AZE | RUS | ENG |


Həm ziyarət, həm ticarət - Reportaj

Həm ziyarət, həm ticarət - Reportaj
“Soyuq əllər - isti ürək” xeyriyyə yarmarkasından reportaj

Dekabrın 3-də paytaxtın Fəvvarələr meydanında "Nargis Fund”un rəhbərliyi və "Amapola Exclusive Events”in təşkilati dəstəyi ilə növbəti "Soyuq əllər - isti ürək” xeyriyyə yarmarkası açılıb. Biz də gənclərin daha çox şəkil paylaşdığı həmin yarmarkaya getmək qərarına gəldik. Həmkarım Aygün Asimqızı ilə həm maraqlı vaxt keçirmək, həm də oradakı vəziyyətdən xəbərdar olmaq istədik.
Bizi yarmarkanın girişində "Amapola Exclusive Events” şirkətinin koordinasiya üzrə layihə rəhbəri Lalə Səfərəliyeva qarşıladı və layihə haqqında geniş məlumatlar verdi: "Gördüyünüz bu maraqlı dekor işləri, hazırlanan evlər bizə məxsusdur. Təşkilatçılarla və iştirakçılarla işləyirik. Hər şənbə-bazar günləri yarmarkanın səhnəsində konsert proqramları olur. Burada şou-biznes nümayəndələri çıxış edirlər. Həftədə 3 dəfə uşaq evlərindən və internatlardan uşaqlar qəbul edirik. Buraya 30-50 arası uşaqlar gəlir. Yarmarkada uşaq şou proqramları keçirilir, pulsuz atraksionlardan istifadə edirlər. Onlar üçün bayram naharı verilir. Üzlərinə "face start” edirik. Uşaqlara bayram sovqatları paylanır”.
L.Səfərəliyeva vətəndaşlar tərəfindən yarmarkaya böyük marağın olduğunu qeyd etdi: "İl ötdükcə yarmarkamız daha da inkişaf edir. Bu il yarmarkada bir çox restoranlar və kafelər fəaliyyətə başlayıb. Biz bu şirkətləri tapıb, onları bu yarmarkaya cəlb etmişik. Burdan yığılan vəsait xəstə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunur”.
Yarmarkaya daxil olar-olmaz, girəcəkdə məlumat bölməsi ilə rastlaşdıq. Orada vətəndaşlara yarmarkada konsertin nə zaman başlayacağı, bu yarmarkanın nə ilə bağlı olduğu barədə informasiya verilir. Bildirdilər ki, yarmarkaya gələn vətəndaşlar daha çox "fast food” yeməklərinə müraciət edirlər və vaflinin, dondurmanın, "xırt-xırtlı” çipsinin harada olduğunu soruşurlar. Bəziləri isə bu yarmarkanın nə ilə əlaqədar olduğu ilə maraqlanır.
 
İki hissəyə ayrılan şirin evlər...
Fəvvarələr meydanındakı kiçik taxta evlərdə Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat, bir sözlə, nə istəsəniz tapmaq mümkündür. Yarmarkada daxil olduğumuz ilk ev uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş "Megafun” idi. Bütün atraksionların qiyməti bir manatdır. Bu evdə vətəndaşlara xidmət edən Rauf Vahabov deyir ki, yarmarka açılan gündən bura saysız uşaqlar gəlir: "Atraksionlarımız 1 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub. Burada müxtəlif atraksionlar olsa da, uşaqlar daha çox maşınlara meyil göstərirlər”.
 
Hər kəsin gözü dönər axtarır
Burada insanların diqqətini əsasən yerli və dünya mətbəxindən olan "Fast food”-lar çəkir. Gənclər daha çox dönərlərə üstünlük verir. "Eat me” (Ye məni) adlanan dönər evinin dönərçisi Fətullayev Orxan deyir ki, yarmarkaya gələn hər bir şəxsin gözü ilk növbədə dönər axtarır: "Müştərilərimiz daha çox ət dönərinə üstünlük verirlər. Həftəsonu isə müştəri əlindən tərpənmək mümkün olmur. Qiymətlər də şəhərdəkindən 20-30 qəpik fərqlidir. Çünki bura mərkəzdir, mərkəzdə hər şey bahadır. Dönəri alan hər bir müştəri üçün isti otaqda oturmaq şəraitimiz də var. Bizim üçün əsas məsələ müştərilərə yaxşı qulluq, təmizliyə riayət etməkdir”.
Qiymətlər isə "Eat me”-də fərqlidir. Belə ki, ət dönəri, kotlet-çörək və sendviçin hər biri 2 manat 50 qəpik, ayran 50 qəpik, soyuq içkilər 1manat, kofe 1 manat, çay isə 50 qəpikdir.
Yarmarkada digər yeməklərin də dadına baxmaq mümkündür. Məsələn, düşbərə 2 manat 50 qəpik, toyuq kababı 3 manata təklif olunur, burgerlər 3manatdan,  pizzalar isə 7 manatdan başlayır. 
 
Gənclərin selfi sevdası
Yarmarkada Yeni ilə aid atributlarla bəzədilmiş stendin olduğunu görüb şəkil çəkdirmək istədik. Bu zaman bir fotoqraf bizə yaxınlaşıb, şəkil çəkdirməyin ödənişli olduğunu bildirdi. Bəzəkli evdə şəkil çəkdirmək üçün 1 manatınızdan  keçməli olacaqsınız.
Müşahidələrimiz zamanı gördük ki, gənclər bura daha çox selfi çəkdirmək üçün gəlirlər. Yemək almaq üçün növbədə duran kim, dostları ilə gəlib burada şəkil çəkdirən kim... Bəziləri yedikləri yeməkdən içdikləri çaya qədər hər şeyin şəklini çəkirdilər. Orta yaşlı nəslin nümayəndələri isə buraya daha çox çay içməyə gəlirlər. Yarmarkaboyu düzülmüş stullarda hər kəsin əyləşmək imkanı var.
Burada gənclərin və uşaqların əylənməsi üçün hər bir imkan və şərait yaradılıb. O cümlədən, "Formula-1” yarışları üçün pulsuz olaraq "Virtual reallıq” maşını var. Gənclərin diqqətini cəlb edən yerlərdən biri də atıcılıq mərkəzidid. Beş atış 2, 10 atış isə 4 manatadır.
 
Populyar "xırt-xırtlı” çipsilər
Son dönəmlər gənclər arasında "xırt-xırtlı” kartof çipsiləri geniş yayılıb. Bu yarmarkaya gələn hər bir gənc bu kartofların harada satıldığı ilə maraqlanır. Biz də həmin gənclərdənik. Bu çipsilərə müraciətin daha çox olduğunu müşahidə etdik. Qərara gəldik ki, yolka kimi fırlanan çipsilərin hazırlanma prosesinə baxaq. Xaricdən gətirilən aparat vasitəsi ilə kartof fərqli görkəm alır və üzərinə müxtəlif ədvalar vurulur. Yağda qızardılır. Şirkətin rəhbəri Əlizadə Mahir deyir ki, bu yeni nəslin yeni dadıdır: "Gördüyünüz kimi, tələbat da çoxdur. Mətbəxdə ən çox istifadə olunan tərəvəz kartofdur. Biz kartofu hər cür yemişik. Demək olar ki, kartof hər yemək növündə var. Ancaq onu qeyri-adi şəkildə yeyəndə dadı başqa olur. Bu çipsilərin qiyməti 2 manatdır”. 
Yarmarkada müxtəlif insanlara rast gəlmək mümkündür. Hətta əlimizdə fotoaparatı görən bəzi turistlər və yerli sakinlər şəkil çəkdirir, xahiş edirdilər ki, çəkilən şəkilləri onlara da göndərək. Xarici vətəndaş olan İosi Sultanov bizdən onun tək şəklini çəkməyimizi, xatirə üçün ona göndərməyimizi istədi. Onun elektron poçt ünvanını qeyd edib, şəkli göndərəcəyimizə söz verdik.
Onu da qeyd edək ki, insanlar pavilyonda hər gün saat 12-dən axşam saatlarınadək səsləndirilən Yeni il hitlərini dinləyib, əyləncələrə qoşula bilərlər. Artıq 4-cü ildir təşkil olunan yarmarkaya paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da böyük maraq göstərir. Bu il iştirakçı şirkətlərin sayının artdığı və yarmarkanın ərazisinin genişləndiyi gözümüzdən yayınmadı.
"Soyuq əllər - isti ürək” xeyriyyə yarmarkasında könüllülər də fəaliyyət göstərir. Qonaqlara 30-dək gənc bələdçilik edir. Yarmarka 2017-ci il yanvarın 15-dək davam edəcək. 
 
Xəyalə Rəis

Fotolar Aygün Asimqızınındır

 









Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7071
GBP 1 İngilis funt sterlinqi 2.2356
TRY 1 Türk lirəsi 0.4823
KWD 1 Küveyt dinarı 5.6352
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 1.9984
CHF 1 İsveçrə frankı 1.7899
USD 1 ABŞ dolları 1.7010