• şənbə, 20 Aprel, 06:24
  • Baku Bakı 14°C

“Həmin günü heç vaxt unutmayacağam”

23.06.15 12:18 2521
“Həmin günü heç vaxt unutmayacağam”
Natiq Şirinov: “Nağaranın arxasında oturub ritmi saymağın özü də bir idmandır”

İyunun 12-də ölkəmiz Birinci Avropa Oyunlarının açılış mərasimini möhtəşəm şəkildə qeyd etdi. Xarici ve yerli izləyicilərə unudulmaz anlar yaşadan o mərasimdə ilk olaraq çıxış edən xalq artisti Alim Qasımovun ifasından sonra “Natiq” ritm qrupunun çıxışı oldu. Onların bu şousu açılış mərasiminə xüsusi bir gözəllik qatdı. Açılış mərasimindən sonra ilk dəfə müsahibə verən qrupun başçısı, əməkdar artist Natiq Şirinov həmin anları bizimlə bölüşdü.
Bir çox musiqi mükafatlarına layiq görülən, xarici ölkələrdə Azərbaycanı uğurla təmsil edən N.Şirinov açılış mərasimində yaşananlardan və uzun müddətdir ki, hazırlaşdıqları konsert proqramından danışdı.
- Natiq bəy, ölkəmizin ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarının açılış mərasimində sizin performansınızı izlədik. Həmin anlar hər bir Azərbaycan vətəndaşı üçün qürurverici idi. Maraqlıdır, bəs siz həmin an hansı hissləri keçirirdiniz?

- İlk olaraq onu qeyd etmək istərdim ki, Birinci Avropa Oyunlarının məhz bizim vətənimizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı üçün sevindirci haldır. Əslində belə böyük yarışları keçirmək çox çətin və məsuliyyətli bir işdir. Bu, Azərbaycan tarixində bəlkə də ən önəmli hadisələrdən biridir. O böyük arenadakı çıxışımıza gəlincə isə, bu bizim üçün qürurverici hissdir. Bundan başqa, 50 nəfər heyətlə “Yallı”nn məşqini etdik. 50 nağaranın ritmik sədaları altında 24-dən sıfra qədər geriyəsayım başladı ki, bu da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilinin göstəricisi idi. O möhtəşəm səhnədə ifa etmək üçün 3 ay davamlı olaraq məşqlər etdik. Bir sıra studiyalarda işlədik. Bu 3 ayda çox gərgin iş rejimi ilə işlədik. Avropa Oyunlarının açılış məsrasimində çıxış etmək bizim üçün yaddaqalan günlərdən oldu. Çünki bu hər adama qismət olmur. Səhnədə həm çox sevinirdik, ölkəmizlə qürur duyurduq, həm də həddindən artıq həyəcan hissləri keçirirdik. Ona görə özümüzü xoşbəxt hiss edirdik ki, muğam sənətinin dahi sənətkarı olan xalq artisti Alim Qasımovdan sonra açılış mərasimi bizə həvalə olunmuşdu. Həyatda ən gözəl günlərimdən biri idi. Həmin günü heç zaman unutmayacağam.
- Əlbəttə undulmazıdır. Böyük arena, milli nağaramız və siz...

- Bəli. O anları sözlə ifadə etmək mümkün deyil. Biz də digər vətəndaşlarımız kimi həyəcan hissi keçirirdik. Çünki bizi nəinki xalqımız, dünyanın müxtəlif ölkələrindən milyonlarla insan izləyrdi. Əgər həmin an cüzi səhvimiz olsaydı, bizim üçün bu, pis göstərici olardı. Ona görə də hər ritmdən dəqiqliklə istifadə edirdik. Allaha şükürlər olsun ki, o anlar xətasız-bəlasız bitdi.
- Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etdikdə muğamımızla yanaşı, ağıla ilk gələn nağaramız və onun timsalında “Natiq” ritm qrupu olur. Sizcə, bu, Azərbaycan nağarasının həm də dünyaya təbliğidirmi?

- Əlbəttə ki, böyük arenalarda Azərbaycan nağarasının səslənməsi onun təbliği, ölkəmizin belə milli sərvətə malik olmasının bir göstəricisidir. Necə ki ermənilər balabanımızın adını dəyişib, dünyaya öz musiqi alətləti kimi təbliğ edirlər, nağaranı öz adlarına çıxarmamaları üçün dünyanın Azərbaycan nağarasını tanıması üçün bu çox gözəl fürsətdir. “Natiq” ritm qrupu adından bizim üçün də sevindirici haldır ki, belə önəmli tədbirlərdə nağaramızın səsini bütün dünyaya eşitdiririk. Biz milli musiqi alətlərimizlə fəxr edirik və bununla yanaşı, onların dünyada təbliğini özümüzə borc bilirik. Bizim balalarımız Azərbaycanın milli səvəti olan nağaranı tanımalı, onu özlərindən sonra gələn nəslə ötürməlidirlər. Bunun üçün dövlətimiz əlindən gələni edir. Göstərdikləri bu diqqətə görə ilk növbədə mən dövlət başçımız cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Belə möhtəşəm tədbirlərin ölkəmizdə keçirilməsi məhz onların sayəsindədir. Əgər onların dəstəyi olmasaydı, mənim kimi min Natiq olsa da, təbii ki, milli alətimiz olan nağaramız beynəlxalq arenaya çıxmazdı. Nağaranı dünyaya təbliğ etməkdə onların böyük rolu var. Biz də sizə və sizin timsalınızda əziyyətimizi qiymətləndirən, onu işıqlandıran, xalqımıza çatdıran mətbuat nümayəndələrinə öz minnətdarlığımızı bildiririk. Bizim gördüyümüz işlər o qədər də böyük deyil. Ümid edirəm ki, ev sahibliyi etdiyimiz Avropa Oyunları bizə daha böyük uğurlar gətirəcək. Artıq oyunların bir hissəsi geridə qalıb. İdmançılarımız da böyük şücaətlər göstərirlər. Onların qələbələrinə biz də çox sevinirik. Arzu edirəm ki, bizim də nağarada ifamız hər zaman böyük tədbirlərimizdə səslənsin. Nağaramızın səsi işğal olunmuş torpaqlarımızdan, Şuşadan, Qarabağdan gəlsin. Orada da belə möhtəşəm yarışlara ev sahibliyi edək.
- Natiq bəy, hər hansı idman növünə marğınız varmı? Asudə vaxtlarınızda hansı idman növü ilə məşğul olursunuz?

- İdman sağlamlıq deməkdir. Bütün idman növlərini sevirəm. İnanmıram ki, hansısa bir insan idmanı sevməsin. Mənim işim elədir ki, onun bir qolu idmana gedib çıxır. Nağarada ifa etmək, ritm tutmaq insandan hərəkət, fiziki güc tələb edir. Necə ki idmançılar gecə-gündüz məşq edir, yeni nələrsə tapmağa çalışırlar, biz də hər gün fiziki cəhətdən iş görürük. Nağaranın arxasında oturub ritmi saymağın özü də bir idmandır.
- Qeyd etdiniz ki, gününüz məşqlərdə keçir. Bəs Avropa Oyunlarını izləmək şansınız olurmu?

- Sözün düzünü desəm, Avropa Oyunlarını evə gələndə xəbərlər vasitəsilə izəyirəm. Bütün günü məşqlərdə oluruq. Qarşıdan gələn yeni konsertlərimiz və proyektlərimiz üçün çalışırıq. Onlarla məşğul olduğumuza görə vaxtımız qalmır. Ancaq bilirəm ki, 14 qızıl medal qazanmışıq, Azərbaycan ikinci yerdədir. Bundan başqa, çox sayda gümüş, bürünc medallarımız var. İnanıram ki, bundan sonra keçirilən yarışlarda qızıl medallarımızın sayı artacaq. Ümumiyyətlə, idmançılarımızın zəfər xəbərlərini eşidtdikcə çox sevinirik. Nəinki idmançılarımızın, ölkəmizin hər bir uğuruna Azərbaycan vətəndaşı kimi çox sevinirik.
- Avropa Oyunlarının bağlanış mərasimində necə, sizi görə biləcəyikmi?

- Təəssüflər olsun ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində biz olmayacağıq. Oyunların bağlanış mərasimi tamam başqa formatda hazırlanıb. Digər tərəfdən, biz qarşıdan gələn konsert proqramımıza hazırlaşırıq. Onun üçün vaxt problemimiz var. Oyunların təşkilatçıları bizə sonradan bildirdilər ki, ifamızı yenidən həmin proqrama salmaq istəyirlər. Amma az öncə də qeyd etdiyim kimi, məşqlərimizlə üst-üstə düşdüyü üçün bizim iş qarfikimizlə məşq etmək alınmır. Buna baxmayaraq, inanıram ki, Birinci Avropa Oyunlarının açılışı kimi bağlanışı da möhtəşəm olacaq.
- Qeyd etdiniz ki, yeni kosnert proqramına hazırlaşırsınız. İstərdik bu barədə bir qədər məlumat verəsiniz.

- Qismət olsa, konsert vermək niyyətindəyik. Ən böyük arzum odur ki, beynəlxalq ritm festivalı keçirim. Bilirmirəm, bu arzum necə reallaşacaq. Çox istərdim ki, bu arzumu həyata keçirim. Əslində, bu mənim çoxdankı arzumdur. Uzun müddətdir ki, məhz bu festival üçün çalışırıq.
- Ritmi tuta bilmək lap qədimlərdən qalma bir bacarıqdır. İbtidai insanlar da öz hisslərini ritmlə ifadə ediblər. Həm də hər dövrün, hər zəmanənin bir ritmi var. Siz bu zəmanənin ritmini tutmusunuzmu?

- Tərif kimi çıxmasın, tutmasaydım, yəqin bu qədər ucalmazdım, tanınmazdım. Allah tərəfindən seçilmiş insanlar var. Yəqin mənim də payıma nağara düşüb. Belə dərk edirəm. Hamının ritmi var, amma hamı ritmi dərk edə bilməz. Çox cətindir. Bir var hər kəsin sevdiyi ritm, bir də var ümumən ritmin elmi. Fəlsəfi və bəşəri ritmlər var. Ona görə, o, hamı tərəfindən eyni cür qəbul edilə bilməz. Zərb alətinin ritmini hamı eşidir, amma onu qəbul edib-etməmək hamı üçün deyil. Musiqiçilərə sual versəniz ki ritm nədir, çox az müğənni bilər. O da elmi səviyyədə yox. Ona görə deyirlər ki, hər oxuyan Molla Pənah ola bilməz. O da bizə Allahdan bir işarədir ki, hər kəs hər şeyi bilməməlidir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər