“Həmişə qocalmağı arzu etmişəm” - Müsahibə
"Mənim
artıq 50 yaşım var. Az deyil, yarım əsrdir! Tanrıma şükürlər olsun ki, mənə bu
ömrü yaşamağı nəsib etdi. Bundan sonrası da onun əlindədir. Önəmli olan, bu 50
ili azad bir insan kimi, bir çox hallarda yalqız xarakterlə yaşadım”. Bunu "etiraf” adı altında doğum günündə sosial şəbəkədə
paylaşıb. Bu günü doğulduğu kənddə qeyd etmək arzusunda olsa da, alınmayıb.
Amma yenə də adi gün kimi, təmtəraqsız keçirəcək. Söhbət tanınmış media
eksperti Azər Həsrətdən gedir. Doğum günündə onunla söhbətləşdik.
- İqor Nikolayev tanınmış kino və teatr xadimi
Arkadi Raykinin ad günündə belə bir mahnı oxuyurdu: "Ad günü kədərli
bayramdır”. Bu fikrə münasibətiniz... - Əslində, ad
günü mənim üçün kədərli bayram deyil. Əksinə, həmişə doğum günümdə sevinmişəm
ki, nə yaxşı bu bir ili arxada qoydum, əzizlərimin əhatəsində oldum, dövlətimə,
millətimə fayda verməklə keçirdim. Ad günündə «bir yaş da qocaldım» deyənlər də
var, amma mənim elə bir qayğım yoxdur.
- Yəni, qocalmaqdan qorxmursunuz? - Əksinə, həmişə
qocalmağı arzu etmişəm. Qocalmaq xoşbəxtlikdir. "Bir gün bu dünyada
olmayacağam” deyə qorxum da yoxdur. Bəlli bir dövr ağlım özümdə, abrım üstümdə
olsun, öz ayaqlarım üstündə yeriyə-yeriyə Allahın verdiyi ömrü yaşayım.
Yaşlanarsam, bu, mənim üçün böyük xoşbəxtlik olacaq.
- "Etiraf”ınızda "önəmli olan bu 50 ili azad insan
kimi, bir çox hallarda yalqız yaşadım” yazıbsınız. Bəlkə bu cümləni bir az
açasınız. - Məni yaxından
tanıyanlar bilir ki, daxili azadlığımı qoruyan insanam. Bütün qərarlarım, həyatımda
atdığım bütün addımlar şəxsi istəyimlə olub. Heç vaxt kimsənin istəyi, buyruğu,
diktəsi ilə həyatımı qurmamışam. Digər məsələyə gəldikdə, mən xaraktercə yalqız
insanam. Təkbaşına iş görəndə hədəflərimə daha tez çatıram, uğurlarım daha çox
olur. Ona görə, bir çox işlərimi yalqız görməyə çalışıram. O baxımdan, ömrümün
bu 50 ilinin nisbi olsa da, deyim, yarısı yalqızlıqda keçib. Yalqız verdiyim qərarlar,
atdığım addımlar, qazandığım uğurlar, yaxud da uğursuzluqlarla.
- Sosial şəbəkələrdə aktivsiniz. Tez-tez doğma kəndiniz
Dədəlidən şəkillər paylaşırsınız. Bu, nostaljidir, yenidən kəndə qayıtmaq istəyidir,
ya nədir? Kənddə nə axtarırsınız? - Düzdür, indi
ailəlikcə Bakıda yaşayırıq, işimiz-gücümüz bura bağlıdır. Amma ilk fürsətdə
köçüb kənddə yaşamaq istərdim. Şəhərə uyğunlaşa bilirəm, ancaq bütün hallarda,
kənd adamıyam. Dünyanın bir çox ölkələrini gəzib-görmüş, müxtəlif mədəniyyətləri
əxz etmiş adamam. Amma bütün bunlarla bərabər, özümü Dədəli kəndində görürəm. Əlimə
balaca fürsət düşəndə oraya gedirəm. Orada rahatlıq tapıram. Düşünürəm ki, bir
insan dövlətini, vətənini sevməyə öz evindən, yurdundan, kəndindən,
başlamalıdır. Dədəlinin bir başqa özəlliyi var. Ora gedəndə mən çox zaman tək
oluram, o yalqızlıq məsələsi... Özümlə baş-başa qalıram, qərar vermək, düşünmək
imkanlarım daha çox olur.
- İndi siz ictimai işlərlə daha çox məşğul
olursunuz, bu yaxınlara qədər təşkilat rəhbəri idiniz. Demək olar ki, aktiv
jurnalistikadan uzaq düşübsünüz. Bəs, hansı məqamlarda əlinizə qələm alırsınız? - Aprel ayında qeyri
hökumət təşkilatında sədrlikdən uzaqlaşdım. QHT sektorunda fəal dönəmi arxada
buraxmışam. Yeni planlarım, düşüncələrim var. Amma qələmi heç vaxt yerə
qoymamışam. Hətta, Dədəlidə olanda belə, yazıram, müxtəlif hadisələrə münasibət
bildirirəm. Xüsusilə, Azərbaycanın gündəmi ilə bağlı hadisələrə bu və ya digər
şəkildə münasibətimi bölüşürəm. Çox zaman bu barədə yazaraq öz şəxsi saytımda
yayımlayıram, yaxud müxtəlif media qurumları götürüb dərc edirlər. Eyni
zamanda, sosial mediadan gen-bol istifadə edirəm. Zamanım olmayanda, qısa şəkildə
"facebook” səhifəmdə münasibətimi yazıram. Hətta, bəzən müxbirlik də edirəm, xəbər
də verirəm. Düzdür, buna çox vaxt olmur, amma hara gedib çıxsam da, özümü
sıravi jurnalist kimi görürəm.
- QHT sektorundan niyə uzaqlaşdınız? - Yaş artıq 50-yə
çatıb və bunun 30 ilə yaxını QHT sektorunda keçib. Müxtəlif təşkilatların
quruculuğunda iştirak etmişəm, rəhbəri olmuşam. Həmin təşkilatların rəhbərliyindən
də həmişə könüllü istefa vermişəm, hörmətlə, izzətlə ayrılmışam. Arxada
buraxdığım heç bir təşkilatla problemim yoxdur. Düşündüm ki, 30 ilə qədər bu
işlə məşğul olmuşam, artıq müəyyən təcrübə toplamışam. Mənim siyasi iddialarım da var, dəfələrlə parlament üzvü olmağa cəhd
etmişəm. Mümkün olsa, bu istiqamətdə davam etməyi düşünürəm. Bütün bunlarla
bərabər, əsas amalım Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət göstərməkdir.
Mənim həyatımda yeni bir dönəm başlayır. Bu mərhələnin dövlətimiz, dövlətçiliyimiz
üçün daha da məhsuldar olması üçün çalışacağam.
- Ad gününüzü necə qeyd edəcəksiniz? - Əslində, bunu
gizlətmək fikrində idim. "Facebook”da ad günü tariximi də bağlamışdım,
yaxınlarıma da heç kimə deməməyi tapşırmışdım. Sakit şəkildə Dədəlidə ailə
içində qeyd edəcəkdim, amma işlər elə gətirdi ki, kəndə gedə bilmədim. Digər tərəfdən,
zarafatyana olsa da deyim ki, adamın Əkbər Qoşalı kimi dostu olsa, belə şeyləri
gizlətmək çətin olur. Dünəndən bir yazı yazıb, qəzetlərdə dərc olunub. Bundan
sonra gizlətmək üçün heç bir imkanım qalmadı. Sosial şəbəkədə də ad günümü açıq
etdim. Dünən və bu gün xeyli təbrik almışam. İnsanların belə diqqəti adamı
sevindirir. Bu günlə bağlı elə bir planım yoxdur. Evdəkilər nəsə etməyə
çalışırdılar, amma ailə içində də təntənəli qeyd etməyəcəyik. Mən sadə həyat
keçirən insanam. Bu günü də adi gün kimi keçirməyi xoşlayıram.
- Rəhmətlik anam
deyərdi ki, kim mənə bir yumurta bağışlasa, elə bilərəm ki, bir dəvə verib. Hədiyyənin
böyüyü-kiçiyi olmur. Biz indi virtual aləmdə yaşayırıq. O baxımdan, quru bir
sözlə məni təbrik etmək yetərlidir. Bunu edən çoxsaylı insanlara təşəkkür edirəm.
Kimdənsə maddi hədiyyə gözləmirəm. Ümumiyyətlə, xarakterimdə hədiyyə gözləmək
kimi bir şey yoxdur.
- Həyat yoldaşınız təhsil eksperti, əməkdar müəllimdir.
Təhsil ilə medianı bir araya gətirmək çətin deyil? - Əksinə, ikimiz
üçün də rahatdır. Bir-birimizi anlamaqda çətinlik çəkmirik. O, media, mən də təhsillə
iç-içəyəm. Bir birimizi tamamlayırıq. Bir-birimizə dəstək oluruq. Biz
qadınlarımızı mətbəx küncünə bağlamalı deyilik. Əksinə, onların cəmiyyət içində
olmasını təmin etməliyik. Mən bunu etməyə çalışıram. Nə qədər nail olduğumu
bilmirəm. Amma cəmiyyətin gözü tərəzidir.
- Başınıza köhnə kişilər kimi buxara papaq
qoyursunuz. Bu, sizə kimdənsə yadigardır, yoxsa imic? - Ümumiyyətlə, mən
papaq sevənəm. Çünki kənddə böyümüşəm. Uşaq vaxtı biz papaqlı kişiləri görəndə
özümüzü yığışdırırdıq, oturuşumuza-duruşumuza diqqət edirdik. Papağın bizim üzərimizdə
mistik bir üstünlüyü var idi. Papaq qarşımızdakı insanın xarizmasını birə on
artırırdı. Mən həm də xaricə səfərlərə tez-tez gedirəm. Hara getsəm, orada bir
azərbaycanlı obrazı kimi özümü təqdim etməyə çalışıram. İnsanlar görsün ki, azərbaycanlı
necə olur?! Davranışından tutmuş, insanlarla münasibətinə, geyiminə qədər.
Papaq milli atributumuzdur. Papağımla bağlı da həmişə insanların xoş
baxışlarını görmüşəm. Almaniyanın küçəsində Azər Həsrəti kim tanıyacaq ki? Amma
onların gözünün qarşısında bir azərbaycanlı obrazı canlanır. Yaxınlaşıb azərbaycanlı
olduğumu soruşublar, yaxud papağımla şəkil çəkdirmək istəyiblər. Qürur duymuşam
ki, papağıma görə mənim azərbaycanlı olduğumu müəyyənləşdiriblər.
- "Etiraf”ınızda həm də "50 il ömrün yarısıdır” deyə
yazıbsınız. Amma Ü.Hacıbəyovun Məşədi İbadının təbirincə desək, 50 yaşında
insan min cavana dəyər. - 50 yaş kimin üçünsə
ömrün yarısıdır, bir başqası üçün tamamı, kimin üçünsə üçdə ikisi. Allahın hər
kəsə yazdığı bir ömür var. Kilometrlərlə yolu piyada gedirəmsə, yeddinci mərtəbədə
yaşayırıq, liftimiz xarab olanda ora birnəfəsə piyada çıxıramsa, gənclərlə bir
arada gəzib, dolaşıb, oynaya bilirəmsə, düşünürəm ki, hələ potensialım çoxdur.
Bütün bunlar əlavə stimul verir ki, hələ canımda can var, gücüm yerindədir,
kifayət qədər böyük işlər görə bilərəm.
- Özünüzə nə arzulayırsınız? - Təbriklərə görə
hər kəsə təşəkkür edirəm. Mənim bunlarla bərabər, çox ülvi bir arzum var. Çox
yaxın bir vaxtda gedək bu xoş sözləri, təbrikləri bir-birimizə Şuşada, Laçında,
Kəlbəcərdə, Qubadlıda və s. torpaqlarımızda deyək. Azərbaycanın əsir
torpaqlarını azadlığa qovuşduraq. Allah bunu bizə nəsib etsin, dövlətimizin əsgəri
olaraq öndə getmək şərti ilə, belə bir arzu edirəm. Hər bir azərbaycanlının bir
nömrəli arzusu bu olmalıdır. Şəxsimlə bağlı heç nə baş verməsə belə, millətimizin,
dövlətimizin bu istəyi baş tutsa, dünyanın ən xoşbəxt adamı olacağam.
Aygün Asimqızı