• cümə, 29 Mart, 04:26
  • Baku Bakı 7°C

“Həmişə konsertlərimdən pul qazanmışam”

26.10.16 10:59 2766
“Həmişə konsertlərimdən pul qazanmışam”
Mayın 14-də Heydər Əliyev adına SaraydaƏməkdarartist, Opera və Balet Teatrının solistiGülüstan Əliyevanın"Ey vətən” adlı konsertinəzərdə tutulmuşdu. Ancaq aprel hadisələrinə görə ifaçı konsertini təxirə saldı.Oktyabrın 28-də Əməkdar artistin "Payız sevgisi” adlı konsert proqramı ilə çıxış edəcəyi xəbərini aldıq. İfaçı ilə görüşüb, konsert öncəki hazırlıqları barədə danışdıq.Müsahibimiz bizimlə söhbətində sözügedən konserti 20 illik fəaliyyətinin göstəricisi hesab etdi.
- İlk olaraq sizi təbrik edir, konsertinizin uğurlu keçməsini diləyirik.
- Diqqətiniz üçün təşəkkür edirəm. Mənim bütün layihələrimdə dəstəyinizi duyur və bunun üçün sizə minnətdarlığımı bildirirəm.
- Gülüstan xanım, tamaşaçıları bu konsertdə nələr gözləyir?
- "Payız sevgisi” adlanan konsertim 20 illik fəaliyyətimə həsr olunur. Bu konsertdə ansambl, estrada qrupu miks formada təşkil olunub. Konsertdə Əməkdar artist Ələkbər Ələkbərov, Vüqar Camalzadə, Kamran Kərimov, Çinarə Mütəllimovanın müşayiətini eşidəcəksiniz. Sözügedən konsertdə səhnədə iki həmkarım da çıxış edəcək ki, onların adlarını sirr olaraq saxlayıram. Hansı ki, onlar mənim hörmət etdiyim, sənətinə vurğun olduğum dostlarımdır.
- Bu konsert mayda nəzərdə tutduğunuz, ancaq təxirə düşən konsertdirmi?
- Bəli. Həmin konsertdir. Təəssüflər olsun ki, aprel döyüşlərində şəhidlərimiz. Mən şəhid olan övladlarımızın analarına başsağlığı verdim. Elə bir gündə mən o konserti verə bilməzdim. O zaman "Ey vətən” adlı konsertim şəhidlərin 40-ı gününə düşürdü. Çox heyf. Eybi yox, təki ölkəmizdə əmin-amanlıq, sülh olsun, biz də işğal olunmuş torpaqlarda konsert verək. O ki, qaldı sualınıza, biz həmin konserti yenidən bərpa etdik. Qismət bu günə imiş. Oktyabr ayı mənim səhnəyə gəlməyimin 20 ili tamam olur. İstədim ki, konsert proqramı ilə çıxış edim. O konsert üçün hazırladığım mahnıları burada ifa edəcəyəm.
- Çox zaman müğənnilər konsert verərkən bunu özünə hesabat kimi qiymətləndirirlər. Bəs siz necə?
- Mən də elə düşünürəm. Bu, bizim tamaşaçılar qarşısında növbəti hesabatımızdır. Konsert vermək o deməkdir ki, yaradıcılığımızda bu kimi yenilikləri etmişik. Yəni bu işi görməkdə məqsədimiz odur ki, gördüyümüz işləri bir neçə saatlıq tamaşaçılarımıza təqdim edək.
- İndi bizdə 3-4 günlük konsertlər daha çox dəb halını alıb. Nəyə görə siz də bu dəblə uyğunlaşmırsınız?
- Əvvəldən bir günlük konsert proqramı nəzərdə tutmuşuq. Düzdür, indi kassalara yaxınlaşıb, biletlərin qiymətlərini soruşurlar. Artıq biletlərin çoxu satılıb. Satışda bilet yoxdur. Düşünürəm ki, konsertdə həddən ziyadə tələbat olsa, onu 2-3 günlük edə bilərəm.
- Şou biznes əhli konsert verərkən zalı doldurmaq qorxusu ilə yaşayır. Siz də bu narahatlığı keçirirsinizmi?
- Bu, təbiidir. Konsert verən hər bir ifaçı meqastardan tutmuş ən kiçik ifaçıya qədər hamı narahatlıq keçirir. Düşünürlər ki, birdən istədiyimiz qədər tamaşaçı kütləsi toplaya bilmərik. Kim deyir ki, konsert öncəsi bu haqda düşünmür , deməli, yalan deyir. Azərbaycanda tamaşaçı kütləsi toplamaq, zal doldurmaq konsert verən üçün ən önəmli məsələlərdən biridir. Elə müğənnilər var ki, onların yaxşı prodüserləri, konsertlərinə dəstək olan sponsorları, konsertin keçirilməsi üçün maraqlı olan insanlar var. Onlar müğənnilər üçün konserti təşkil edirlər. Əslində bu işlərlə müğənni özü məşğul olmamalıdır. Bütün bu işləri təşkilatçılar həll etməlidir. Ancaq təəssüf ki, bizdə bu işlər çox zaman ifaçıların üzərinə düşür. Konsert vermək heç də asan məsələ deyil. Hər xırda məsələni belə özüm həll edirəm. Konsert üçün A-dan Z-yə, hər şeylə özüm məşğul oluram.
- Fiziki olaraq bunu necə çatdırırsınız?
- Çox yoruluram. Gecə-gündüz çalışıram. Dualar edirəm ki, Allahım mənə güc versin bu işi alnıaçıq şəkildə həll edim. Bu, mənim sayca altıncı konsertimdir. Hər zaman da konsertlərimin bütün məsələlərini özüm həll etmişəm.
- Bəs həyəcan necə, keçirirsinizmi?
- Əlbəttə. Konsertin hər xırda detalına qədər özüm məşğul olduğum üçün, hər şeydən arxayınam. Bilirəm ki, mən sağ tərəfdə ifa edəndə işıq necə hərəkət edəcək. Pərdə arxasında nələr olacaq. Səhnənin işığı tam olaraq haraya düşəcək.
- Adətən ifaçılarımız konsert verməkdən çəkinirlər. Bunu onunla əsaslandırırlar ki, konsertlərdən gəlir əldə etmək mümkün deyil. Bəs siz necə, bu konsertinizdən gəlir əldə etməyi düşünürsünüzmü?
- Mən hər zaman konsertlərimdən pul qazanmışam. Ancaq konsert verərkən düşünməmişəm ki, bu qədər əziyyətdən sonra filan qədər pul qazanacağam. Bu gün konsert keçirən ifaçı ziyana düşmürsə, bu, onun qazancıdır (gülür). İfaçı konsert sonrası xərclərini bağlaya bilirsə, bu, böyük şeydir. Əgər konsert bitdikdən sonra müğənni kassadan yığılan pulla musiqiçinin, səs rejissorunun, işıqçının, dekorçunun, səhnə ustalarının pulunu ödəyə bilirsə, bu, onun əldə etdiyi xeyridir. Konsertdən böyük miqdarda pul qazanmaq deyilən bir şey yoxdur. 3-4 gün konsert verirsənsə, onda nəsə əldə etmək olar. Ancaq birgünlük konsertdən yüksək gəlir əldə etmək çətin məsələdir. Kim deyirsə, birgünlük konsertdən yüksək gəlir əldə edirəm, yalan deyir.
- İfaçı üç günlük konsert verirsə yəqin ki, gün keçdikcə səsin keyfiyyəti də azalır.
- Biz çalışırıq ki, tamaşaçıya keyfiyyətli mahnı təqdim edək. Hər şeyi real danışmaq lazımdır. 3 saatlıq konsertdə ifa edib keyfiyyətsiz oxumaqdansa, bir saatlıq keyfiyyətli musiqi təqdim etmək daha yaxşıdır. Artıq üçüncü konsertdir ki, mən onu hissəli şəkildə təqdim edirəm. Çünki bütün dünyada konsert keçirmək üçün akademik bir saat var. Tamaşaçının beyni o qədər informasiyalarla doludur ki, onu yormaq düzgün deyil. Tamaşaçı konsertdə əyləşərkən bezməməlidir. Çox vaxtlar müxtəlif konsertlərdə iştirak edirəm və görürəm ki, ilk fasilədən sonra zalın yarısı boşalır. Tamaşaçı artıq yorulur. Ona görə də düşünürəm ki, saat yarımlıq konsert daha məqsədəuyğundur. Az olması məqsədəuyğundur ki, onun dadı tamaşaçının damağında qalsın.
- Bəs biletlərin qiyməti neçəyə olacaq?
- Biletlərin qiyməti 10 manatdan 80 manata qədərdir. Biz xərcləri nəzərə alaraq bu qiymətləri qoymuşuq. İstəyirəm ki, konsertimə hər kəs gəlsin. Məni sevən tamaşaçılara pulsuz biletlər paylamağı çox istərdim. Maddi tərəfləri düşünərək belə bir addım atmışıq.
- 10 manat ucuz deyilmi?
- Opera və Balet Teatrında müxtəlif yerlər var ki, onların da bəlli qiymətləri var. 10 manatlıq yeri 70 manata satmaq olmaz axı. Bu, çox gülünc olar. Hər yerin öz qiyməti var.
- Konsertdə nə kimi yeniliklər olacaq?
- İfaçının səhnəyə çıxması özü bir yenilikdir. İfaçı səhnəyə çıxmaqla tamaşaçıları ilə yenidən görüşür. Orada səslənən hər bir mahnı sənin siman və yeniliyindir. Bu konsertdə də yeni mahnılarım olacaq. Estrada, nostalji mahnılarım planlaşdırılır. Hansılar ki, o mahnılar məni çox məşhurlaşdırıb, tamaşaçılara sevdirib. Hərtərəfli bir konsert proqramı düşünmüşük. Hamının zövqünə uyğun repertuar hazırlamışıq.
- Adətən ifaçılarımız konsert verərkən daha böyük səhnələri kirayə edirlər. Bunun üçün də Heydər Əliyev sarayına üz tuturlar. Bəs siz nə üçün teatr səhnəsini üstün tutudunuz?
- Mən may ayındakı konsertimi Heydər Əliyev adına sarayda keçirməyi nəzərdə tutmuşdum. Artıq oranın kirayə pulunu da vermişdim. Reklamlarım da gedirdi, kifayət qədər xərc də çəkmişdim. Ancaq məlum hadisələrə görə məcbur oldum ki, həmin konserti dayandırım. Hər səhnənin özünəməxsus qiyməti var. Özünə arxayın olan müğənnin o yükü çiyninə götürürsə, demək ki, onu doldurmaq qabiliyyətinə malikdir.
- Konsertdən sonra albom çıxartdırmağı necə düşünürsünüzmü?
- Əslində, hələ ki, albom çıxarmağı düşünmürəm. Bu gün sosial şəbəkələr o qədər geniş yayılıb ki, albomlara heç ehtiyac duyulmur. Tanımadığınız adi bir ifaçı internet vasitəsi ilə elə məşhur olur ki... Onlara internet müğənnisi deyirəm. Hər yeni bir işini internetə yerləşdirən kimi o öz tamaşaçısını, dinləyicisini tapır. Düşünürəm ki, sosial şəbəkədə paylaşsaq, daha yaxşı olar. Çünki biz o albomlardan heç nə qazanmırıq. Bu iş plagiat oğrularının əlinə keçib. Onlarla mübarizə aparmaq da çox çətindir. Ona görə də çəkdiyin əziyyətə dəyməz. Gördüyün işi internetdə paylaşmaq daha məqsədəuyğundur.
- Adətən deyirlər ki, albom müğənninin şəxsiyyət vəsiqəsidir.
- Mənim 5 albomum var. Hələ disklərdə çıxan nömrələri demirəm. DVD, CD albomlar hazırlatdırmışam ki, onların heç birindən gəlir əldə etməmişəm. Əksinə, həmin albomları çıxarmaq üçün özümdən pul qoymuşam. Bu gün albom çıxarmaq mənasını itirib. Əgər albom pul gətirsə, əlbəttə, bizim də marağımız olar ki, mahnı oxuyub pul qazanaq. Pul olmayandan sonra bunun nə mənası var?
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər