• cümə, 26 Aprel, 20:17
  • Baku Bakı 22°C

Həmişə Azərbaycana gəlmək istəmişəm

12.06.13 08:33 1506
Həmişə Azərbaycana gəlmək istəmişəm
“British Council”-ın Azərbaycan üzrə yeni direktoru xanım Elizabet Uayt artıq bir aydır ki, Bakı ofisində fəaliyyətinə başlayıb. Azərbaycanda çalışmasından böyük məmnunluq duyan xanım Uayt “Kaspi”yə müsahibəsində Birləşmiş Krallıqla ölkəmiz arasında mədəniyyət və təhsil sahəsində tərəfdaşlığı inkişaf etdirmək üçün bir çox uğura imza atacağına əminliyini bildirib.
“Cimmi Bakıda”
- Burada işləmək təklifi gələndə Azərbaycan sizə çox uzaq görünmədi ki?
- Əslində, Azərbaycanda fəaliyyət göstərməyimi özüm istəmişəm və bunun üçün müraciət etmişəm. Demək olar ki, bunu uzun müddət arzulamışam. Həmişə Azərbaycana gəlmək istəmişəm və ümumiyyətlə, Qafqazla maraqlanan bir şəxs olmuşam. Buna qədər Azərbaycanın coğrafiyasını yaxşı bilirdim və bu regionu da çox yaxşı tanıyırdım. Mənim Azərbaycanla bağlarım 100 ilə yaxın bir tarixə malikdir. Öz babamı heç vaxt görməmişəm. O, kraliça Viktoriyanın zamanında anadan olub və anam hələ balaca olarkən dünyasını dəyişib. Bizim onun haqqında bildiklərimiz yalnız nənəmin otağındakı stolun üzərində olan fotoşəkil, mücrüdəki medal, bir neçə üzəri yazılı gümüş siqaret qutusu və babamın 20-ci əsrin əvvəllərində iş səfərlərində çəkilən balaca, dördkünc, ağ-qara şəkillərdən ibarət bir neçə albomdan ibarətdir. Fotoların əksəriyyəti tanımadığımız şəhərləri, dəmiryol stansiyalarını təsvir edir. Yalnız bir fotoşəkildə babamı aydın şəkildə görmək olur. Onun arxasında sakit dəniz və bir neçə gözəl bina görünür. Onun şkaf böyüklüyündə, dördkünc çiyinli xəz palto geyməsindən qış olduğu məlum olur. Palto yerə qədər uzanır. O, siqaret çəkir və üzündə təbəssüm var. Fotoşəklin aşağısında “Cimmi Bakıda” sözləri yazılıb. Həmin şəkil 1919-cu ildə çəkilmiş olmalıdır. Bu hadisədən bir əsr sonra mən həmin şəhərdəyəm – Bakıda. Mənim Azərbaycana səfərim babamdan fərqli ola bilər. Lakin onun kimi mənim də üzümdə təbəssüm var. Eyni zamanda, mən burada bir neçə günlük iş səfərində deyil, uzun müddət qalacağam. Mən inanıram ki, “Britişh Council” son 20 illik fəaliyyətim müddətində Azərbaycana gəlməyimə görə mənə çox yaxşı treninq keçib. Mən bundan əvvəl Qazaxıstandakı, eyni zamanda Rusiyadakı ofisə rəhbərlik etmişəm. Bundan başqa, əksər əhalisi müsəlman olan ölkələrdə, ərəb dünyasında fəaliyyət göstərmişəm. İnanıram ki, bu, mənə yerli mühiti öyrənməkdə kömək edəcək. Həqiqətən də inanıram ki, mən Azərbaycana, Azərbaycan da mənə uyğun olacaq və fəaliyyətimiz uğurlu şəkildə davam edəcək.
İnam, qarşılıqlı hörmət və anlaşma
- Böyük Britaniya dünyada təhsil sistemi ilə fərqlənir. Bu təhsil sistemində “British Council”in yerini necə müəyyənləşdirirsiniz?
- “British Council”un təhsil sahəsində özünəməxsus rolu vardır. Biz dünyanın 110-dan artıq ölkəsində fəaliyyət göstəririk. Prinsipial olaraq “British Council”in rolu insanlar arasında inamın, qarşılıqlı hörmətin və anlaşmanın təmin olunmasıdır. Biz çalışırıq ki, Böyük Britaniya ilə Azərbaycan arasında bu münasibətlərin yaranmasına və inkişaf etdirilməsinə öz töhfəmizi verək. Eyni zamanda, deyə bilərəm ki, biz Azərbaycanla Birləşmiş Krallıq arasında dostluq əlaqələri qururuq. Biz siyasi təşkilat deyilik, sadəcə, təhsil, ingilis dili, incəsənət və cəmiyyət sahəsində öz fəaliyyətimizi davam etdiririk.
- Dediniz ki, 110-dan çox ölkədə fəaliyyət göstərirsiniz. Sizcə, “British Council” öz gəlişi ilə həmin ölkələrə nə gətirə bildi
- Qeyd etdiyim kimi “British Council” inkişaf və humanitar təşkilat deyil, biz mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən bir qurumuq. Çalışdığımız ölkələrdə insanlar arasında olan münasibətlərdə qarşılıqlı anlaşma və inam üçün hansı sahələrdə daha çox xeyrimiz ola biləcəyini və insanlar üçün daha çox hansı sahələrdə mənfəət gətirə biləcəyini araşdırırıq. Biz həmin ölkələrdə yerli seqmentin yaranmasına xidmət edirik. Bu, müxtəlif sahələrdə ola bilər. Məsələn, Azərbaycanda teatr qrupları ilə əməkdaşlıq edirik. Biz İngiltərədə müəyyən teatr qrupları tapa bilərik ki, onlar Azərbaycan teatrı ilə qarşılıqlı əməkdaşlıq yaratsınlar və bunun qarşılığında Azərbaycan teatrı mənfəət alsın. Biz ölkələrin, insanların bir-birindən nəyi öyrənə biləcəkləri və bir-birini necə anlaya biləcəyi zəminində fəaliyyət göstəririk. Əsasən tərəfdaşlıqlar əsasında fəaliyyət göstəririk. Biz fiziki olaraq heç bir şeyi İngiltərədən Azərbaycana gətirmirik.
- “British Council”in Azərbaycandakı 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mənim fikrimcə, əgər bunu Azərbaycanda olan yerli əhalidən, bizim tərəfdaşlardan soruşsanız onlar daha dəqiq deyə bilərlər. Çünki mən təxminən bir aydır ki, Bakıya gəlmişəm. Amma bu bir ay ərzindəki müşahidələrim və görüşlərim əsasında deyə bilərəm ki, “British Council” Azərbaycanda son 20 illik fəaliyyəti müddətində keyfiyyət, inam, eyni zamanda, öhdəçilik və məqsədyönlü təşkilat kimi nüfuz qazanıb. Qarşıdan gələn müddətdə əsas məqsədimiz bu nüfuzu saxlamaq və daha da inkişaf etdirmək olacaq.
Xəbərləri güdün
- “British Council”un fəaliyyətinə toxunaq. Vaxtilə burada ingilis dili kursları fəaliyyət göstərirdi. Auditoriyanın həmin kurslara marağı da böyük idi. Ancaq sonradan nədənsə bu kurslar fəaliyyətini dayandırdı. Yenidən o kursların fəaliyyətə başlamasına imkan olacaqmı?
- Təbii ki, ingilis dili “British Council”un əsas məhsuludur. Bütün dünyada buna tələb var. Biz bu sahədə özümüzün yüksək keyfiyyətli kurslarımızla, müxtəlif materiallarımızla məşğuluq. Bilirik ki, Azərbaycanda da yüksək keyfiyyətli ingilis dili kurslarına böyük tələb var. Biz ümid edirik ki, ingilis dili kurslarımızı bərpa edəcəyik və bu sahədə çalışırıq. Amma olsun ki, bunu sizin auditoriyanız üçün bölüşməmiz çox erkəndir. Çünki nə vaxt və necə fəaliyyətə başlayacağımızı bilmirik. Amma bu sahədə fəaliyyətimizi davam etdiririk və ümid edirik ki, yeni və gözəl xəbərlərimizi tezliklə sizinlə bölüşəcəyik. Amma bizim bir çox on-line kurslarımız var ki, bir çox azərbaycanlı auditoriyası onlarla öyrənə bilər. Həmin on-line kurslar dil öyrənən şəxslər üçün pulsuz təşkil olunur. Bununla belə, siz xəbərləri güdün və bizdən məlumatları gözləyin.
- Əvvəllər sizdə məlumatları əldə etmək üçün “İnformasiya mərkəzi” də fəaliyyət göstərirdi. Onun yenidən fəaliyyəti üçün işıq ucu varmı?
- Biz bilirik ki, informasiya mərkəzinin olması bir çoxları üçün maraqlıdır. Lakin bildirmək istərdim ki, biz bununla maraqlanır və araşdırmamızı aparırıq. Ancaq hal-hazırda informasiya mərkəzinin bərpa olunub-olunmayacağını bilmirik. Ona görə də qabaqcadan bu barədə məlumat verə bilmərik.
- Bu yaxınlarda teatr layihəsi ilə həyata keçirdiniz. Teatr layihələrinin də davamı olacaqmı?
- Mədəniyyət və Turizm Nazirliyi ilə, eyni zamanda, teatrlarla bir sıra müzakirələrdən sonra belə qərara gəldik ki, Azərbaycan teatrı ilə İngiltərə teatrı arasında təcrübə mübadiləsi, eyni zamanda, treninqlərin təşkil edilməsi hansı sahələr üçün daha çox zəruridir. Biz auditoriyaların inkişaf etdirilməsi, eyni zamanda işıq dizaynı kimi sahələrdə layihələri dəstəkləyirik. Azərbaycan teatrları ilə tərəfdaşlığımız var və bu əlaqə 2 il müddətində davam edəcək.
- Siz keçən il jurnalistlər üçün layihələrə start verdiniz. Digər layihələrdə də jurnalistlərin iştirakını təmin etmək və onlar üçün yeni proyektlər həyata keçirmək fikriniz varmı?
- Əslində, jurnalistlər üçün iki layihəmiz var idi. Mən Azərbaycana ilk səfərimdən öncə ilk olaraq buradan olan 10 jurnalistlə görüşmüşdüm. Çox məmnunam ki, mənim özüm haqqında ilk təəssüratlarım məhz bu 10 gözəl mütəxəssislə görüşdən, nahardan sonra yarandı. Fikirləşirəm ki, layihələr çox uğurlu oldu. Məsələn, bizim “PaşaBank”la birlikdə “Biznes jurnalistikası” layihəmiz baş tutdu. Digər bir layihəmiz isə “AccessBank”la birlikdə tərəfdaşlığımız çərçivəsində gənc jurnalistlər üçün həyata keçirildi. Həmçinin İngiltərədəki partnyorumuz olan “Tomson Fondu” ilə müzakirələrdən bu nəticəyə gəldik ki, layihələr çox uğurla başa çatıb. Ümid edirik ki, bu layihələri, həmçinin jurnalistlər üçün digər layihələri davam etdirəcəyik.
- Yeni direktor həm də işdə yenilik deməkdir. Geniş mənada hansı dəyişiklikləri vəd edirsiniz?
- İngiltərədə belə bir atalar sözü var: «Yeni süpürgə yeni üsulla süpürür». Mən Azərbaycana işləməyə gələndə indiyə qədər görülən işləri tam dəyişmək fikrim yox idi. Fikrimcə, Azərbaycanda çox gözəl komandamız var və bir çox uğurlu layihələr həyata keçirilib. Fikirləşirəm ki, öz fəaliyyətim dövründə bu işlərin sayını daha da artıracaq, bir sıra tərəfdaşlıqlar quracaq, yeni portnyorluqlar əldə edəcək, Azərbaycan cəmiyyətinə öz töhfəmizi daha da artıracağıq. Mən Azərbaycanda olan komandamla birlikdə bu sahədə əlimdən gələnləri edəcəyəm. Bu il üçün bizim prioritetlərdən biri 20 illik yubileyimizin qeyd olunmasıdır. Biz bu yubileylə bağlı bir çox tədbirlər planlaşdırırıq.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər