Bakıdakı neft yataqlarından iqtisadi cəhətdən həyati əhəmiyyətə malik neft boru kəmərinin Gürcüstandan keçərək çəkilməsinə görə qonşu ölkələrlə siyasi münaqişə ilə də üzləşdi.
Korrupsiya halları geniş yayıldığı dövrdə Şevardnadzenin ünvanına siyasi islahatları gücləndirmək və sürətləndirmək çağırışları xeyli artdı. 2003-cü ilin noyabr ayında Gürcüstanda keçirilmiş ziddiyyətli parlament seçkilərində qələbə çaldıqdan sonra Şevardnadze başlamış xalq inqilabı nəticəsində vəzifəsindən devrildi. Həmin hadisələr zamanı Gürcüstan parlamentinə daxil olmuş inqilabçılar Şevardnadzeni korrupsiyalaşmaqda və antidemokrata çevrilməkdə ittiham etdilər. Nəticədə Şevardnadze istefa verməli oldu.
“Qan tökülməsinin qarşısını almaq üçün mənim istefam yeganə çıxış yolu idi. Mən gedirəm, lakin qan tökməyəcəyəm” - deyə Şevardnadze sonradan demişdi.
Şevardnadzenin beynəlxalq nüfuzu onun Gürcüstana rəhbərliyini təmin etməklə yanaşı, onu yeni reallıqlarla da üz-üzə qoymuşdu. Nəticədə demokratiyanın inkişaf etdirilməsinin vacibliyini vurğulayan lider elə demokratlar tərəfindən də devrildi.
Ruslar onu SSRİ-nin dağılmasında günahkar bilir
Rusiyada ona qarşı münasibət birmənalı deyil. Məsələn, Dövlət Dumasının deputatı Konstantin Zatulin Şevardnadzeni sovet rəhbərliyində çalışan zaman çoxsaylı səhvlər buraxmaqda günahlandırır. Onu SSRİ-nin mövqelərinə zərbə vurduğunu, düşünülmüş formada onun məhvinə çalışdığını deyir. Sonralar Şevardnadze özü də etiraf edirdi ki, məqsədli şəkildə SSRİ-nin dağılmasına çalışıb. “Şəxsən mən buna inanmıram. O, “Ağ tülkü” ləqəbini elə-belə qazanmayıb. Külək hansı tərəfə əsərdisə, o tərəfə doğru da meyil edir, öz maraqlarından çıxış edirdi. Şevardandze bütün ömrü boyu oyun oynayıb və müəyyən vaxt ona lazım olmayan şəxsləri satmağı bacarırdı. O, tək Qorbaçovu satmayıb, çoxlarına qarşı da belə edib. Yeltsin onu mühasirədə olan Suxumidən çıxarsa da, bir dəfə də olsun ona, Rusiyaya təşəkkür etməyib. O hər zaman antirusiya meyilli siyasətçi olub. Məhz onun timsalında keçmiş kommunistlərin mövqelərinin necə dəyişməsini görmək mümkündür” - deyə deputat bildirib.
Şevardnadzedən tarixə düşən sözlər
Mərhum lider bir sıra ifadələri ilə da yadda qalmış olacaq. “Gürcüstan üçün günəş çoxdan şimaldan doğur”
“Mən hər zaman yenidənqurmanı dəstəkləmişəm və bütün ömrüm boyu da bunu edəcəyəm”
“Mən Amerika siyasətinin ən fəal tərəfdarlarından olmuşam. İraqa dəstək gərək olanda bunu etdim”
“Almaniyanın birləşdirilməsi mənim ən böyük uğurumdur və mənə dünya miqyasında nüfuz qazandırdı”
“Putin elə adamdır ki, onunla nəsə razılıq əldə etmək olar”
“Mən min dəfə Gürcüstan xalqı qarşısında Saakaşvilinin hakimiyyətə gəlməsinə görə üzr istəyirəm”
“Heydər Əliyev bugünkü Gürcüstan üçün həddən çox iş görüb”
Qeyd edək ki, Şevardnadzenin ümummilli lider Heydər Əliyevlə yaxın dostluğu olub. SSRİ-nin zamanından qurulan bu dostluq sonrakı dövrdə Azərbaycan və Gürcüstan arasında yaxınlığa da gətirib çıxardı. O, Heydər Əliyevlə bağlı xatirələrində deyirdi: “Onun haqqında danışacaqlarımdan böyük kitab yazmaq olar. Heydər Əliyevlə bizim münasibətlərimiz mən Moskvaya gələndən sonra da davam etdi, daha da dərinləşdi. Lakin Heydər Əliyev artıq Qorbaçovun rəhbərliyi altında əvvəlki kimi həvəslə işləmirdi. Onların arasında nə isə baş vermişdi, mən bunu dəqiq xatırlamıram və sözün düzü, Heydər Əliyevlə rəhbərlik arasında olan bu məsələylə maraqlanmırdım. Amma bir əməkdaş, Siyasi Büronun üzvü kimi o, böyük işlər görür və böyük məsələləri həll edirdi. Əsasən, Heydər Əliyev ərəb ölkələri və islam dünyası ilə münasibətləri kurasiya edirdi. Bütün bu işləri yüksək peşəkarlıqla yerinə yetirirdi. Günlərin bir günü o mənimlə görüşdü və dedi ki, Azərbaycana qayıtmalıyam. Soruşdum ki, axı nə baş verib? Cavabı belə oldu ki, vaxt gələr, deyərəm, indi vaxtı deyil. Və o öz vətəninə, Naxçıvana qayıtdı. Əvvəlcə bu muxtar vilayətin rəhbəri, sonra Milli Məclisin sədri oldu, ardınca da Azərbaycanın prezidenti seçildi”.
Kamran

banner

Oxşar Xəbərlər