Həm faydalı, həm qazanclı
Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu
sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin
sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Qeyri-neft sektorunun
əsas istiqamətlərindən biri olan kənd təsərrüfatı sahəsinə olan diqqət və qayğı
günü-gündən artmaqdadır. Elə bu qayğının nəticəsidir ki, ölkədə kənd təsərrüfatının
müxtəlif sahələri daha da inkişaf edərək ölkənin rəqabətqabiliyyətliliyini artırır.
Kənd təsərrüfatının mühüm sahələrindən biri isə zeytunçuluqdur. Azərbaycanda zeytunçuluğun tarixi elə də qədim deyil. Belə
ki, ölkədə zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilsə də,
sonradan bu sahəyə diqqət bir qədər
azalıb. Bəs görəsən hazırda zeytunun tədarükü nə qədərdir? Bu sahədə hansı
problemlər var? Ümumiyyətlə, ölkədə yeni zeytun sortları becərilirmi və bu sahənin
inkişaf perspektivləri necədir?
Əməkdar kənd təsərrüfatı
işçisiÇingiz Fərəcovbu gün zeytuna geniş
tələbat olduğunu qeyd etdi: "Azərbaycanda zeytundan keçən əsrin 90-cı illərindən sonra daha
çox istifadə edilməyə başlandı. Hələ ötən əsrin 70-80-cı illərinə qədər ölkəmizdə
zeytundan istifadə edilmirdi. O vaxtlar zeytunun ölkəyə idxalı da çox az idi.
Müstəqillik illərində dünya ölkələri ilə əlaqələrimiz artdıqca, zeytundan daha
çox istifadəyə maraq yarandı. Bu gün Azərbaycanda zeytun bağları günü-gündən
genişlənməkdədir. Sovet dövründə zeytun bağları təkcə Abşeronda var idi. İndi
isə bu bağların sayı artaraq, daha da genişləndirilib. O vaxt Zığ kəndində
zeytunçuluq sovxozu var idi ki, ölkədə zeytun yeganə olaraq burada
yetişdirilirdi. Həmin zeytunlar Moskvadakı konserv zavodunda emal olunurdu. Zeytun
yağından isə ümumiyyətlə istifadə
edilmirdi. Keçən əsrin 90-cı illərindən sonra bu sahə inkişaf etdi. Bu gün Azərbaycanda
zeytuna geniş tələbat var”.
Ç.Fərəcov deyir ki, indi ayrı-ayrı şəxslər özləri də
zeytunu yığaraq ev şəraitində emal edirlər: "Zeytun ağacı ilboyu yaşıl olur.
Küçələrdə, prospektlərdə bu ağaclar insana xüsusi estetik zövq verir. Lakin
parklarda və küçələrdə olan ağacların məhsulu demək olar ki, yığılmır. Həmin
zeytunlar yerə tökülür və xarab olur. Bunun üçün də fikrimcə, xüsusi qurum yaradılmaldır
ki, onlar zeytun yığımını geniş təbliğ və tədarükünü təşkil etsinlər. Hətta hesab
ediərm ki, ayrı-ayrı vətəndaşlara yığdıqları zeytunun miqdarına görə pul ödənilsə,
daha yaxşı olar. Bildiyimiz kimi, zeytunun
həm də sağlamlıq üçün böyük faydası var. Orqanizmə faydalı olmaqla yanaşı, o həm
də əvəzsiz qida məhsuludur. Respublikamızda zeytun bağları genişləndirilməli və
məhsul istehsalı, onun emalı üçün ciddi tədbirlər görülməlidir. Bir çox ölkələrdə,
xüsusilə İspaniyada zeytun bağlarının sayı həddindən çoxdur. Bu gün ölkəmizə
İspaniyadan və bir çox ölkələrdən zeytun
yağı idxal edilir. Halbuki biz həm zeytunun meyvəsinin istehsalını, həm də onun
emalını genişləndirə bilərik. Bunun üçün bizim kifayət qədər imkanlarımız var.
Bu həm də zeytunun qiymətinə də böyük təsir göstərər. Belə ki, əgər özümüz
istehsalı genişləndirsək, qiymətlər daha ucuz olar. Marketlərdə satılan zeytun
məhsullarının qiyməti indi çox bahadır. Son zamanlarda isə qiymətlərdə bahalaşma
daha da artıb. Əgər özümüz öz məhsulumuzu istehsal etsək, qiymətlər bu qədər
baha olmaz. Bir sözlə, zeytun istehsalına diqqət və qayğı artırılmalıdır”.
Sonda ekspert bu məsələyə dövlət qayğısının vacib
olduğunu vurğuladı: "Nazirlər Kabineti respublikada zeytun istehsalının
artırılması haqqında qərar qəbul edərsə, bu işə böyük təkan vermiş olar. Hesab
edirəm ki, yaxın gələcəkdə Azərbaycanda bu sahə inkişaf edəcək. Azərbaycanın
özünün demək olar ki, zeytun sortları yoxdur. Ölkəyə xaricdən gətirilən tinglər
basdırılaraq yerli şəraitə uyğunlaşdırılıb. Lakin zeytunun inkişaf perspektivləri
xeyli genişdir. Bu sahədə böyük potensial var. Hesa edirəm ki, zeytunçuluğun
daha da inkişaf etməsi üçün hökumətin xüsusi qərarına böyük ehtiyac var. Azərbaycanda
əhali bu bitkinin əhəmiyyətini tam olaraq bilmir. Hesab edirəm ki, bu sahədə həm
də böyük təbliğata ehtiyac var. Maştağada yerləşən zeytun zavodu əhali arasında
bu haqda geniş maarifləndirmə və təbliğat işi aparmalıdır. Küçələrdə tökülüb
qalan zeytunu toplayaraq həmin zavoda təhvil verə bilərlər. Bakının ətraf kəndlərində
yetişən zeytunlar demək olar ki, zay olur. Çünki məhsulu yığan yoxdur. Həmin
zeytunlar keyfiyyətsiz deyil, əksinə, bizim məhsulların tərkibində yağ daha
çoxdur. Hesab edirəm ki, bu sahədə müxtəlif işlər görülərsə. müsbət nəticə əldə
etmək olar”.
Millət
vəkili Vahid Əhmədov deyir
ki, bu sahəyə hər zaman xüsusi diqqət ayrılıb: "Zeytunçuluq Azərbaycanda
inkişaf etmiş sahələrdən biri olub. Zeytun bağlarının salınması, onlardan
istifadə və qulluq məsələləri hər zaman diqqət mərkəzində olub. Müstəqillik illərində
bu sahə daha da inkişaf etməyə başladı. Bu gün Azərbaycanda saysız-hesabsız
zeytun bağları var. Düzdür, Azərbaycana xaricdən də zeytun idxal olunur. Lakin bununla
yanaşı, ölkəmizin həm daxili, həm də xarici bazarı təmin etməyə kifayət qədər
imkanı var. Hazırda bu sahəyə diqqət daha da artırılıb. Bununla bağlı müəyyən göstərişlər
də verilib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də zeytunçuluğun
inkişafı üçün müxtəlif işlər görülüb. Zeytunun yığılması ilə bağlı işlər
aparılır. Gələcəkdə bu sahənin daha da
inkişaf edəcəyi istisna deyil”.
Kənd
Təsərrüfatı Nazirliyinin Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov "Kaspi”yə açıqlamasında bildirdi ki, ölkənin təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında
inkişaf etdirilməsi üçün olduqca əlverişlidir: "Zeytun quru-subtropik iqlim
bitkisidir. O, uzunömürlülüyü və quraqlığa davamlılığı ilə digər meyvə
ağaclarından seçilir. Azərbycanda Dövlət reyesterinə daxil olan müxtəlif zeytun
sortları mövcuddur. Bundan başqa, zeytunun 15-ə qədər selektr sortları var.
Bunlara misal olaraq "Azərbaycan”, "Şirin zeytun”, "Buzovna”, "Ağbaba”
sortlarını göstərmək olar. Bizim təbii iqlim şəraitimizdə bu bitkini
əkib-becərməklə yüksək keyfiyyətli məhsul əldə etmək mümkündür. Dövlət
Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2015-ci ildə 1740 hektar sahədə
zeytun əkilib-becərilib. Bu sahələrdən 1066 ton zeytun əldə edilərək kiçik və orta
emal müəssisələrinə təhvil verilib. Qeyd edim ki, məhsuldarlıq hər hektara 6,2
sentnerdir. Biz çalışırıq ki, məhsuldarlığı daha da artıraq”.
İ.Cümşüdov bildirdi ki, ölkədə zeytun bağlarına
intensiv qulluq etməklə məhsuldarlığı daha da yüksəltmək olar: "Bu sahədə
dövlətin də çoxşaxəli xidmətləri mövcuddur. Bu işlə məşğul olanlar səmərəli
güzəştlərdən istifadə edərək həm zeytunun məhsuldarlığını qaldıra, həm də
respublikada ümumi istehsalın həcmini artıra bilərlər. Bununla həm yerli
tələbatı ödəmək, həm də xarici ölkələrə emal məhsullarını ixrac etmək mümkün
olar. Bu gün "Azərsun” emal etdiyi zeytunun konservi və yağı müxtəlif ölkələrə
ixrac edilir. Amma biz daxili bazarı yerli istehsalla əsasən təmin edə
bilmirik. Bunun üçün də ölkəyə müxtəlif ölkələrdən zeytun idxal edilir.
Hədəfimiz əkin sahələrini genişləndirmək, məhsuldarlığı yüksəltməklə daxili
tələbatı yerli istehsal hesabına ödəməkdir”.
Şəbnəm
Mehdizadə