• cümə, 29 Mart, 11:50
  • Baku Bakı 5°C

Həm səsi, həm də sükutu sevirəm

07.08.15 08:59 2056
Həm səsi, həm də sükutu sevirəm
Sahilə İbrahimova Sumqayıt şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib, Etnologiya ixtisası üzrə magistr dərəcəsi alıb. “Varlı kişinin portmanatı”, “Yuxarı və aşağı ətraflar”, “Çevriliş” adlı nəsr kitablarının müəllifidir.
- Şarl Bodlerin belə bir məşhur fikri var: “Əsl ədəbiyyatçı ədəbiyyatdan qorxur”. Sən nə vaxtsa yazmaqdan qorxmusanmı, səni hansısa hiss, durum yazmaqdan geri səsləyibmi?
-Normal stabil maaşım olana qədər yazıçı olmaq istəməmişəm. Əvvəlki müsahibələrimdə də demişəm, anam yazıçı olduğundan ailə dostlarımız arasında yazıçı-şairlər, incəsənət adamları çox idi. Bəzisi indi tanınsa da, çoxu sönük imzaları ilə barışmalı oldu. Nə qədər adam istiqamətini tamamilə dəyişmək məcburiyyəti qarşısında qaldı, daha qazanclı sahəyə üz tutdu. Mən uşaqlıq, yeniyetməlik illərimdə keçid dövrünün, müharibə sonrasının ağır güzəranında sıxılan bir ordu yaradıcı adamın əhatəsində oldum və gələcəyimi planlayanda qətiyyətlə onlardan biri olmamağa qərar verdim. Yazmaq istəmirdim, çünki yazmaq həm də beynimdə kasıblıqla assosiasiya olunurdu. Kasıb olmaq istəmirdim. Kasıblıqdan indi də qorxuram. Kasıblıq ayıbdır. Kasıb ailədə uşaq doğulanda kədərlənirəm. “Kasıb ol mərd ol” devizinə nifrət edirəm. Bu, məncə, ən riyakar təsəllilərdən biridir.
- Hekayələrin müsabiqələrdə qalib olub, kitabların çap olunub və s. ancaq sən bir yazıçı kimi qiymətləndirmə meyarını nədə görürsən?
- Hansısa hekayəm qalib olanda ürəkdən sevindiyimi, kitabım çap olunanda özümü xoşbəxt hiss elədiyimi xatırlamıram. Yalnız əsəri yazıb bitirəndə qalibiyyət hissi yaşayıram, ağ vərəqləri dolduran zaman mənə məxsus azadlıqdan (obrazlarla istədiyim kimi rəftar edə, onların alın yazısını yaza bilirəm), söz seçimindən həzz alıram. Çap, satış, sertifikat bunlar protokol üçün lazımdı, CV dolduranda, kimlik xarakteristikasında gərəklidir. Yaşım artıqca, özümlə dialoqum tez-tez baş tutduqca, bunları daha aydın dərk eləyirəm. Artıq tərif, dəyər, alqış aludəçisi deyiləm. Daxili konfliktlərimlə daha çox məşğulam. Özümə kənardan baxmağa cəhd eləyirəm. İstər şəxsi həyatda, istər yazıçı kimi. Özüm özümə qənaətbəxş görünəndə mənən sakit oluram.
- “Varlı kişinin portmanatı” kitabın haqda müsahibələrinin birində demisən ki, “hekayədə mövzular və hətta deyərdim ki, hər üslub dəyişir”. Üslubu hər hekayədə dəyişmək necə olur, istərdim bu barədə ətraflı danışasan.
- “Varlı kişinin portmanatı” haqqında çoxdandı danışmıram. İndi o vaxtkı özümü yadıma salmağa çalışsam, belə açıqlaya bilərəm. Mövzu istər-istəməz dəyişir. Üslub kəskin dəyişməsə də, hər hekayənin öz əhvalı var. Hazırda hekayələrimin audio versiyasını hazırlayırıq. Özüm səsləndirmişəm. O hekayələri 21-23 yaşlarımda yazmışam, məncə dəyişkən, mozaik atmosferdədir həmin yazılar.
- Səninçün obrazın kimdir, sadəcə əsər daxilində taleyi başlayan və bitən biri, yoxsa?
- İxtisasca tarixçiyəm. Mənim yaratmaq istədiyim ədəbiyyat real həyatdan hadisə qoparıb əyirmək, alınan mətndən süjet toxumaq, ilk baxışdan bir-birinə uzaq görünən məqamlardan kompozisiya yaratmaq, onu oxşar mat boyalarla rəngləməkdi. Mən olmuşları yazıram. Deməli, ədəbiyyatçılar da tarix yazır. Beləcə, mən tarixdən çox da uzaqlaşmamışam. Obraz mənim üçün tanış keçmişdi. Mən bir obrazı yaradıramsa, deməli, onunla tanışam. Artıq təxəyyül, uydurma deyə bir şey yoxdur qənaətindəyəm. Təxəyyül unudulmuş keçmişin qəfil xatırlanmasıdır. Bir neçə dəfə yazdığım hadisəni yaşamışam, xarakterini yaratdığım obrazla sonradan tanış olmuşam və belədə telepatik enerji ilə gələcəyi yaratdığımı düşünmüşəm. Lakin indi başqa cür yanaşıram bu məsələyə. Zəruriyyətə inanmıram. Hər şey təsadüfdür. Obrazlarım təsadüfən tanış olduğum real varlıqlardır. Ola bilsin hansısa başqa dünyada tanış olmuşuq.
- Səni bir yazıçı kimi dilin qaydalarını pozmağa sövq edən nədir?
- Darıxqanlıq, qismən cığallıq və çarə arama. Mükəmməl dildə yazılan mətnlərin müasir oxucunun zövqünə cavab verməməsi. Həndəsi dəqiq dillə yazılmış əsərlərin mövzu baxımından məğlubiyyəti. Tərcümə olunan zaman dil faktorunun qismən önəmsizliyi, başqa dillərdə çap olunmağa fokuslanmağım və s. Amma bu o demək deyil ki, mən yazı dilimin üzərində çalışmıram. İsa Muğannanın, Mövlud Süleymanlının əsərlərindəki dil zənginliyindən riqqətə gəlirəm. Adamların haqlı tənqidlərindən yararlanıram. Amma cümləmi müdafiə edirəmsə, tənqidi qəbul eləmirəm. Açıq yazım, bu yaxında Vüsal Nurunun obrazın dilindən yazdığım “onun həyasızcasına xoşbəxt olmaq istəyi məni qıcıqlandırırdı” cümləsini qüsurlu sayması mənim üçün keçərli tənqid ola bilməz. Vüsal deyir adam həyasızcasına xoşbəxt olmaq istəməz, mənsə deyirəm istəyər, onlarla yazıçı-filoloq, peşəkar dilçi yığışsa, məni bu fikrimdən daşındıra bilməz. Yaxud “o, qısamüddətli ironik təbəssüm gülümsədi” kimi yazdığım cümləni dəyişməyimi istəyən adamlarla razılaşmıram. Təbəssüm sözünü bu cümlədən çıxarmaq istəmirəm, onu mərkəzə gətirmək xoşuma gəlir.
- Romanın çap olundu ancaq elə bil reaksiya az oldu, səncə, bunun səbəbi nədədir?
- Deməzdim az oldu. Kitabı tələsik çap elədim. Reklamı ilə demək olar heç məşğul olmadım. Satışı yalnız bir yerdədir, heç yerdə xüsusi elan etməmişəm. Amma kitabı alıb rəyini bildirən adamlar kifayət qədərdir. Səhifəmə fikirlərini yazırlar. Maraqlı şərhlər almışam. Tənqidçi Tehran Əlişanoğlunun “Çevriliş”i oxuyub yazısında münasibət bildirməsi xüsusilə xoş oldu. Deyərdim ki, belə olması sevindiricidir. Səs-küy salmadan kimsə kitabı alır, rəyini bildirir. Bəzən olur ki, adamlar müsbət rəylərini mənə bildirirlər, amma müəyyən çevrələrdə dinə bilmirlər. Mən onların səmimiliyinə inanıram, bu, riyakarlıq deyil. Deməli, onlar zövqlərinə əmin deyillər. O kitaba güvənirəm. Necə və niyə yazdığımı dəqiq bilirəm. Məmnunam ki, o kitabın müəllifiyəm.
- Yeni dövrün ədəbiyyatını necə təsəvvür edirsən, səncə, yazdıqların günümüzü ifadə edə bilirmi?
- Müasir Azərbaycan ədəbiyyatını dışlayan, onu anlamaqda çətinlik çəkən adamlar əsl səbəblərdən bixəbərdirlər. Onlar XXI əsrin fəlsəfi, psixoloji cərəyanları ilə azca maraqlansalar, görəcəklər ki, təkcə Azərbaycan oxucusu yox, postsovet məkanı bütünlükdə müasir əsərləri oxumaqda çətinlik çəkir. İkinci dünya müharibəsindən sonra Sovet və digər dünya ölkələrində təkcə iqtisadi, siyasi fərqlər meydana çıxmadı, paralel şəkildə kəskin təfəkkür təzadları qabardı. Cümhuriyyət dövründə yavaş-yavaş Qərb dəyərləri, müasirlik, qismən abstraktlıq Şərqə, eləcə də Azərbaycana daşınırdı. Bu, proses təbii şəkildə davam etsəydi, indi oxucu müasir mətnləri lazımınca qavrayacaqdı. Lakin Sovet imperiyası həmin prosesin qarşısını kəsdi. Yazıçılar aydın süjetli, oxucu marağına hesablanmış sadə (hətta bəzən primitiv) roman qəliblərindən istifadə etməyə başladılar, oxucu da buna öyrəşdi. Sovet imperiyası dağılıb, yazıçılar yavaş-yavaş dünyadakı neoromançılığa uyğunlaşmağa çalışırlar. Proses zəif gedir, çünki nəinki oxucu, hətta müəlliflər də buna hazır deyillər. Maksimum müasir olmağa çalışıram. Obrazlarım tərəddüdlüdür, daxili münaqişələri var, bəzən süjet, hadisə ardıcıllığı, əhval dəyişimi xaotik görünə bilər. Məncə, məhz elə bu, bu günü əks etdirir. Müasir və yeni olan hər şeyi anlamağa çalışıram. Müasir incəsənəti, improvizəni sevirəm. Köhnə palazın yeni ideyanın təqdimatında iştirakından zövq alıram. Köhnə insanların yeni texnika ilə yazılmış romandan boylanmaları ədəbi zövqümü oxşayır. Mən bu günü ifadə etməyə çalışmıram, tək istədiyim şey mənə maraqlı olan şeyləri ifadə etməkdi. Yazıçı daş dövründən yazıb da, bu günün müəllifi ola bilər.
- Mətnlərində öz obrazını yaratmağa, yaxud bundan qaçmağa çalışırsan və ən əsası, öz obrazın ədəbi aspektdə sənin üçün nə dərəcədə maraqlıdır?
- Əvvəllər bacardıqca gizlənməyə çalışırdım yazdıqlarımda. İndi bunun qayğısına qalmıram. Bioqrafiya yazmıram, amma obraz daxilində görünüb yox ola bilirəm. Avtoportretləri ilə tanınan Frida Kahlo deyirdi ki, muzam özüməm, ən yaxşı bildiyim mövzu mənəm. Rəssamlar mütləq özlərini çəkirlər. Yazıçılar da özlərindən yazmalıdırlar. İstənilən transformasiya üçün ilkin material lazımdır. Əcnəbi dil öyrənmək üçün mütləq bir dil bilməlisən, onun fonunda başqa sözləri anlamağa çalışırsan. Fonunda özü durmayan yazıçı insanları görə, obraz yarada bilməz. Obrazlarımın eyni deyiləm, amma onlarda kifayət qədər varam.
- Hekayələrində qısa dialoqların çoxluğu diqqətimi çəkdi. İstərdim bu lakoniklik barədə danışaq.
- Çox güman şüuraltının diktəsidir. Lazımsız uzun cümlələrdən qaçma cəhdidir. Mən bəzən hansısa çoxdanışan birinin düşünmədən dediyi və özünün səhlənkar şəkildə unutduğu sözlərdə uzun-uzadı məna axtarıram. Boşboğazlıqla üyüdülüb tökülmüş sözlərə fəlsəfi, psixoloji don geyindirirəm. Birdən ayılıram ki, çox mənasız bir daxili dialoqa gəlib çıxmışam. Bu tərəfimə fikir versəm, onlarla axmaqdan dahi düzəldə bilərəm. Tez müzakirəni kəsirəm, arqumentlərdən qurtulmağa çalışıram. Qısa cümlə ilə yekun vururam söhbətə - düşünmədən deyib, yanlış anlayıb, adam xeyirxahlıq eləmək istəyib, adam qorxaqdır və s. Çox danışmaq istəmirəm, görünür bunu hələ ki hekayədə bacarıram. Gündəlik həyatda özümü çox susqun və lakonik biri saymıram, ya sakit, ya da çoxdanışan. Çünki həm səsi, həm də sükutu sevirəm. Ona görə real həyatda hələ ki sakitcə dolanmıram. Lakoniklik yəqin bir az da tələskənliklə bağlıdır. Görünür, əsərin sonuna tələsirəm.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər