• cümə, 29 Mart, 00:27
  • Baku Bakı 7°C

“Həmişə qocalmağı arzu etmişəm” - Müsahibə

03.08.18 17:03 3638
“Həmişə qocalmağı arzu etmişəm” - Müsahibə
"Mənim artıq 50 yaşım var. Az deyil, yarım əsrdir! Tanrıma şükürlər olsun ki, mənə bu ömrü yaşamağı nəsib etdi. Bundan sonrası da onun əlindədir. Önəmli olan, bu 50 ili azad bir insan kimi, bir çox hallarda yalqız xarakterlə yaşadım”. Bunu "etiraf” adı altında doğum günündə sosial şəbəkədə paylaşıb. Bu günü doğulduğu kənddə qeyd etmək arzusunda olsa da, alınmayıb. Amma yenə də adi gün kimi, təmtəraqsız keçirəcək. Söhbət tanınmış media eksperti Azər Həsrətdən gedir. Doğum günündə onunla söhbətləşdik.
- İqor Nikolayev tanınmış kino və teatr xadimi Arkadi Raykinin ad günündə belə bir mahnı oxuyurdu: "Ad günü kədərli bayramdır”. Bu fikrə münasibətiniz...
- Əslində, ad günü mənim üçün kədərli bayram deyil. Əksinə, həmişə doğum günümdə sevinmişəm ki, nə yaxşı bu bir ili arxada qoydum, əzizlərimin əhatəsində oldum, dövlətimə, millətimə fayda verməklə keçirdim. Ad günündə «bir yaş da qocaldım» deyənlər də var, amma mənim elə bir qayğım yoxdur.
- Yəni, qocalmaqdan qorxmursunuz?
- Əksinə, həmişə qocalmağı arzu etmişəm. Qocalmaq xoşbəxtlikdir. "Bir gün bu dünyada olmayacağam” deyə qorxum da yoxdur. Bəlli bir dövr ağlım özümdə, abrım üstümdə olsun, öz ayaqlarım üstündə yeriyə-yeriyə Allahın verdiyi ömrü yaşayım. Yaşlanarsam, bu, mənim üçün böyük xoşbəxtlik olacaq.
- "Etiraf”ınızda "önəmli olan bu 50 ili azad insan kimi, bir çox hallarda yalqız yaşadım” yazıbsınız. Bəlkə bu cümləni bir az açasınız.
- Məni yaxından tanıyanlar bilir ki, daxili azadlığımı qoruyan insanam. Bütün qərarlarım, həyatımda atdığım bütün addımlar şəxsi istəyimlə olub. Heç vaxt kimsənin istəyi, buyruğu, diktəsi ilə həyatımı qurmamışam. Digər məsələyə gəldikdə, mən xaraktercə yalqız insanam. Təkbaşına iş görəndə hədəflərimə daha tez çatıram, uğurlarım daha çox olur. Ona görə, bir çox işlərimi yalqız görməyə çalışıram. O baxımdan, ömrümün bu 50 ilinin nisbi olsa da, deyim, yarısı yalqızlıqda keçib. Yalqız verdiyim qərarlar, atdığım addımlar, qazandığım uğurlar, yaxud da uğursuzluqlarla.
- Sosial şəbəkələrdə aktivsiniz. Tez-tez doğma kəndiniz Dədəlidən şəkillər paylaşırsınız. Bu, nostaljidir, yenidən kəndə qayıtmaq istəyidir, ya nədir? Kənddə nə axtarırsınız?
- Düzdür, indi ailəlikcə Bakıda yaşayırıq, işimiz-gücümüz bura bağlıdır. Amma ilk fürsətdə köçüb kənddə yaşamaq istərdim. Şəhərə uyğunlaşa bilirəm, ancaq bütün hallarda, kənd adamıyam. Dünyanın bir çox ölkələrini gəzib-görmüş, müxtəlif mədəniyyətləri əxz etmiş adamam. Amma bütün bunlarla bərabər, özümü Dədəli kəndində görürəm. Əlimə balaca fürsət düşəndə oraya gedirəm. Orada rahatlıq tapıram. Düşünürəm ki, bir insan dövlətini, vətənini sevməyə öz evindən, yurdundan, kəndindən, başlamalıdır. Dədəlinin bir başqa özəlliyi var. Ora gedəndə mən çox zaman tək oluram, o yalqızlıq məsələsi... Özümlə baş-başa qalıram, qərar vermək, düşünmək imkanlarım daha çox olur.
- İndi siz ictimai işlərlə daha çox məşğul olursunuz, bu yaxınlara qədər təşkilat rəhbəri idiniz. Demək olar ki, aktiv jurnalistikadan uzaq düşübsünüz. Bəs, hansı məqamlarda əlinizə qələm alırsınız?
- Aprel ayında qeyri hökumət təşkilatında sədrlikdən uzaqlaşdım. QHT sektorunda fəal dönəmi arxada buraxmışam. Yeni planlarım, düşüncələrim var. Amma qələmi heç vaxt yerə qoymamışam. Hətta, Dədəlidə olanda belə, yazıram, müxtəlif hadisələrə münasibət bildirirəm. Xüsusilə, Azərbaycanın gündəmi ilə bağlı hadisələrə bu və ya digər şəkildə münasibətimi bölüşürəm. Çox zaman bu barədə yazaraq öz şəxsi saytımda yayımlayıram, yaxud müxtəlif media qurumları götürüb dərc edirlər. Eyni zamanda, sosial mediadan gen-bol istifadə edirəm. Zamanım olmayanda, qısa şəkildə "facebook” səhifəmdə münasibətimi yazıram. Hətta, bəzən müxbirlik də edirəm, xəbər də verirəm. Düzdür, buna çox vaxt olmur, amma hara gedib çıxsam da, özümü sıravi jurnalist kimi görürəm.
- QHT sektorundan niyə uzaqlaşdınız?
- Yaş artıq 50-yə çatıb və bunun 30 ilə yaxını QHT sektorunda keçib. Müxtəlif təşkilatların quruculuğunda iştirak etmişəm, rəhbəri olmuşam. Həmin təşkilatların rəhbərliyindən də həmişə könüllü istefa vermişəm, hörmətlə, izzətlə ayrılmışam. Arxada buraxdığım heç bir təşkilatla problemim yoxdur. Düşündüm ki, 30 ilə qədər bu işlə məşğul olmuşam, artıq müəyyən təcrübə toplamışam. Mənim siyasi iddialarım da var, dəfələrlə parlament üzvü olmağa cəhd etmişəm. Mümkün olsa, bu istiqamətdə davam etməyi düşünürəm. Bütün bunlarla bərabər, əsas amalım Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət göstərməkdir. Mənim həyatımda yeni bir dönəm başlayır. Bu mərhələnin dövlətimiz, dövlətçiliyimiz üçün daha da məhsuldar olması üçün çalışacağam.
- Ad gününüzü necə qeyd edəcəksiniz?
- Əslində, bunu gizlətmək fikrində idim. "Facebook”da ad günü tariximi də bağlamışdım, yaxınlarıma da heç kimə deməməyi tapşırmışdım. Sakit şəkildə Dədəlidə ailə içində qeyd edəcəkdim, amma işlər elə gətirdi ki, kəndə gedə bilmədim. Digər tərəfdən, zarafatyana olsa da deyim ki, adamın Əkbər Qoşalı kimi dostu olsa, belə şeyləri gizlətmək çətin olur. Dünəndən bir yazı yazıb, qəzetlərdə dərc olunub. Bundan sonra gizlətmək üçün heç bir imkanım qalmadı. Sosial şəbəkədə də ad günümü açıq etdim. Dünən və bu gün xeyli təbrik almışam. İnsanların belə diqqəti adamı sevindirir. Bu günlə bağlı elə bir planım yoxdur. Evdəkilər nəsə etməyə çalışırdılar, amma ailə içində də təntənəli qeyd etməyəcəyik. Mən sadə həyat keçirən insanam. Bu günü də adi gün kimi keçirməyi xoşlayıram.
- Hədiyyələri xoşlayırsınız, yoxsa söz dolu təbriklər sizin üçün daha qiymətlidir?
- Rəhmətlik anam deyərdi ki, kim mənə bir yumurta bağışlasa, elə bilərəm ki, bir dəvə verib. Hədiyyənin böyüyü-kiçiyi olmur. Biz indi virtual aləmdə yaşayırıq. O baxımdan, quru bir sözlə məni təbrik etmək yetərlidir. Bunu edən çoxsaylı insanlara təşəkkür edirəm. Kimdənsə maddi hədiyyə gözləmirəm. Ümumiyyətlə, xarakterimdə hədiyyə gözləmək kimi bir şey yoxdur.
- Həyat yoldaşınız təhsil eksperti, əməkdar müəllimdir. Təhsil ilə medianı bir araya gətirmək çətin deyil?
- Əksinə, ikimiz üçün də rahatdır. Bir-birimizi anlamaqda çətinlik çəkmirik. O, media, mən də təhsillə iç-içəyəm. Bir birimizi tamamlayırıq. Bir-birimizə dəstək oluruq. Biz qadınlarımızı mətbəx küncünə bağlamalı deyilik. Əksinə, onların cəmiyyət içində olmasını təmin etməliyik. Mən bunu etməyə çalışıram. Nə qədər nail olduğumu bilmirəm. Amma cəmiyyətin gözü tərəzidir.
- Başınıza köhnə kişilər kimi buxara papaq qoyursunuz. Bu, sizə kimdənsə yadigardır, yoxsa imic?
- Ümumiyyətlə, mən papaq sevənəm. Çünki kənddə böyümüşəm. Uşaq vaxtı biz papaqlı kişiləri görəndə özümüzü yığışdırırdıq, oturuşumuza-duruşumuza diqqət edirdik. Papağın bizim üzərimizdə mistik bir üstünlüyü var idi. Papaq qarşımızdakı insanın xarizmasını birə on artırırdı. Mən həm də xaricə səfərlərə tez-tez gedirəm. Hara getsəm, orada bir azərbaycanlı obrazı kimi özümü təqdim etməyə çalışıram. İnsanlar görsün ki, azərbaycanlı necə olur?! Davranışından tutmuş, insanlarla münasibətinə, geyiminə qədər. Papaq milli atributumuzdur. Papağımla bağlı da həmişə insanların xoş baxışlarını görmüşəm. Almaniyanın küçəsində Azər Həsrəti kim tanıyacaq ki? Amma onların gözünün qarşısında bir azərbaycanlı obrazı canlanır. Yaxınlaşıb azərbaycanlı olduğumu soruşublar, yaxud papağımla şəkil çəkdirmək istəyiblər. Qürur duymuşam ki, papağıma görə mənim azərbaycanlı olduğumu müəyyənləşdiriblər.
- "Etiraf”ınızda həm də "50 il ömrün yarısıdır” deyə yazıbsınız. Amma Ü.Hacıbəyovun Məşədi İbadının təbirincə desək, 50 yaşında insan min cavana dəyər.
- 50 yaş kimin üçünsə ömrün yarısıdır, bir başqası üçün tamamı, kimin üçünsə üçdə ikisi. Allahın hər kəsə yazdığı bir ömür var. Kilometrlərlə yolu piyada gedirəmsə, yeddinci mərtəbədə yaşayırıq, liftimiz xarab olanda ora birnəfəsə piyada çıxıramsa, gənclərlə bir arada gəzib, dolaşıb, oynaya bilirəmsə, düşünürəm ki, hələ potensialım çoxdur. Bütün bunlar əlavə stimul verir ki, hələ canımda can var, gücüm yerindədir, kifayət qədər böyük işlər görə bilərəm.
- Özünüzə nə arzulayırsınız?
- Təbriklərə görə hər kəsə təşəkkür edirəm. Mənim bunlarla bərabər, çox ülvi bir arzum var. Çox yaxın bir vaxtda gedək bu xoş sözləri, təbrikləri bir-birimizə Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda və s. torpaqlarımızda deyək. Azərbaycanın əsir torpaqlarını azadlığa qovuşduraq. Allah bunu bizə nəsib etsin, dövlətimizin əsgəri olaraq öndə getmək şərti ilə, belə bir arzu edirəm. Hər bir azərbaycanlının bir nömrəli arzusu bu olmalıdır. Şəxsimlə bağlı heç nə baş verməsə belə, millətimizin, dövlətimizin bu istəyi baş tutsa, dünyanın ən xoşbəxt adamı olacağam.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər