• şənbə, 20 Aprel, 14:43
  • Baku Bakı 23°C

Həm iqtisadi, həm də siyası baxımdan önəmli işbirliyi

27.12.16 10:00 1156
Həm iqtisadi, həm də siyası baxımdan önəmli işbirliyi
Dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

"BP-Azerbaijan"dan "APA-Economics"ə verilən məlumata görə, bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir.ABƏŞ səhmdarları BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləridir. Niyyət məktubu Bakıda Azərbaycan adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb. Niyyət məktubu AÇG yatağının gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.

Bəs görəsən sözügedən müqavilə Avropada enerji təhlükəsizliyi məsələsinə hansı töhfələri verəcək? Digər tərəfdən, yeni müqavilə sələfi kimi ölkəmizə gələn valyuta axınını artıra biləcəkmi?

İmzalanan bu müqavilənin bizim üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli olduğunu deyən Milli Məclisin İqtsiadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bəzi vacib məqamları da qeyd etdi: "Hələ 1994-cü ildə imzalananan bu müqavilə Azərbaycanın müstəqilliyinin qarantı rolunu oynadı. Belə bir müqavilənin yenidən imzalanması təbii ki, bizim üçün çox vacibdir. Ona görə də hesab edirəm ki, bu müqavilə hər iki tərəfdən - həm siyasi, həm iqtisadi baxımdan ölkəmiz üçün faydalı olacaq. BP şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi çox böyük əhəmiyyət kəsb edir. Bu həm də siyasi stabilliyə dayaq rolunu oynayacaq. Lakin müqavilənin ikinci dəfə imzalanması o demək deyil ki, bu neft hasilatının artması ilə əlaqədardır. Çünki yeni yataqlar olmazsa, hasilatı artırmaq qeyr-mümkündür. Yeni yataqlar kəşf olunmlı və istismara verilməlidir. Lakin hələlik neft istehsal və ixrac edilir. Ona görə də bu razılaşma Azərbycan üçün mühüm addım kimi qəbul edilə bilər”.

V.Əhmədovun sözlərinə görə, yeni müqavilə əvvəlkindən bir qədər fərqli olacq: "Hesab etmirəm ki, bu, 1994-cü ildəki müqavilə kimi olsun. Çünki "Əsrin Müqaviləsi” imzalananda Azərbaycan nefti hələ bir o qədər kəşf olunmamışdı və məşhur deyildi. Həmçinin ehtiyatlar da tam bilinmirdi. İndiki şərtlər tamamilə fərqlidir. Amma yenə də qeyd etməliyəm ki, belə böyük bir şirkət bu müqaviləni imzalayırsa, deməli burada çox böyük gözləntilər var. İkinci bir tərəfdən, müqavilə təbii qaz baxımından da çox vacibdir. Bildiyiniz kimi, Azərbaycanın böyük qaz yataqları var. Ona görə də bu layihənin uzadılması təkcə neft yox, həm də təbii qaz ixracı baxmından əhəmiyyətldiir. Bu dəqiqə Avropanın ən ciddi problemi təbii qaz problemidir. Ona görə də Azərbaycan qazının Avropaya çıxarılması bu gün ən mühüm məsələlərdən biridir”.

Millət vəkili Aydın Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, xarici şirkətlərin bu müqavilənin uzadılmasına can atması ilk növbədə o deməkdir ki, bu, rentabelli və kifayət qədər gəlirli işdir: "Tərəflər başa düşür ki, bu, konkret olaraq perspektivli bir sahədir. Neft bizim starteji məhsulumuzdur. O bundan sonra da dünya bazarındakı qiymətinə uyğun olaraq böyük gəlirlər gətirəcək. Bizim partnyorlarımız olan xarici şirkətlər başa düşür ki, Azərbaycanda neft ehtiyatları 2050 və ondan sonrakı illər üçün də var. Müqavilənin vaxtının uzadılma səbəblərindən biri də məhz budur. Neftlə yanaşı, bildiyiniz kimi, gələcəkdə Avropanın təbii qazla təmin olunmasında əsas ixracatçı ölkə kimi çıxış edəcəyik. Bunun özü də iqtisadiyyatımızda önəmli rol oynayacaq. Yenə də qeyd edim ki, konsorsiumun müddətinin uzadılması ondan xəbər verir ki, bu, kifayət qədər gəlirli sahədir. Eyni zamanda, sözügedən müqavilə bundan əvvəl də olduğu kimi, iqtsiadiyyatımızın inkişafı və ölkəyə gələn valyuta axınının artması üçün müsbət töhfəsini verəcək”.
İqtisadçı ekspert Arzu Qafarlı da mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü: "20 ildən çoxdur ki, BP Azərbaycanda fəaliyyət göstərir. Statistikaya baxsaq görərik ki, indiyədək 3 mlrd. bareldən çox neft hasil edilib və təxminən 33 mlrd. dollar sərmayə qoyulub. Bu illər ərzində BP Azərbaycanda iqtisadi inkişafı, neft ehtiyatlarının çox olmasını görərək uzunmüddətli, əsrin yarısına qədər tərəfdaşlığa addım atıb. Əminəm ki, bu layihə investisiya yatırımlarının sayını çoxaldacaq. Bununla yanaşı, layihə hasilata da öz müsbət təsirini göstərəcək və ölkəyə daim neft gəlirləri axını olacaq. Əlavə olaraq onu deyə bilərəm ki, bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, bununla yanaşı, minlərlə insanın işlə təmin olunmasına gətirib çıxaracaq. Bu gün ölkəmiz Avropanın etibarlı enerji tərəfdaşlarından biridir və daim enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Müddəti artırılan bu saziş ölkəmizin dünyada mövqeyini yüksəkltməklə yanaşı, onun etibarlı tərəfdaş olduğunun göstəricisidir. Hal-hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçı kimi fəaliyyət göstərir. Baş verən bu müsbət proseslər onu göstərir ki, Azərbaycan Avropa ölkələri ilə ən yüksək səviyyədə strateji əməkdaşlıqda öz fəaliyyətini davam etdirəcək”.

Şəbnəm
banner

Oxşar Xəbərlər