Həm oxuyun, həm dincəlin!
Yaradıcı ideyaları ilə dünyanı heyran
qoymaqda rəqib tanımayan yapon dizayner-memarlar bu dəfə tikdikləri
hostel-kitabxana ilə gündəmə gəliblər. "boredpanda”-nın xəbərinə görə,
kitabları və kitab oxuya-oxuya yuxuya getməyi sevənləri birləşdirən "Book and
Bed” adlı hostel artıq istifadəçilərin ixtiyarına verilib. Səyahət edərkən
qənaətcil davranmağı sevənlərin ən çox axtardığı məkanlar olan hostellər
arasında bu kitabxana tipli tikili xüsusilə seviləcək. "Suppose Design
Office”-nin memarları Makato Tanijiri və Ayi Yoşida tərəfindən dizayn edilən bu
əsrarəngiz yerin kitabları və qənaəti sevənlərin bir nömrəli məkanına
çevriləcəyi gözlənilir. Hostelin rəflərində hazırda ingilis və yapon dillərində
1700 kitab var. Lakin bu rəqəmin tezliklə 3000-ə çatdırılması planlaşdırılır.
Hostel rəflərin arasında ayrılan "Compact” yataq yerləri 205x85 sm, "Standart”
yataq yerləri 205x129 sm ölçülərindədir. Hosteldə bir gecənin qiyməti 32-50
dollar arasında dəyişir.