• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

Hələ kəşf olunmamış nə qədər uşaq var - Fotolar

28.05.19 11:30 13779
Hələ kəşf olunmamış nə qədər uşaq var - Fotolar
"Hazırda mənim 4 uşağım - 2 qızım, 2 oğlum burada oxuyur və hər birinin təhsil səviyyəsindən çox razıyam. Çünki uşaqları məktəbə arxayınlıqla göndərirəm. Fikrim yanlarında qalmır ki, görəsən dərslərini necə öyrənirlər, çatdıra bilirlərmi? Həm təlim, həm tərbiyələri ilə bağlı heç vaxt narahatlıq keçirməmişəm. Bu məktəb uşaqları sosiallaşdırır. Müxtəlif tədbirlərin, görüşlərin, olimpiadaların təşkil edilməsi uşaqların dünyagörüşünün inkişafına müsbət təsir edir. Digər məktəblərin uşaqları ilə müqayisə edəndə görürəm ki, bizimkilər fikirlərini daha aydın ifadə edir, həmyaşıdları ilə tez əlaqə qururlar. Yəni, uşaqlar burada komplekssiz böyüyürlər. Hər sahə üzrə öz işinin professionalı məşğul olur deyə, fərq dərhal hiss olunur”.

Bu sözlərin müəllifi olan həmsöhbətimizin fikrincə, fərqlərdən biri də uşaqların dərsdən sonrakı vaxtını necə keçirməsidir. Belə ki, başqa məktəbin valideynləri ilə həmsöhbət olanda görürəm ki, uşaqlarının dərsdən sonrakı vaxtının səmərəsiz keçməyindən şikayətlənirlər. Deyirlər ki, dərsdən sonra uşaq gəlir və ancaq planşetdə, telefonda müxtəlif oyunlar oynamaqla vaxtını keçirir. Amma bu məktəbin dərsdən sonra dərnəklərinin, idman məşğələlərinin olması çox böyük üstünlükdür. Yəni, uşaq dərsdən sonrakı vaxtını da səmərəli keçirir. Məsələn, mənim oğlumun futbola böyük həvəsi var. Dərsdən sonra məktəbin idman zalında müəllimi ilə birlikdə futbolla məşğul olur. Başqa uşaqlardan kimi teatr dərnəyinə, kimi gimnastikaya, kimi şahmata gedir. Bir sözlə, burada dərsdən sonra uşağın məşğul olması üçün hər cür şərait yaradılıb. Amma çox istərdik ki, idman növləri arasında üzgüçülük də olsun (gülür)”.

Bir təhsil ocağı haqqında ən obyektiv fikri valideyn deyə bilər
Yəqin ki, yazını, bu oxuduqlarınızın hamısını xəyalınızda canlandırıb, "həqiqətən belə bir məktəb var” - deyə özünüzə sual verirsiniz. Bəli, var. "Kaspi” liseyi. Təhsil ilini başa vurduğumuz bir dönəmdə "Kaspi” liseyinin Bakıxanov filialına baş çəkib, illik fəaliyyətlərinə dair reportaj hazırlamaq qərarına gəldik. Qapıdan içəri girən kimi, övladlarının dərsdən çıxmasını gözləyən valideynlərlə qarşılaşırıq. Bir təhsil ocağı haqqında ən obyektiv və səmimi fikirləri məhz valideynlərdən öyrənmək olar. Bu məqsədlə də onlara yaxınlaşıb həmsöhbət oluruq. Elə yazının giriş hissəsində oxuduğunuz fikirlər də danışdığımız xanım valideynlərdən birinin "Kaspi” liseyi ilə bağlı dediklərindəndir.

İngilis dili Kembric proqramı əsasında həyata keçirilir
Valideynlərlə sağollaşıb, lisey haqqında daha geniş məlumat əldə etmək üçün rəhbərliyin olduğu otağa yollanırıq. "Kaspi” liseyinin Bakıxanov filialının direktoru Məhəmməd Nağıyevlə həmsöhbət oluruq. Direktor liseyin fəaliyyətindən, uğurlarından söz açır: "2014-cü ilin sentyabr ayından fəaliyyət göstəririk. Liseyimiz Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl müəssisədir. Tədrisin əsasları da Təhsil Nazirliyinin proqramına əsasən qurulub. Amma özəl lisey olduğumuz üçün bəzi əlavələrimiz var. Bu əlavə isə sadəcə ingilis dili fənnində olur. Belə ki, bizim liseydə ingilis dili Kembric proqramı əsasında həyata keçirilir və şagirdlərimiz də yekunda Kembric sertifikatları ilə mükafatlandırılır. Dildə müəyyən səviyyələr var. Uşaqlarımız mərhələli şəkildə onları keçdikcə, səviyyələrinə uyğun beynəlxalq sertifikatlar verilir. Hansı ki həmin sertifikatlarla şagirdlərimiz həm yerli, həm də xarici universitetlərə müraciət edib qəbul ola bilərlər”.

Texniki və sosial bacarıqları inkişaf etdirmək üçün layihələr
M.Nağıyev liseydə tədrisin inkişafı üçün hər bir şəraitin yaradıldığını qeyd edir: "Müasir standartlara uyğun laboratoriyalar, kitabxanalarımız var. Şagirdlərimizin liseyin nəzdində olan müxtəlif dərnəklərdə, idman dərslərində iştirak etmələri üçün hər cür şərait yaradılıb. Onların texniki və sosial bacarıqlarını inkişaf etdirmək üçün bir sıra layihələrimiz olur. Teatr, rəqs, musiqi və ümumilikdə incəsənətin digər sahələri sosial bacarıqlara aiddir. Texniki bacarıqlara gəlincə, isə bizim robotexnika proqramlaşdırma dərnəklərimiz var. Şagirdlərə texniki istiqamətdə dərslər keçilir. Bu sahədə peşəkarlaşdıqdan sonra artıq beynəlxalq layihələrə və yarışlara qatılırlar. "Kaspi” liseyi - Bakıxanov son 3 ildə 50-dən çox beynəlxalq layihədən medalla geri dönüb. Bu il Rumıniyada keçirilən infomatrix yarışından 15 medalımız var. Bunların üçü gümüş, on ikisi isə bürüncdür. Həmçinin şagirdlərimiz "Sabahın alimləri”, "Dünya robot olimpiadası” kimi yarışlarda iştirak edib, uğur qazanıblar. Liseydə fənn olimpiadalarına hazırlıq mərkəzi var ki, burada şagirdlərimiz ilk növbədə Azərbaycan finalına, ondan sonra isə dünya finalına çıxmaq üçün hazırlanır. Bunu Təhsil Nazirliyi ilə birgə həyata keçiririk”.

Valideynlərin maariflənməsi üçün psixoloqla seminarlar
Təhsil sahəsində əsas olan məsələlərdən biri də məktəb, şagird, valideyn üçlüyü arasında qurulan əlaqədir. Çox təəssüflər olsun ki, bir çox məktəblərimizdə bu əlaqənin zəifliyi, yaxud da yoxluğu ucbatından xoşagəlməz hadisələr baş verir. Maraqlıdır, "Kaspi” liseyində bu əlaqə necə və hansı səviyyədə qurulur: "Bizdə direktor müavinlərinin təqib etdiyi xüsusi bir proqram var. Hansı ki burada sinif rəhbərləri vasitəsilə valideynlərlə əlaqə yaradılır. Əslində, bu digər orta məktəblərdə də var. Lakin biz bu məsələdə çox həssas olduğumuz üçün özümüzün fərqli yanaşmamız olur. Belə ki, valideynləri maksimum dərəcədə məktəbə cəlb etməyə çalışırıq. Məsələn, müxtəlif layihə olimpiadaları, yarışlar keçiririk. Uşaqlar valideynləri ilə birlikdə məktəbdə yarışa hazırlaşır. Bundan başqa, çay saatlarımız olur. Həmin saatlarda bir süfrə arxasında əyləşərək bəzi məsələləri müzakirə edirik. Həmçinin valideynlərlə fərdi görüşlərimiz baş tutur. Onlar dərs prosesini izləyirlər, liseyimizlə daha yaxından tanış olurlar. Liseyimizdə "Milli yaddaş” günləri keçirilir. Həmin günlərdə dünyanın və ölkəmizin tanınmış ziyalılarını şagirdlərimizlə görüşə dəvət edirik. Təbii ki, bu görüşlərdə valideynlər də iştirak edir. Liseyimiz valideynlərin maariflənməsi üçün psixoloqla seminarlar keçirir. Həmin seminarlarda valideynin məktəbə, şagirdə yanaşması ilə bağlı söhbətlər olur. Ən əsas məsələlərdən biri də odur ki, valideynləri liseyimizin yeməkxanası ilə tanış edirik. Çünki onlar üçün uşaqlarının necə və nə ilə qidalanması vacibdir”.

Hər müəllimin öz intizam qaydaları var
Məhəmməd bəy söhbətimiz zamanı həm özünün, həm də liseyin fəaliyyətində direktor müavinlərinin rolunun böyük olduğunu qeyd etdi. Bu filialdakı 4 direktor müavini ilə həmsöhbət olduq. İlk olaraq ibtidai siniflər üzrə direktor müavini Töhfə Miriyeva ilə danışırıq. Hamımızın da bildiyi kimi, ibtidai sinif uşaqların məktəb həyatına uyğunlaşması baxımından ən çətin dövrdür. Belə ki, uşaqların 45 dəqiqə ərzində parta arxasında oturub müəllimi dinləməsi, dərsə, kitaba alışması bir az zaman alır. Həmin müddəti yaxşı keçirmək üçün müəllimlərdən böyük əzm və iradə tələb olunur. Töhfə xanım deyir ki, uşaqların uyğunlaşması 2 həftə çəkir: "Liseyə uşaqları imtahanla qəbul edirik və ilk növbədə onların psixoloji vəziyyətlərini yoxlayırıq. Bəzən yazılı imtahanla uşaq özünü tam göstərə bilmir. Amma biz şifahi sorğu-sualla onun bilik və bacarığını düzgün qiymətləndirməyə çalışırıq. Liseyimizdə hər müəllimin öz nizam-intizam qaydası var. Uyğunlaşma məsələsinə gəlincə isə, 2 həftə çəkir. Bizdə davranış qaydaları yazılan bir vərəq hazırlanır və hər sinifdə lövhədən asılır. Şagirdlərimiz də həmin qaydalara riayət etməyə çalışırlar. Həmçinin "kitab oxu” yarışlarımız olur. İlin sonuna qədər ən çox kitab oxuyan şagirdimizə sertifikat və müxtəlif hədiyyələr veririk. Əsas dərslərdən sonra hazırlıq, həftənin iki günü isə dərnək saatları keçirilir. Bu saatlara rəqs, gimnastika, şahmat, parlaq zəka, teatr, cüdo, voleybol, basketbol, futbol, "xanım qızlar” və ingilis dilində danışıq saatları daxildir”.

Müəllimlər valideynlərə uşaqları ilə bağlı məlumat verir
Direktor müavini ibtidai sinifdə valideynlə əlaqənin daha sıx olduğunu deyir: "Valideynlər daim uşaqlarının bilik səviyyəsi ilə maraqlanırlar. Demək olar ki, hər gün müəllimlərimiz valideynlərə uşaqları ilə bağlı məlumat verirlər. Həm üz-üzə görüşlər, həm də telefon danışıqları olur. Valideynlər qidalanma ilə də maraqlanırlar. Qeyd edim ki, ibtidai siniflərimizdə qidalanma gündə 2 dəfə: birinci saatdan sonra şirniyyat, 5-ci dərsdən sonra isə əsas yemək saatı olur. Yeməkdən sonrakı 1 saat tənəffüsdə isə əyləncəli vaxt keçirirlər. Hava yaxşı olanda müxtəlif oyunlar oynayırlar, soyuq olanda da oyun zallarında yarışlar keçirirlər. Hər sinfin ikinci müəllimi olur. Bu saatları 2-ci müəllimlə keçirirlər. Bundan başqa, liseyin dəhlizlərində kiçik kitabxanalar var. Oradan kitab götürüb oxuyurlar və ya oxuduqları kitabları müəllimlərinə danışırlar. Fərqli layihələrimiz, yarışlarımız, ekskursiyalarımız, gəzintilərimiz olur”.

Riyaziyyat və ingilis dili dərsləri səviyyələrə bölünür
Töhfə xanımla ibtidai siniflərlə bağlı olan söhbətimizi bitirdikdən sonra 5-7 siniflər üzrə direktor müavini Fidan Səfərovanın yanına gedirik. 5-ci sinif - uşaqların uzun müddətdir ki, alışdıqları ibtidai sinifdən ayrılaraq təhsilin yeni səviyyəsinə qədəm qoyduqları dövrdür. Fidan xanım deyir ki, burada da şagirdlərin yeni mərhələyə adaptasiya olması bir az çətin olur: "Şagirdlər ibtidai sinifdə bir müəllimə öyrəşirlər, amma 5-ci sinifdən hər fənni fərqli müəllimlər keçir deyə, bu dönəmdə uşaqlar bir az çətinlik çəkirlər. Amma bir müddət sonra alışırlar, hər şey qaydasında olur. Liseyimizdə riyaziyyat və ingilis dili dərsləri səviyyələrə uyğun olaraq bölünür. Bu səviyyələr də imtahan nəticəsində bəlli olur. Hiss etmişəm ki, uşaqlarımızın ingilis dili dərslərinə marağı daha çoxdur. Çünki həmin dərsin müəllimləri dərs prosesinin daha aktiv, əyləncəli keçməsini təmin edirlər. Bu da uşaqlarda öyrənməyə həvəs yaradır. Əsas dərs saatlarından sonra gücləndirmə dərsləri olur. Burada köməkçi müəllimlər var, onlar əsas müəllimin keçdiyi dərsin güclənməsi üçün uşaqlarla xüsusi test tapşırıqları edir”.

Olimpiadalara xüsusi maraq və həvəslə qatılırlar
Həmsöhbətimiz deyir ki, 5-7-ci siniflərdə uşaqlar fənlər üzrə beynəlxalq olimpiadalara hazırlaşırlar: "Şagirdlərimiz ilk mərhələni keçiblər, indi isə 2-ci mərhələyə hazırlaşırlar. Həftənin iki günü 4 saat uşaqlarla sırf bu istiqamətdə hazırlıqlar olur. Beynəlxalq olimpiadalarda yaxşı nəticə göstərən şagirdlərimiz dünyanın bir sıra universitetlərindən oxumaq üçün dəvət alır. Ona görə şagirdlərimiz bu olimpiadalara xüsusi maraq və həvəslə qatılırlar”.

Müəllimlik qazanc məqsədli iş deyil
Daha sonra 8-9-cu siniflər üzrə direktor müavini Zamin Hüseynovla şagirdlərin dərsə hazırlıq prosesindən, yanaşmalarından danışırıq. Zamin bəy deyir ki, təhsil sahəsində işləmək sevgi, səbir tələb edir: "8-9-cu siniflər uşaqların böyüdüyü, müəyyən qərarları özlərinin verdiyi, şəxsiyyət kimi formalaşdığı yaş dövrüdür. Bu dövr də müəllimlərdən səbirli olmağı tələb edir. Mən bunu həmişə demişəm, müəllimlik qazanc məqsədli iş deyil. Bu sahədə çalışmaq üçün səbirli olmalısan, işini sevməlisən, peşənə hörmət etməlisən. Hər gün işə gülərüz gəlməlisən. Bu, məcburiyyətdən yox, sevgidən olmalıdır. 16 ildir təhsil sahəsində çalışıram və dərsə qəmgin, əsəbi üz ifadəsi ilə girdiyimi xatırlamıram. Bu yaşdakı şagirdlərlə düzgün ünsiyyət qurmağa, onlarla dost münasibəti saxlamağa çalışırıq. Əlaqəni elə qurmaq lazımdır ki, şagird valideyninə belə deyə bilmədiyini müəllimlərinə desin. Təbii ki, bu işdə valideynlərin də bizə dəstəyi olmalıdır. Biz valideyn, şagird və məktəb əlaqələrini möhkəmləndirmək üçün "Valideyn məktəbi” adı altında təlimlər təşkil edirik. Burada valideynə yaş dövrünə görə uşağı ilə necə ünsiyyət qurmalı, ünsiyyətin hansı mərhələlərdən ibarət olduğunu deyirik”.

Onların dərslərə hazırlıq səviyyələrini təqib edirik
10-11-ci siniflər isə şagirdlərin abituriyent, həyatın yeni mərhələsinə qədəm qoymağın bir addımlığında olduğu dönəmdir və həmin dövrdə şagirdlərin ixtisas seçimi etməyində müəllimlərin rolu böyük olur. Bu siniflər üzrə direktor müavini isə Sahil Əliyevdir. Direktor müavini qeyd edir ki, həmin dövrdə şagirdlər təkcə öz ölkəmizdə olan imtahanlara deyil, həmçinin xaricdə təhsil üçün də hazırlaşdırılır: "Bizdə 10-cu, 11-ci siniflərin qurulma şəkli tam olaraq kurs formatında olur. Yəni, şagirdlər seçəcəyi ixtisas üzrə qruplara bölünürlər və bu şəkildə intensiv dərslər keçirilir. Liseyimiz bu sahədə də öz fərqliliyini ortaya qoyur. Belə ki, kurs dərslərində siniflər səviyyələrə görə bölünürlər. Məsələn, bir şagird fizikada güclüdürsə, güclü qrupda, kimyada zəifdirsə, zəif qrupda olur. Yəni, hər dərsin öz səviyyə qrupları var. Bu, tədrisin keyfiyyətlilik dərəcəsini artırmağa kömək edir. Şagirdlərimiz təkcə öz ölkəmizdə olan imtahanlara deyil, həmçinin xaricdə təhsil üçün də hazırlaşdırılır. Bu hazırlıqların çox gözəl nəticələri olur. Hazırda xaricdə oxuyan çoxsaylı tələbələrimiz var. Onu da qeyd edim ki, biz sadəcə, şagirdlərimizə dərs keçməklə kifayətlənmirik. Həmçinin onların dərslərə hazırlıq səviyyələrini təqib edirik”.
Müəllimlər uşaqların ixtisas seçimində yaxından iştirak edir
Sahil müəllim deyir ki, müəllimlər uşaqların ixtisas seçimində yaxından iştirak edirlər: "Biz ilboyu şagirdlərimizi müşahidə edirik. Bəzən valideynlərinin təkidi və ya özləri hansısa hissin təsiri altında müəyyən ixtisasa yönələ bilirlər. Hansı ki bizim müşahidəmizə görə, seçdiyi ixtisas onun ya təbiətinə tərsdir və ya seçdiyi ixtisasın qrupunda olan fənləri oxumağa gücü çatmır. İlk olaraq biz bunu düzəltməyə çalışırıq ki, şagirdlərimiz düzgün ixtisası seçsinlər. Seçimlər isə müəllimlərimizin və psixoloqumuzun keçirdiyi sorğu nəticəsində bəlli olur. Nəticələrə əsasən də şagirdləri qruplara bölürük. Daha sonra qruplarımızda imtahanlar keçirib, həmin imtahan ballarına uyğun olaraq şagirdlərimizi yönləndiririk. Xaricdə oxumaq istəyən şagirdlərimiz üçün isə "Kaspi Qlobal” şirkəti köməklik edir. Xaricdə təhsillə bağlı şagirdlərin bilməsi lazım olan bütün məlumatlar verilir”.
Teatr dərnəyi şagirdlərin inkişafında böyük rol oynayır
Daha sonra "Kaspi” liseyinin tədbirlərində çıxışlarını heyranlıqla izlədiyimiz uşaqları hazırlaşdıran, onların səhnə qabiliyyətini kəşf edən liseyinin rejissoru, teatr dərnəyinin müəllimi Gülnarə Allahverdiyeva ilə həmsöhbət oluruq. Müəllimə deyir ki, bəzən kəşflərdə yanılmaları olsa da, çox zaman düzgün seçim edir: "Teatr dərnəklərimiz 2-ci sinifdən 8-ci sinfə qədər olur. İbtidailər ilə böyük siniflər fərqli saatlarda gəlirlər. Onların inkişafında bu dərnəklərin böyük rolu olur. Teatr dərnəyinə gələn uşağın hansı potensiala sahib olduğuna bələdəm deyə, tədbirlər zamanı kimə hansı rolu verəcəyimi bilirəm. Çünki teatr dərnəyində dərslər zamanı onları kəşf etmək olur. Hətta bəzən teatr dərnəyinə üzv olmayan uşaqların istedadını müəllimləri və ya şagird yoldaşları görüb mənə yönləndirirlər. Amma onu da deyim ki, hələ kəşf olunmamış nə qədər uşaq var. Uşaqların potensialını yoxlamaq üçün isə onlara kiçik rollar verirəm. Bir neçə dərsdən sonra hansı uşağın nəyə qadir olduğu bilinir”.
Günel Azadə

banner

Oxşar Xəbərlər