• cümə, 19 Aprel, 21:32
  • Baku Bakı 24°C

Hələ uşaqdır, yoxsa hazır məktəbli?

20.08.13 11:42 5500
Hələ uşaqdır, yoxsa hazır məktəbli?
Təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013 – cü il tarixli, 739 saylı əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 224 saylı əmr imzalayıb. Əmrə əsasən, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nı təmin etmək məqsədilə valideynlərin ərizələri 20 iyul 2013-cü il tarixdən başlayaraq 20 avqust 2013 tarixinədək qəbul edilir. “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Hələ uşaqdır uşağım
Övladını 6 yaşı tamamlanmadan öncə məktəbə qoymaq istəyən valideynlərdən biri də Günel Hacıyevadır. Günel xanım qızı Aytacı seçimə arxayın gətirdiyini, lakin uşağın testlərdən yaxşı keçmədiyini dedi: “Övladımın xüsusi bir istedadı olmasa da, düşünürdüm ki, məktəbə qəbul olunacaq. Açıq desəm, bir il qabağa düşmək istədik. Amma gözlədiyimin tam əksi oldu. Ağıllı cavablar əvəzinə, qızımdan gülməli sözlər eşitdik. Sözün düzü, bir az utandım. Çünki müsahibədən öncə komissiya üzvlərinə uşağımı “ağızdolusu” tərifləmişdim. Əlifbanı bilməsi məktəbə qəbul olunmaq üçün yetərli olmadı”.
Əhməd İsayev isə oğul atasıdır və o da digər valideynlər kimi övladının məktəbə vaxtından əvvəl getməsini arzulayırdı. Təəssüf ki, oğlu Rza İsayev komissiya üzvlərini razı sala bilməyib. Əhməd bəy dedi ki, hər bir valideyn övladının xüsusi istedadlı olması ilə fəxr edər. Lakin oğlunu seçimlərə gətirməkdə onun əsas məqsədi başqadır: “Bilirsiniz ki, oğlan uşağı 18 yaşında məktəbi qurtarırsa və həmin il universitetə daxil olmursa, dərhal hərbi xidmətə aparılır. Ona görə oğlumun məktəbə bir il öncədən getməsini istəyirdim ki, Allah eləməmiş, universitetə qəbul olmasa, növbəti il imtahan vermək şansı olsun. Mən özüm də məktəbə 6 yaşımda getmişəm. Amma etiraf edim ki, gözüm oyuncaqlarda qalırdı. Bu isə dərsimi hazırlamağa mane olurdu. Bu tərəfini fikirləşəndə deyirəm ki, elə yaxşı ki, uşağım seçimdən keçmədi. Qoy hələ uşaqlığını yaşasın”.
Tələb olunan keyfiyyətlər
Qeyd edək ki, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən hazırlanıb və məktəb yaşına çatmayan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı məsələləri tənzimləyir. Aşağıdakı zehni keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur:
-Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi.
-Nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi.
-Təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması.
-Yaşa görə söz ehtiyatının zənginliyi. Dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.
-Müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi.
-Müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi. Müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi.
Onu da deyək ki, uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır. Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar ümumtəhsil müəssisəsinin rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunurlar.
Uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin nəzdində yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya tərəfindən uşağın tədris alacağı dildə aparılır. Komissiyaya rayon təhsil şöbəsinin müdiri rəhbərlik edir. Komissiya xüsusi istedad amilini şərtləndirən keyfiyyətlərin aşkara çıxarılmasını təmin edən qiymətləndirmə vəsaitlərindən istifadə edir. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri, habelə ümumtəhsil müəssisələrinin təqdimatları hər il iyul ayının 20-dən başlayaraq avqustun 20-dək təhsil şöbəsində qeydiyyata alınır. Ərizə qəbulu bu gün başa çatsa da, uşaqların seçilməsi prosesi sentyabrın 10-dək davam edəcək. Hətta uşaqla müsahibə zamanı arzu edən valideynlərin videoçəkiliş aparmasına icazə də verilə bilər.
Seçimlər obyektiv aparılır
6 yaşı tamam olmayan xüsusi istedadlı uşaqların məktəbə qəbul olunması üzrə yaradılmış komissiyanın üzvü psixoloq Tünzalə Verdiyeva qəzetimizə açıqlamasında bildirdi ki, hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə müddətində aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur. Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır.
Bundan sonra uşaqların vaxtından əvvəl I sinfə qəbulu komissiyanın rəyi əsasında rayon təhsil şöbəsi müdirinin əmri ilə rəsmiləşdirilir. Əmrin surəti uşağın təhsil alacağı məktəbə təqdim olunmaq üçün onun valideyninə və ya digər qanuni nümayəndəsinə verilir. Psixoloqun sözlərinə görə, əgər uşaq müsahibədən məqbul keçmirsə və hər hansı bir narazılıq yaranırsa, valideynlərin elə yerindəcə həmin narazılığa aydınlıq gətirilməsini tələb etmək imkanı var: “15-20 dəqiqə ərzində komissiya uşağı sorğu-sual edir. Ona həm məntiqdən, həm də sadə hesablamadan suallar verilir. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu” üzrə fəaliyyət göstərən komissiyaların işindən apelyasiya şikayəti vermək mümkün deyil. Buna görə də imtahanların obyektiv keçdiyini göstərmək üçün valideynlərin iştirakının təmin edildiyini xüsusi qeyd etmək lazımdır. Komissiyada peşəkar, məntiqi bilən psixoloq, pedaqoq, defektoloq və metodistlər təmsil olunur. Əgər uşaqların nitqi lazımi səviyyədədirsə, psixoloji, sosial, idraki, intellektual hazırlığı, məntiqi düşüncəsi, psixoloji dayanıqlığı, fizioloji vəziyyəti yol verirsə və 5 parametr üzrə ümumilikdə 15 bal toplayıbsa, həmin balacalara vaxtından əvvəl məktəbə getmək imkanı yaradılır”.
“Məktəbə sığınacaq kimi baxırlar”
Müsahibimiz müraciət edənlərin kifayət qədər çox olduğunu, seçimlərə gətirilən uşaqların əksəriyyətini isə oğlanların təşkil etdiyini bildirdi. T.Verdiyeva hesab edir ki, valideynlərin uşaqlarını vaxtından əvvəl məktəbə qoymaqda maraqlı olmalarının 3 əsas səbəbi var: “Elə valideynlər var ki, uşağında xüsusi istedadın olduğunu görür. Övladının diqqət, qavrayış, təxəyyül, təfəkkür və hafizəsinin yaşıdlarından üstün olduğunu duyan valideynlər övladlarının məktəbə tez getməsini istəyirlər. Elə valideynlər də var ki, sadəcə məktəbə sığınacaq kimi baxırlar. Çünki bağçalar 6 yaşı tamam olan uşaqları çıxardır, gələn ilə kimi möhlət vermirlər. Səbəb kimi isə yer olmadığını əsas gətirirlər. İşləyən valideynlər də övladlarını bu səbəbdən məktəbə vaxtından əvvəl qoymaq istəyirlər ki, uşaq evdə özbaşına qalmasın. Övladı testdən keçmədikdə hətta göz yaşı töküb xaiş edənlər də olur.
Digər ən çox müraciət edənlər isə oğlan övladının məktəbi 18 yaşında bitirməsini arzu etməyənlərdir. Çünki bəzi valideynlər övladının məktəbi bitirən kimi əsgər getməsindən narahat olurlar. Onlar istəyirlər ki, uşaqları ali təhsil alsın və bu müddətdə bir qədər də böyüsün”.
Qeyd edək ki, bu qanun 2009-cu ildə qəbul olunub və 2010-cu ildən icra olunur. Bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 8 komissiya fəaliyyət göstərir. Bunlardan 2-si rus bölməsi üçün nəzərdə tutulub.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər