• çərşənbə axşamı, 16 aprel, 20:30
  • Baku Bakı 18°C

Həm musiqiçidir, həm də “Böyük dördlüy”ə daxil olan şirkətdə maliyyəçi kimi çalışır - Uğur hekayəsi

01.05.20 11:00 4702
Həm musiqiçidir, həm də “Böyük dördlüy”ə daxil olan şirkətdə maliyyəçi kimi çalışır - Uğur hekayəsi
Vədad Rzalı: "Vaxtımı dəyərləndirməyi uşaqlıqdan öyrətmişdilər”
Səhər və günorta maliyyəçidir, axşam evə qayıdıb pianino arxasında oturur və rəqəmlərdən, hesabatlardan uzaq musiqiçi olur. Musiqi ilə məşğul olmağı həyatında balansı saxlamaq üçün zəruri hesab edir.

Müsahibimiz Kanadada dünyanın dörd böyük audit şirkətindən biri olan "PwC”də məsləhət xidmətləri departamentində baş mütəxəssis vəzifəsində çalışan, eyni zamanda musiqiçi kimi fəaliyyət göstərən Vədad Rzalıdır.

Qeyd edək ki, V.Rzalı Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi İstedadlar Qrupunda - XİQ) maliyyə üzrə təhsil alıb. ADA Universitetində isə MBA üzrə təhsilini davam etdirib.

- Vədad bəy, dostunuz sizin haqqınızda "iqtisadi sahədə dünya səviyyəsində sertifikatları olan bir gənc” deyə bəhs etdi. Maraqlıdır, hansı sertifikatları almısınız və bunları almağa nə vaxtdan başlamısınız?
- Birinci kursda oxuyandan başlamışam. Çünki araşdırdım və gördüm ki dünyada audit və mühasibatlıq biliklərinin sübutu kimi mütləq ACCA sertifikatını almalısan. 14 imtahan var idi (indi 13 olub). Müəllimsiz, özüm hazırlaşıb imtahanları verməyə başladım. Sonra CFA sertifikatının imtahanlarına hazırlaşdım. O da maliyyəyə aiddir. Amma sırf mühasibatlıq deyil, daha genişdir. Hər iki sertifikatın axırıncı mərhələsindəyəm. Bu il koronavirus pandemiyası olmasaydı, ikisini də tam bitirmiş olacaqdım.


- Əvvəldə qeyd etdiniz ki, dünyaya dəyişiklik gətirmək istəyən insanlar vaxt itirmirlər. Vaxt məsələsindən çox danışdıq, bəs dünyaya dəyişiklik gətirməklə bağlı məqsədləriniz varmı?
- Orda çatdırmaq istədiyim o idi ki, mən özümü dostlarımla, öz ətrafımla müqayisə etmirdim. Dünyanın müxtəlif yerlərində öz üzərlərində işləyən çox gənc var və onlar heç vaxt dayanmırlar. Fikirləşirəm ki, məsələyə qlobal baxmaq lazımdır. Tutaq ki sinifdə hamı tənbəldir, öz üzərində çalışan bircə mənəm. Amma mən bununla kifayətlənməməli, məsələyə daha qlobal baxmalıyam. Çünki sinfindəki insanlar tənbəl olsalar da, başqa siniflərdə çox aktiv tələbələr var. Dünyanın fərqli ölkələrində də elə.

Dəyişikliyə gəlincə, mən öz üzərimdə çalışıram ki, daha böyük, maraqlı layihələrdə iştirak edim. Məsələn, Kanadada bir neçə layihədə iştirak etmişəm. Hansılar ki, onlarda yeni texnologiyaların tətbiqi üçün çalışırdıq. Həyatımızı daha da yaxşılaşdıran, bizneslərin təbiətə zərər vurmadan fəaliyyət göstərməsi ilə bağlı layihələr idi. O layihələrdə iştirak üçün isə üzərində işləyirsən, biliyinə, təcrübənə inanıb səni cəlb edirlər. Həm öyrənirsən, həm də yaxşı dəyişikliklərdə iştirak etmiş olursan.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?
- İnsan heç vaxt nəyi niyə etdiyini unutmamalıdır. Son məqsədi unutmaq olmaz. Bəzən insanın işi o qədər çox olur və o qədər problemləri həll etmək üçün çabalayır ki, o anda niyə çabaladığını soruşanda, cavab verə bilmir. İnsan həmişə niyə bunu etdiyini, hara getdiyini unutmamalıdır. Əziyyəti niyə çəkdiyini bilirsənsə, uğur səninlə olacaq.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər