• cümə, 29 Mart, 03:14
  • Baku Bakı 7°C

“Hələ Müsavatın üzvüyəm...”

21.11.14 12:52 1136
“Hələ Müsavatın üzvüyəm...”
Səxavət Əlisoy: “Müsavatın üzvü olaraq qalıram, sabah işçi qrup yekun müzakirə aparacaq”
Tural Abbaslı: “Yəqin ki, yaranacaq fraksiya adından növbədənkənar qurultayın keçirilməsi tələb olunacaq”

“Mən özümü Müsavat Partiyasının üzvü sayıram. Saxtakar saydığım qurum tərəfindən partiyadan çıxarılmağım barədə verilən qərarın heç bir anlamı yoxdur. İşçi qrupun üzvü kimi də fəaliyyətimi davam etdirirəm”.
Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, Divan tərəfindən partiyadan xaric edilmiş Səxavət Əlisoy deyib. Ədalətin bərqərar olacağını vurğulayan S. Əlisoy bildirib ki, başqalarının necə düşünməsindən asılı olmayaraq, müsavatçı olaraq qalır. O, qurultayın nəticələrindən narazı qalan müsavatçıların yaratdıqları, partiyada fraksiya və növbədənkənar qurultayın keçirilməsi imkanlarını araşdıran işçi qrupun noyabrın 22-də keçiriləcək iclasında müzakirələrin yekunlaşacağını və gələn həftə hansı addımların atılacağının açıqlanacağını söyləyib: “İşçi qrupun üzvü olan Tural Abbaslı partiya daxilində fraksiya yaradılmasının tərəfdarıdır. Ancaq əks tərəf, qaragüruh haray-həşir qaldırır, bunun mümkün olmadığını bəyan edir. Qubad İbadoğlu bu gün xaricdən qayıdacaq, biz sabah yekun müzakirə aparacağıq”.
İşçi qrupun üzvü, Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı isə noyabrın 22-də partiyanın qərargahında qapalı toplantı keçirəcək işçi qrupun artıq tərkibinin də genişləndiyini, qrupun 20-dən çox üzvü olduğunu açıqlayıb. O, Səxavət Əlisoyu da işçi qrupun üzvü hesab etdiyini bildirib: “Səxavət Əlisoy partiyadan çıxarılıb. Ancaq mən bu qərarı ədalətsiz hesab edirəm və onu da işçi qrupun üzvü sayıram. Səxavət Əlisoy əgər istəyəcəksə, sabah qrupun iclasında iştirak edəcək. Kamil Xəlilbəyli və Mərkəzi-Nəzarət Təftiş Komissiyasının qərarı ilə haqsız yerə partiyadan çıxarılan üzvlər də qrupun iclaslarında iştirak edə bilərlər. Çünki biz hesab edirik ki, hər şey Nizamnamə çərçivəsində olmalıdır. İşçi qrupun yaradılmasının məqsədi də partiyadaxili münasibətlərin Nizamnamə çərçivəsində tənzimlənməsi, partiya daxilində fəaliyyət göstərmək üçün demokratik mühitin yaradılmasıdır. Mən və tərəfdarlarım əsasən fraksiya məsələsinə görə işçi qrupda fəaliyyət göstərmək istəyirik. Növbədənkənar qurultayın keçirilməsi də gündəlikdə var. Yəqin ki, yaranacaq fraksiya adından növbədənkənar qurultayın keçirilməsi tələb olunacaq. Nizamnamədə növbədənkənar qurultayın çağırılması ilə bağlı tələblər əksini tapıb. Ola bilsin ki, Nizamnamənin o tələblərinə uyğun qaydada hansısa addımlar atıldı. Hazırda işlər fraksiyanın formalaşdırılması, idarə olunması zəminində gedir”.
banner

Oxşar Xəbərlər