• cümə axşamı, 28 mart, 14:02
  • Baku Bakı 16°C

Həm vətəndaşlara, həm də dövlətə faydalı

30.03.17 09:30 940
Həm vətəndaşlara, həm də dövlətə faydalı
Ötən əsrin 70-ci illərdən başlayaraq Azərbaycanda pambıqçılıq yüksək səviyyədə inkişaf etdirilməyə başlanılıb. Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi bu illərdə çəkilən böyük əziyyət bahasına, pambıq istehsalı 100-200 min tondan təxminən 800-900 min tona çatdırılıb. Belə demək mümkünsə, pambıq neftə - "qara qızıl”a bərabər tutulub, "ağ qızıl” adlandırılıb. Təəssüflər olsun ki, müstəqilliyimizin ikinci dəfə bərpasından sonra pambıqçılığa maraq getdikcə azalıb, pambıq sahələri digər kənd təsərrüfatı məhsullarının əkin yerinə çevrilib. Ancaq Prezident İlham Əliyevin Azərbaycanda qeyri-neft sektorunu daha da inkişaf etdirmək strategiyası iqtisadiyyatın bir çox sahələrinin, o cümlədən pambıqçılığın da tədricən dirçəlməsinə, pambığın əvvəlki şöhrətinin özünə qaytarılmasına şərait yaradıb.
Pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətinin artırılması
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı İlham Əliyev tərəfindən pambıqçılığın inkişaf etdirilməsi istiqamətində verilmiş tapşırıqlara uyğun olaraq, 2016-cı ilin ilk ayında iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinin, həmçinin pambıq istehsalı və emalı ilə məşğul olan müəssisə nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bu görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə olunub. Bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirlərinin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılması zəruri sayılıb. Eyni zamanda, pambıq istehsalı və emalı müəssisələrinin daşıma xərclərini qarşılaması, istehsal xərclərinin 90 faizinin emalçılar tərəfindən avans olaraq verilməsi qərarına gəlinib. Pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini də 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırıblar. Beləliklə, pambığın birinci növünün bir tonunu 500 manata (2015-ci ildə 410 manat), ikinci növünün bir tonunu 470 manata (2015-ci ildə 390 manat), üçüncü növünün bir tonunu 440 manata (2015-ci ildə 370 manat), dördüncü növünün bir tonunu isə 400 manata (2015-ci ildə 350 manat) qəbul edilməsi qərarlaşdırılıb. Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80 faiz çox - 30 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb.
Azərbaycanda ötən il 90 min ton pambıq istehsal edilib
"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirilən statistik rəqəmlərdən isə aydın olub ki, pambıqçılığın inkişafının prioritet sahə sayıldığı Azərbaycanda ötən il 90 min ton pambıq istehsal edilib. Ölkə üzrə 24 pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi üzrə təqribən 4300 pambıq istehsalçısı təhvil verdikləri məhsula görə 40 milyon manatdan çox vəsait əldə edib. Bundan başqa, pambıq istehsalçıları bu ilin əvvəlində 9 milyon manat həcmində subsidiya alıb. Yanvarın 30-da keçirilən konfransda Prezident İlham Əliyev də geniş nitq söyləyərək bildirib ki, hazırda pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edir. O, 2016-cı ildə 51 min hektardan 90 min tona yaxın pambıq tədarük edildiyini, cari ildə isə 100-120 min hektarda pambıq əkiləcəyini, təqribən 200 min ton pambıq əldə ediləcəyini vurğulayıb. Dövlət başçısı 27 rayonda pambıqçılığın inkişaf etməsinin səbəblərini də açıqlayıb. Deyib ki, bu sahə bilavasitə Mingəçevirdə yaradılmaqda olan sənaye parkının fəaliyyəti ilə bağlıdır. Onun sözlərinə görə, Mingəçevirdə keçən il təməli qoyulan zavodların bir neçəsi bu ilin sonuna qədər artıq istifadəyə verilməlidir. Orada ipliklə bağlı və digər sahələr üzrə 10-a yaxın zavod fəaliyyət göstərəcək. Pambıqçılıq da bilavasitə, bu sənaye zonasının inkişafına xidmət göstərəcək. Prezident bildirib ki, beləliklə, Azərbaycan ixracdan daha da böyük vəsait əldə edəcək. Bu, eyni zamanda yeni iş yerlərinin yaradılması, 200 minə yaxın insanın pambıqçılıqda çalışa bilməsi deməkdir.
Pambıqçılıq ölkəmizə valyuta gətirir
Prezident İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlı rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı bir daha pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyir verdiyini diqqətə çatdırıb: "Pambıqçılıq həm ölkəmizə valyuta gətirir, həm də pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.
Ölkə başçısı qeyd edib ki, pambıqçılığın inkişafı ilə bağlı vətəndaşları, fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görülür: "Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir. Dövlət öz dəstəyini göstərir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə bax, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarır. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur. Əlbəttə ki, biz gələcəkdə pambıqçılığı daha sürətlə inkişaf etdirəcəyik. Pambıqçılıq daha geniş vüsət alacaq və həm vətəndaşlara, həm dövlətə bunun ancaq böyük xeyri olacaqdır”.
270 min ton pambıq tədarükü
Azərbaycan Prezidenti rayonlar üzrə pambıq əkinin növbəti illər üçün daha da genişləndiriləcəyinə əminliyini vurğulayıb. Deyib ki, hazırda əkilən sahələrdən orta məhsuldarlıq 20 sentner ətrafında gözlənilir: "Əlbəttə ki, çox da ola bilər, az da. Misal üçün keçən il 17 sentner olub. Ancaq keçən il, əlbəttə ki, biz bir qədər vaxt itirdik. Eyni zamanda, hava şəraiti imkan vermədi. Burada qeyd olundu ki, hətta yanvar ayında pambıq yığılırdı. Ancaq kütləvi surətdə yığım dekabr ayına qədər davam edirdi. Bu il əlbəttə ki, bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Səpinə artıq bu gün start verildi və yığım da əlbəttə ki, vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddət ərzində görülən işlər, bax, bu gözəl nəticəyə gətirib çıxarıb. Bu, onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik”.
"Ağ qızıl” tarixi şöhrətini bərpa edir
Bir daha qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilən stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin artırılması bu sahədə minlərlə yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə dəfələrlə artmasına səbəb olub. Təbii ki, bütün bu tədbirlər ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun davamlı inkişafını təmin etməklə bərabər, insanlarımızın sosial rifahının yüksəlməsinə də müsbət təsir edir. Ən əsası isə neft qiymətlərinin kəskin ucuzlaşdığı, dünyada iqtisadi böhranın höksm sürdüyü bir dövrdə Azərbaycan nümunəsində "ağ qızıl” tarixi şöhrətini bərpa edir.
Alpər TURAN
banner

Oxşar Xəbərlər