• çərşənbə axşamı, 19 mart, 08:05
  • Baku Bakı 8°C

Həm öyrənirlər, həm əylənirlər... - Reportaj

27.10.17 10:00 7940
Həm öyrənirlər, həm əylənirlər... - Reportaj
"Sən "Altı qəhrəman”a baxmısan? O gün atam işdən tez gəldi, biz bir yerdə izlədik”, "Mənim təzə ayaqqabılarım var, görmüsən? Çəhrayı rəngdədir”, "Rüqəyya, söhbət etmə, toxu, işimiz tez bitsə, "teatr-teatr” da oynayacağıq”, "Bu gün biz anamla teatra gedəcəyik, bəs siz gələcəksiz?” Bu fikirlərin sahibləri balacalar, onları bir araya gətirən isə "Kilimçi”dir.

"Kilimçi” haqqında müsahiblərimdən biri mənə danışmışdı, öz övladını ora apardığını, çox maraqlı yer olduğunu demişdi. Biz də ora baş çəkib, "Kilimçi” sizinlə tanış etmək qərarına gəldik. Layihənin yaradıcısı Əzizə Mustafazadə ilə saxlayıb, dərslərində iştirak etmək istəyimizi bildirdik və təklifimiz çox xoş qarşılandı. Və getdik... Biz ora çatanda dərsin başlamasından yarım saat keçirdi, uşaqlar artıq tapşırıqlarını götürüb işə başlamışdılar. Ab-hava o qədər maraqlı idi ki, dərsi, ən əsası uşaqların söhbətini bölməyi heç istəməzdik, bunu etmədik də, sadəcə izlədik...

Fərqli dizayn, rəngarəng iplər, musiqi...

Biz iştirak etdiyimiz dərsdə 5 nəfər uşaq varıydı, bir-birindən nəsə soruşurdular, kömək edirdilər, rəng seçimində digərlərinin fikrini öyrənirdilər. Arada "Əzizə, mənə bax” deyib, müəllimlərini yardıma da çağırırdılar. Hətta söhbətlərdən onu da öyrəndik ki, onlar toxuduqlarını əsasən hədiyyə verirlər, nənələrinə, dayılarına, ana-atalarına və s...

Bir az da otağın dizaynından danışaq, çünki uşaqların sevə-sevə gəldikləri bu yerdə həm də onların gözünə xoş gələn bir dekorasiya qurulub. Dekorasiya deyəndə, hansısa bir böyük işlər aparıldığını, dəbdəbəli nəsə ortaya qoyulduğunu demək olmaz, amma gözə xoş gələn bir otaqdır. Otaq rəngli işıqlar, iplərin fərqli dizaynı, divarlarda da uşaqların diqqətini çəkəcək formada iplər, uşaqların əl işləri ilə daha gözəl görünür. Balaca, amma çox doğma bir otaqdır... Musiqi də öz yerində...

"Qalanını gələn dərs toxuyacam”

Bir saat yarımlıq dərsdən sonra artıq uşaqlar öyrənmək yox, əylənmək istədiklərini bildirirlər, çünki hamısı "teatr-teatr” oynamağı səbirsizliklə gözləyir. Və başlayırlar hazırlıqlara... Bu arada biz də uşaqlarla söhbətləşirik.

Qrupun ən dəcəli, bir yerdə qərar tutmayanı, 5 dəqiqə toxuyandan sonra "Müəllim başım partlayır” deyib, oynamaq həvəsinə düşən Rüqəyya Nağıyeva olduğunu müşahidə etdik. Müəllimi bildirdi ki, balacalar arasında ilk kilim toxuyan uşaq məhz Rüqəyyadır. Balaca kilimçi deyir ki, indi kəpənək kompozisiyası toxuyur, hazır olan kimi bibisinə hədiyyə verəcək: "Nənəmə və o biri bibimə toxuduğumu hədiyyə etmişəm. Bunu da hədiyyə edəcəm. İndi bir az toxudum, qalanını gələn dərs toxuyacam”.

Zəhra Rzanın 5 yaşı var. Deyir ki, toxumağa həvəsi var, həm də kurs da xoşuna gəlir: "İndi ev kompozisiyası toxuyuram. Çəhrayı, qızıl qırmızı, bənövşəyi rənglər xoşuma gəlir. Bir dəfə toxuduğumu dayıma hədiyyə də vermişəm, çox xoşuna gəlmişdi”.

"...burda dostlarla daha maraqlı gəlir”

Onu da deyək ki, dərs boyu Rüqəyya ilə Zəhra bir-birini tənqid edirlər, hətta bir-birini sevmədiklərini də düşünmək olar. Amma onlar bizimlə söhbətdə bir-birini çox istədiklərini dedilər.

Bir az utancaq olsa da, 6 yaşlı İlknur Quliyeva da kilim toxumaqla bağlı təəssüratlarını bizimlə bölüşdü: "Ən çox palaz toxuyuram, mənə çətin gəlmir, asandır. Çəhrayı, bənövşəyi rəngləri sevirəm deyə, toxuyanda onları seçirəm”.

Musayeva Sara Nurun 9 yaşı var və 2 ildir ki, kursa gəlir, xeyli kompozisiya toxumağı da bacarır: "Hamı öyrənə bilər, amma çətin tərəfi də var. Bəzən iplərin yerini səhv salırıq, onda müəllim kömək edir. Evdə də arada məşğul oluram, amma burda dostlarla daha maraqlı gəlir”.

Qrupda ən böyük uşaq Rəna Mirağayevadır, onun 10 yaşı var. Deyir ki, artıq xeyli şey öyrəndiyi üçün müəllim nə təklif etsə, toxuyur: "İndiyə qədər bir neçə kompozisiya toxumuşam. Rəngləri seçmə qabiliyyətim də pis deyil. Çox rahat öyrənmişəm. Birinci kompozisiyam buludlarla olmuşdu. Əzizə nə təklif etsə, onu toxuyuram”.

"Burda sırf toxumaq öyrədilmir”

Biz söhbət edərkən artıq onlar "teatr-teatr” oyunu üçün hazırlaşırdılar. Nağılların sujeti əsasında fərqli formada geyinib, saçlarına ipləri bağlayıb, özlərini müxtəlif obraza salırdılar.

Oyuna başlayanda hiss olunurdu ki, bu, onların çox xoşuna gəlir. Dərsin sonu olduğu üçün artıq valideynləri onları aparmaq üçün gəlmişdilər, lakin uşaqlar oyundan ayrılmaq istəmədikləri üçün gözləyirdilər. Bu zaman biz də onlarla həmsöhbət olduq.

Rüqəyyanın anası Vüsalə Nağıyeva deyir ki, uşaqlar burada öyrənməklə yanaşı, həm də əylənirlər, ona görə onlar üçün maraqlıdır: "Rüqəyya cizgi filminə baxırdı, orda balaca qız xalça toxuyurdu. O da özü üçün evdə taxtalarla oynayırdı, deyirdi ki, mən də toxuyuram. Rəfiqələrindən biri bura kursa gəlirdi, Rüqəyyanın yaşı çatmırdı deyə qoymamışdıq. Sonra elə alındı ki, bunda da istək oldu, biz də gətirdik. Burda sırf toxumaq öyrədilmir, həm də uşağa yaşına uyğun yöndən yanaşılır, toxumaqla yanaşı, nağıl danışırlar, oyun oynayırlar. Həm əylənirlər, həm öyrənirlər”.

"Bir dəfə dərsə gətirə bilməyəndə...”

Saranın anası Vəfa Musayeva deyir ki, qızı hər dərsdən sonra evə böyük təəssüratla qayıdır: "İki ildir ki, hər həftə sonu gətiririk, qabiliyyəti var, toxumağı da öyrənib, amma bir dərs gətirməsək, ona cavab verə bilmərik. Düzdür, toxumaq birinci növbədədir, amma burdakı mühit o qədər gözəldir ki, uşaq təkcə toxumağı deyil, ünsiyyət qurmağı da öyrənir. Bərabər şəkildə məşğul olmaqla insan çox şey öyrənir. Kilim bizdə qədim sənət növü olduğu üçün qızımın bu işi bilməsini istəyərəm. Evə gələndə təəssüratlarını bölüşür, biz onun kompozisiya, rəng seçimləri ilə maraqlanırıq, o da danışır”.

"Sap, dəzgah, müəllim var, amma...”

Oyun bitəndən sonra uşaqlar yığışıb gedirlər, ikisi isə qalıb orda rəsm çəkirdilər, evə getmək istəmədiklərini dedilər. Biz də bu arada uşaqların "Əzizə” deyə müraciət etdikləri müəllimləri Əzizə ilə danışdıq. O dedi ki, əslində əvvəldən uşaqlar üçün belə bir kurs açmaq fikri olmayıb, işlər təsadüfən belə gətirib: "Əvvəl başqa bir yerə çalışırdım, gərgin iş mühiti varıydı. Düşündüm ki, özümə yorucu olmayan bir məşğuliyyət tapım, əl işləri ilə məşğul olmağa qərar verdim. 12 yaşımda uşaqlar üçün yaradıcılıq mərkəzində qobelen dərnəyinə getmişdim. İnarə Məmmədova mənim ilk müəllimim olub. 4 il getdim.

Bacarığım olduğu üçün əl işiylə məşğul olmaq istəyirdim, amma kurs açmağı ağlımdan da keçirmirdim. Bir gün bu istiqamətə getməyə qərar verdim. Birinci atamdan dəzgah hazırlatmağı xahiş etdim, bir-ikisini hazırlatdı, sonra saplar aldım. Sap, dəzgah, müəllim var, amma məkan yoxdur. Əhmədlidə olurdum, orda evdə alınmazdı. Sosial şəbəkədə axtarıb bir yer tapıb orda başladım. Sonra Bumeranq Yaradıcılıq Mətbəxində dostlardan biri yazdı ki, gəl bizim ofisdə dərs keç. İlk olaraq böyüklər üçün dərs keçirdim, sonra dedim ki, balacalar üçün də edək. Belə-belə başladıq”.

"Ey Əzizə”ni elə şirin, səmimi deyirlər ki..”

Əzizə xanım deyir ki, uşaqlar sərbəstliyi sevirlər və o da onlara məhz belə bir mühitdə dərs keçir: "Deyib-gülürlər, söhbət edirlər, iplərlə oynayırlar, yorulanda uzanırlar, istəyəndə su, çayla-şirniyyat veririk, yəni, onların sevəcəkləri hər şey burda var. Uşaqlarda kompleks yoxdur, ona görə də onlarla işləmək daha rahatdır. Müəllimə yox, "Əzizə” deyə müraciət edirlər. Arada müəllimə sözü yadlarında düşsə, Əzizə müəllimə deyirlər. "Ey Əzizə”ni elə şirin, səmimi deyirlər ki...”.

Amma kursa gələnlər yalnız uşaqlar deyillər. Böyüklər də var: "Həftə sonları uşaqlar olur, çünki valideynlərin iş rejimi bu günə daha uyğundur. 40 faiz uşaqlardır. Həftə içi də dərslərimiz olur, orda böyüklər də var. Eyni zamanda daun sindromlu iki uşağa da dərs keçirəm. Mən həftə sonları yalnız burda oluram, həftə içi isə bir neçə yerdə çalışıram”.

Dərsin sonunda artıq otaqda elə bir qarışıqlıq varıydı ki, gəl-görəsən. Əzizə xanım "gülü seven tikanına da katlanır” misalı ilə işə başlayır. Deyir ki, uşaqlarla işləməyin maraqlı tərəfi olduğu kimi bu cür çətin tərəfi də var.

O otağı yığışdırmağa başlayır, biz isə ordan ayrılırıq.

Qeyd edək ki, "Kilimçi” ilə əlaqə yaratmaq üçün 055 515 18 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ünvan: Üzeyir Hacıbəyov 11, Xaqani bağının yaxınlığı.

Aygün Asimqızı











banner

Oxşar Xəbərlər