AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Həmin testlər Azərbaycanda da tətbiq edilməlidir"

Müsahibə
13 May 2020, 15:33 544
"Son elmi tədqiqatlar onu göstərir ki, yaş qrupundan asılı olmayaraq, bütün insanlarda COVID-19 virus daşıyıcılığı xəstəliyin eyni günündə virus yükü və yoluxduruculuq qabiliyyəti baxımından hardasa eynidir. Bu da bu günə qədər, "uşaqlar virusa yoluxmur" yaxud "onlarda virus daha az olur" fikirlərinin yanlış olduğunu sübut edir”. Bunu Lent.az -a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. Onun sözlərinə görə, bir insanda koronavirus əlamətləri görünməyə başladısa, bu o deməkdir ki, həmin şəxs artıq iki gündür yoluxdurucudur və onun iki gün öncədən təmasda olduğu bütün şəxslərin karantinə alınması zəruridir. Bundan başqa, son elmi tədqiqatlar onu da sübut edir ki, məktəb yaşlı uşaqlar da daxil olmaqla, bütün yaş qrupundan olan xəstələrdə daşıdıqları virus yükü ikinci həftədən azalmağa başlayır.

- Bəzi ölkələr artıq viruslu xəstələrin rəsmi qeyd edildiyi zamandan əvvəl də koronavirusun yayılması haqqında rəsmi məlumatlar verir. Bu, həmin ölkələrin səhiyyəsi barədə neqativlikdən xəbər vermirmi?
- Belə rəsmi məlumatı verən ölkələrdən biri Fransa oldu. Ötən həftə bunu bildirdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyanat yaydı ki, ölkələr virusun rəsmən qeydə alındığı tarixdən əvvəlki bütün şübhəli xəstələrə nəzər salsın. Əslində, mən KİV vasitəsilə bu fikri Azərbaycanla bağlı artıq aprel ayının əvvəlləri səsləndirmişdim. Çünki əlimdə elmi əsasım var idi. Fikrimə zamanında reaksiya verilsəydi, bu gün Azərbaycan səhiyyəsindən bütün dünya danışardı, necə ki, indi Fransa barəsində pozitiv danışırlar. Sualınızın cavabına gəlincə, onu qeyd edim ki, belə hadisələri araşdırıb tapmaq, əksinə, həmin ölkənin səhiyyəsinin daha güclü olmasından xəbər verir və belə ölkələr də bilir ki, bununla dünya elminə nə qədər töhfə vermiş olub. Bu, həm də pandemiyanın nəinki ölkədaxili vəziyyətinin öyrənilməsinə, eləcə də bütün dünya ölkələrində hansı mərhələdə olması barədə fikirlər irəli sürməyə əsas verir. Azərbaycan bütün dünyaya müraciət edib, elmi əsasla sübut edə bilərdi ki, virus söylədiyiniz zamandan da öncədən yayılıb, diqqətli olun.

- Siz bunu Almaniyada yaşaya-yaşaya Azərbaycan haqqında demişdiniz. Bu fikrinizə ordakı azərbaycanlı həkimlərdən dəstək verən, yaxud qarşı çıxanlar oldumu? Bunun öncədən yayılmasını bilmək bizim ölkəyə nə verərdi?
- Fikrimi dəstəkləyən həmkarlarım çox oldu və hətta əksəriyyəti səmimi etiraf elədilər ki, virus haqqında yeni məlumatlar yayıldıqdan sonra onlar da həmin fikrə gəliblər. Hətta mənə təşəkkür də etdilər ki, bu fikri səsləndirdim. Anlaya bilmədiyim, bir qrup həkimin məsələyə fərqli yanaşması oldu. Onlar bunu çoxdan bildiklərini, sadəcə susub oturduqlarını bildirdilər. O həkimlərə cavabımda dedim ki, bunu bilib susmaq Azərbaycan xalqının sağlamlığına və dövlətin təhlükəsizliyinə həkim kimi biganə yanaşmaqla yanaşı, böyük bir cinayətdir. Bu, 10 milyon xalqın həyatına məsuliyyətsiz yanaşmaqdır, çünki o xalq öz həkimlərini həmişə yüksəkdə tutub. Bunun daha öncədən yayılmasını bimək mövzusuna gəlincə, onu deyim ki, əgər bu tarix bəlli olarsa, model əsasında Azərbaycan əhalisinin neçə faizinin artıq virusa yoluxduğunu dəqiq hesablamaq olar. Bununla da dövlət bundan sonrakı diqqətinin böyük hissəsini əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldər.

- Sizcə, bundan sonra hansı addımlar atılmalıdır?
- Koronavirusla bağlı açıqlanan statistikalar hamısı nisbi xarakter daşıyır. Yəni, bu o deməkdir ki, nə qədər çox test etsəniz, o qədər də çox yoluxma ola bilər. Ona görə də sayın artıb-azalması da nisbidir. Bu səbəbdən, sadəcə açıqlanan statistikaya görə sağalma sayına münasibət bildirmək o qədər düzgün deyil. Atılmalı olan addım əhalidə COVID-19-a qarşı immunitetin olub-olmasını yoxlamaqdır. Bununla da əhalinin artıq neçə faizinin dəqiq yoluxmasını bilmək olar. Bunu yoxlamaq üçün isə artıq dünyada tətbiq olunan müxtəlif test və seroloji müayinələri Azərbaycanda da tətbiq etmək vacibdir. Bu testlərin tətbiqinə virusun rəsmi qeydə alındığı zamandan 2-3 ay öncə ağır qripə bənzər simptomlar keçirən şübhəli xəstələrdə başlamaq daha düzgündür. Əhalinin böyük əksəriyyəti artıq bu xəstəliyi keçirib və onlarda immunitet formalaşması ehtimal olunandır. Çünki bu gün onlardan tələb olunan gigiyenik normalara əməl etməmələri ölüm və yoluxma saylarını kəskin çoxaltmır.