• cümə, 29 Mart, 03:12
  • Baku Bakı 7°C

Hələ ki onlardan qaçıram, çünki yaşım azdır...

26.11.13 10:48 2593
Hələ ki onlardan qaçıram, çünki yaşım azdır...
Ötən gün gənc ifaçı Aysel Əlizadə mətbuat nümayəndələrinə 5-ci klipi olan “Səndən başqa” klipini təqdim etdi. İfaçının bundan öncəki klipi ilin ən qalmaqallı və bahalı klipi kimi şou-biznes tarixində qaldı. Müğənni yeni klipinin də bahalı olduğunu, ancaq klipinin qiymətinə görə tanınması və söz-söhbətlərə səbəb olmasını istəmədiyini bildirdi. Onun sözlərinə görə, yeni klipinin qiymətinə ən azı 2-3 klip ərsəyə gətirə bilərdi. Amma o, hər zaman tamaşaçılara səviyyəli iş təqdim etməyin tərəfdarı olub.
Aysel Əlizadə “Kaspi”yə müsahibəsində yeni klipi barədə danışdı və Türkiyə şou-biznesinə qatılmaq istəmədiyinin səbəblərini açıqladı.
Klipim qalmaqal yaradacaq

- Aysel xanım, sizcə, təqdim etdiyiniz klipiniz digər klipləriniz kimi tamaşaçıların marağına səbəb ola biləcəkmi?

- Bəli. Düşünürəm ki, bu klipim də digərləri kimi tamaşaçıların böyük marağına səbəb olacaq. Tamaşaçıların klipə münasibəti, onun cəmiyyət içində tutduğu mövqe mənim üçün çox önəmlidir. Mənim üçün ən əsas təqdim etdiyim klipin keyfiyyəti və onun tamaşaçılar tərəfindən düzgün qiymətləndirilməsidir. Səhnədə olduğum müddətcə pərəstişkarlarıma yüksək keyfiyyətli klip təqdim etməyə çalışmışam. Sualınıza cavab olaraq onu deyə bilərəm ki, bu klipimin də “Ulduzlar” klipim qədər qalmaqal yaradacağını gözləyirəm. Düşünürəm ki, bu da başqa cür qalmaqal yaradacaq. Güman edirəm ki, “Səndən başqa” klipi də barmaqla göstərilə biləcək kliplərin sırasına daxil olacaq. Klipimin onluqlarda və hit mahnılar sırasında, sözün yaxşı mənasında qalmaqal yaradacağını gözləyirəm.
- Bundan öncəki klipinizi də türk rejissoru Teoman Topçu çəkmişdi. Bildiyimiz qədəri ilə, həmin rejissor Türkiyədə ən bahalı rejissorlar sırasındadır. Pulunuz o qədərmi çoxdur?

- (gülür) Bundan öncəki klipimi Teomana çəkdirdim və onun əl işinə tam bələd oldum. Həmin rejissorun işini bəyənmişəm ki, ikinci dəfə ona müraciət etmişəm. Düşünürəm ki, bundan sonrakı klipimi də Teomana çəkdirəcəyəm. O, öz işini düzgün görür, klipi dediyi vaxtda ərsəyə gətirir, ona hər hansı işi verərkən üzərində böyük məsuliyyət hiss edir. Teoman mənim istəyimdən də artıq və gözəl bir nəticə ortaya çıxarır. Klip çəkilişlərində son ana qədər Teomanın necə bir klip ərsəyə çıxaracağını bilmirəm. Bu məni heç maraqlandırmır da. Mənim üçün hər zaman nəticə maraqlı olub. O, mənə hər zaman işin sonunda gözəl klip təqdim edib. Hər bir müğənni istəyir ki, işini bilən, məsuliyyətli biri ilə işləsin. Bu da mənə qismət olub.
“Məni bəyənin”

- Bəs Türkiyə şou-biznesinə qatılmaq necə, fikriniz varmı?

- Türkiyə şou-biznesinə qatılmaq üçün mənə bir neçə dəfə dəvətlər gəlib. Nəinki şou-biznesinə, hətta türk filmlərinə çəkilmək üçün də dəvət almışam. Türkiyədə yaşayan dostlarım mənə orada dəstək olmaq istəyirlər. Türkiyə şou-biznesinə qatılmaq olar, ancaq ora səviyyəli şəkildə qatılmaq və öz ölkəni mükəmməl şəkildə təqdim etmək lazımdır. Bu gün bizdə Türkiyə şou-biznesinə qatılan müğənnilərin içərisindən təkcə bir nəfəri deyə bilərəm ki, vətənini Türkiyədə çox gözəl təmsil edir. Ad çəkmək istəmirəm, ancaq onun adı tamaşaçılara bəllidir. O insan hər kəsin gözü qarşısındadır və hər kəs bilir ki, kim Türkiyə şou-biznesinə necə qatılıb və orada hansı şəkildə fəaliyyət göstərir.
- Bilmək olar o kimdir?

- Gizlətmirəm, bu insan Röyadır. Röya ilə mən eyni məktəbdə bir yerdə oxumuşuq. Röyanın ifa etdiyi mahnıları çox sevirəm. Ona hörmətim bir idisə, ikiqat oldu. Çünki o, Türkiyə şou-biznesinə qatılandan türk mətbuatına müsahibələrini Azərbaycan dilində verirdi. O, dilini dəyişib başqa dildə danışaraq demirdi ki, sən Allah, qurban olum, məni bəyənin. Röya deyirdi ki, mən azərbaycanlıyam, məni qəbul edirsinizsə, belə qəbul edin. Onun bu xasiyyətini çox bəyənirəm və onu hər zaman da dəstəkləyirəm. Mənim də dediyim budur. Röyanın uğurlarına çox sevinirəm. Təki, o, Türkiyədə də nömrə bir olsun, necə ki, Azərbaycanda elədir. Güman edirəm ki, Türkiyənin ən yaxşı ifaçıları sırasına çıxacaq da. Sadəcə, bunun üçün bir az əziyyət çəkməlidir. Necə burada çəkib, eləcə də Türkiyədə o əziyyətlərə qatlaşıb orada da nömrə bir olmağa qədər yüksələr, inşallah. Mənim də istəyim onun kimi yüksək səviyyədə vətənimi nəinki Türkiyədə, bütün dünyada təmsil etməkdən ibarətdir. Bundan əlavə, orada doğru insanlarla iş görmək də əsas məsələlərdən biridir. Mən əgər Türkiyə şou-biznesinə qatılaramsa, ancaq bu şəkildə fəaliyyət göstərərəm. Yox, əgər mən Türkiyə şou-biznesinə qatılıb onlara yalvaracağamsa, onlara yalvardığıma görə burada mənim torbamı tikəcəklərsə, sonra arxamca yüz söz-söhbətlər deyəcəklərsə, o məşhurluq mənə lazım deyil.
Mən onlardan qaçıram

- Qeyd etdiniz ki, sizə Türkiyədən film təklifləri gəlib. Bəs niyə getmədiniz?

- Mən hələ ki onlardan qaçıram. Çünki mənim yaşım azdır. Filmdə çəkilmək mənim üçün hələ çox tezdir. İndi mənim işləyən vaxtımdır. Ola bilər ki, növbəti illərdə məşhur filmlərdə oynamaq üçün mənə yenə təkliflər gəlsin, o zaman o təklifləri düşünüb dəyərləndirməyə çalışacam.
- Bəlkə heç qarşıdakı illərdə sizə film təklifi gəlmədi, onda necə?

- Mən bilirəm ki, gələcək, hətta ondan yaxşı təkliflər də gələcək. Buna əminəm. Belə deməklə düşünməyin ki, özümdən razıyam. Getməməyimə əsas səbəb öz sənətimlə məşğul olmağımdır. Yəni istəyim odur ki, burada kifayət qədər ifaçı kimi tanınım, sevilim, ondan sonra gedib aktrisa kimi fəaliyyətimi davam etdirim. Düzdür, bu gün Türkiyəyə gedib bir filmə çəkilsəm, Azərbaycan xalqı məni sevəcək və daha çox tanıyacaq. Xarici filmdə çəkilən müğənni kimi burada tanınmağım daha da sürətlənəcək. Ancaq mən ifaçılıq sənətini daha çox sevirəm. Sənətimə görə mən o məşhurluğu istəmədim.
- Eşitdik ki, növbəti klipin çəkilişlərinə hazırlaşırsınız.

- Bəli. Yaxın gələcəkdə yeni klip çəkilişlərinə başlamağı düşünürəm. Klip çəkilişləri üçün Türkiyəyə gedəcəm. Yeni klipim Türkiyədə çəkiləcək. Ondan sonra tamaşaçılara sürpriz edəcəm.
- Necə?

- Klipim ərsəyə gəldikdən sonra konsert proqrammı ilə tamaşaçılarımla görüşməyi planlaşdırıram. Konsertin təşkilatçılığını Nahid Emiloğluna həvalə etməyi düşünürəm.
- Aysel xanım, yaradıcılığınıza nəzər yetirsək, daha çox lirik mahnılara yer ayırırsınız. Buna səbəb nədir?

- Əslində mənim şən mahnılarım da var. Onlardan “Gizli sevgi”, “İçin-için”, “Hələ döyünür” kimilərini misal gətirə bilərəm. Sadəcə olaraq, lirik mahnılarım daha çox dinlənilir. Hər kəs deyir ki, mən həyatda şən insanam. Doğurdan da eləyəm, yəni deyib-gülməyi, əylənməyi sevirəm.
Ümumiyyətlə, mahnını ifa edəndə tək özümü düşünmürəm. Düşünürəm ki, bu gün insanlar nədən daha çox əziyyət çəkir. Görürəm ki, cəmiyyətdə sevgiyə həsr olunmuş mahnılar daha çox reytinq qazanır. Mən də sevənlərin qəlbini oxşamaq üçün lirik mahnılara daha çox üstünlük verirəm. Özüm də mahnılarımı bəyənərək, ona can qoyaraq ifa edirəm. Mahnılarıma ürəyimi qoyuram. O, ürək olmasa, tamaşaçılara mahnılarımı çatdıra bilmərəm.
Toylar olmasa bataram

- Mahnını seçərkən daha çox nəyə üstünlük verirsiniz?

- Mahnını seçərkən ilk olaraq onun sözləri mənim üçün çox önəmlidir. Repertuarımda bir çox mahnılar var ki, mahnının sözləri də, musiqisi də çox gözəldir. Ancaq onun reytinq qazanacağına inanmıram. Daha çox ifa etdiyim mahnıların isə bilirəm ki, dinləyicisi çox olacaq.
- Hazırda müğənnilərin əsas gəlir mənbəyi toylardır. Siz toylara gedirsinizmi?

- Əlbəttə, gedirəm. Toylar olmasa bataram. Çox təəssüflər ki, Azərbaycan şou-biznes nümayəndələrinin gəliri yalnız və yalnız toylardandır. Toylar bizim gəlir mənbəyimizdir, bizim üçün əvəzolunmazdır. İfaçılarımız konsertlərdən və albomlardan gəlir əldə edə bilmirlər. Ümid edirəm ki, gələcəkdə bizdə də elə bir vəziyyət yaranar ki, digər ölkələrdəki kimi konsertlərdən və albomlardan gəlir əldə edə bilərik.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər