• cümə axşamı, 28 mart, 15:38
  • Baku Bakı 16°C

“Hələ də məni axtarırlar”

25.08.18 10:00 1839
“Hələ də məni axtarırlar”
İstirahət etmək gözəldir, yetər ki, seçdiyin məmləkətin gözəl mənzərəsi və səfalı təbiəti olsun. Xaricdə yaşayan soydaşlarımızın da istirahət etmək üçün məhz doğma torpağını, vətənimizi seçməsi heç də təsadüfi deyil. Elə Türkiyədə yaşayan tanınmış aktrisa Cəmilə Tağızadə kimi. Ailə qurduqdan sonra həyat yoldaşı ilə İstanbulda yaşayan, gündəmli həyatdan ayrılıb, özünə kiçik dünya yaradan aktrisa "Kaspi”-nin qonağı oldu.
Türkiyədə yaşadığı müddətdə həyat yoldaşının keçmiş xanımı tərəfindən məhkəməyə verilməsi ilə bağlı medianın gündəmində yer alan xəbərlərə sosial şəbəkə vasitəsi ilə cavab verməyə çalışan Cəmilə Tağızadə ilə canlı söhbət etmək imkanı əldə etdik.

- Cəmilə xanım, sizi vətəndə xoş gördük.
- Təşəkkür edirəm. Vətənim, anam, dostlarım, həmkarlarım üçün çox darıxmışdım. Onlarsız yaşamaq həqiqətən çətindir.
- Nədənsə ailə qurandan sonra yaradıcılığınızda durğunluq hökm sürür.
- Bu bir il həyatımın ən çətin ili oldu desəm, yəqin ki, yanılmaram. Ailə qurduqdan sonra sənətimdən uzaq düşdüm, ruh düşkünlüyü, depressiya, passivlik bir-birini əvəzləməyə başladı. Sanki birdən-birə yuxarıdan quyunun dibinə düşdüm. Ailə problemləri ilə qarşılaşdım. Çox çətinliklə özümü bu quyudan çıxardım. Bilirsiniz ki, Türkiyədə sənət cameəsində deyiləm. Orda özümü ruh kimi hiss edirdim.
Açığı, bir qədər özüm bu sahədən uzaqlaşdım. Ailə problemlərim var idi, çalışırdım onları qaydasına salım. Birdən-birə işə köklənə bilməzdim. İndi həmin problemlər öz həllini tapır. Tezliklə məni maraqlı layihələrdə görə bilərsiniz. İlk məqsədim İstanbulda teatrda işləməkdir. Hələ ki heç yerə müraciət etməmişəm. Bir dəfə kastinqə müraciət etdikdə gördüm ki, orada kastinqlər ödənişlidir. Bakıda baş rolları, qəhrəman obrazları yaradan aktrisa gedib birdən-birə "masovka”da çəkilməz. Ən azından mən bunu qəbul edə bilmərəm. Nə olsun ki, ora Türkiyədir. Öz statusumu qoruyub saxlamaq istəyirəm. Bu mənim üçün çox vacibdir.

- Türk filmlərinin, seriallarının bu qədər inkişaf etdiyi bir zamanda sizi o seriallarda görə bilmirik...
- Düzdür, türk serialları və filmləri çox keyfiyyətlidir, ancaq Azərbaycanda da gözəl seriallar çəkilir. Türk seriallarına ayrılan pullar bizim seriallara ayrılsa, təbii ki, biz daha gözəllərini çəkə bilərik. Gərək insan özününkünü heç yerdə pisləməsin, mən buna qarşıyam. Çox zaman deyirlər ki, türklər belə möhtəşəm çəkirlər, bəs bizdə o əjdahadan niyə yoxdur? Əzizlərim, türklər böyükməbləğli filmlər çəkirlər. Həmin məbləğə çəkilən serialla bizim rejissorların çəkdiyi filmi müqayisə etmək çox gülüncdür. Tədricən bizdə də o cür seriallar çəkiləcək.
O ki qaldı sualınıza, mənim dil problemim olduğu üçün seriallarda çəkilə bilmirəm. Əgər onların layihələrində iştirak edirəmsə, mütləqdir ki, türklərlə bərabər türk dilini bilim. Sentyabrdan dil kursuna getməyi planlaşdırıram. İndi yoqa ilə məşğul olur, idmana gedir, kitab oxuyuram. Orada radioaparıcı kimi təklif alsam da, türkcəm zəif olduğundan işləmək fikrində deyiləm.
Türkiyə və Azərbaycanla bağlı layihə etmək istəyirdim. Sponsor məsələsinə görə layihə dayanıb. İstəyirdim veriliş bizim yerli televiziyalarımızın birində yayımlansın. Amma elə baha qiymət dedilər ki...
- Sonuncu dəfə rol aldığınız "Cehizsiz gəlinlər” serialında mənfi obraz canlandırdığınız üçün sanki insanların yaddaşında mənfi insan kimi qaldınız.
- Nədənsə insanlar elə düşünür ki, əgər aktrisa çəkildiyi serialda mənfi qəhrəmandırsa, deməli, həyatda da elədir. Hətta həmin ərəfələr küçəyə çıxdıqda, mənə yaxınlaşıb sual verirdilər ki, siz həyatda da pis insansınız? Bəzən insanlar reallıqla filmi qarışdırırlar. Bu da normal haldır. Aktrisayam, vəzifəm həvalə olunan obrazları canlandırmaqdır. Əgər mənfi qəhrəmanı da mən oynamasam, bu rolu kim oynayacaq? Həkimi, müəllimi, fəhləni gətirib oynatmayacaqlar ki.
- O serialda ən çox ağlayan aktrisa kimi də tarixə düşdünüz.
- Serialda elə ağlar günə qalmışdım. "Cehizsiz gəlinlər”də ən çox döyülən və ağlayan obraz idim.
- Serialın ssenaristinin sizinlə bir problemi yox idi ki?
- Qəti. Hər dəfə zarafata salıb deyirdim ki, yüz faiz siz ssenaristlərin mənimlə şəxsi-qərəzliyiniz var. Hər gələn məni döyür, şillənin, təpiyinin altına salırdı. Hələ məni həyatda bu yaşa qədər döyən olmamışdı. Serialda çox döyülməyimə baxmayaraq, bu obrazım məni çox tanıtdı.
- Bəs film olaraq ən son işiniz nə oldu?
- Son çəkildiyim film "İkinci pərdə” və "Çekpot” filmi oldu. Son serialım ARB telekanalında yaymlanan "Həkimlər” serialı idi. Ondan sonra bir çox film və serial təklifləri alsam da, çəkilmək imkanım olmadı.
- Türkiyədə fəaliyyətsiz yaşamağınızda həyat yoldaşınızın qısqanclığı nə qədər rol oynayır? O, sizə hər hansı qadağalar qoyubmu?
- Muradla ailə quranda mənə iki şərt qoydu. Bildirdi ki, açıq-saçıq geyinməyəcək, "18+” rollarda çəkilməyəcəksən. Mən onsuz da açıq-saçıq səhnələrə çəkilmirəm, ailəm də buna razı deyildi. Onun şərtləri mənə də uyğun olduğu üçün razılaşdım. Evlilikdə 5-6 ay qaynanam ilə birgə yaşadıq. Yoldaşımın ailəsi çox mehribandır. Sonra biz ayrı yaşamağa başladıq. Çox gözəl ailələri var, onlardan özümə qarşı pislik görməmişəm. Məni öz övladlarından ayırmırlar. Hər şey çox yaxşıdır. Sentyabrda məhkəməmiz var. O da həll olunsa, ümid edirəm ki, hər şey düzələcək.

- Həyat yoldaşınızın keçmiş xanımı sizdən konkret olaraq nə istəyir?
- Əslində məni çox xırda bir məsələyə görə məhkəməyə verib. Günümüzü qara edib. Saytların birində olan müsahibəmdə həmin qadını yalançı və fırıldaqçı adlandırmışam. Sən demə, o mənim bütün müsahibələrimi oxuyurmuş. O sözə ilişib, bildirir ki, onu təhqir edib, böhtan atmışam. Yoldaşımı da ayrıca məhkəməyə verib. Sentyabrda ayrı-ayrı məhkəmələrimiz olacaq.
- Türkiyədə sizi tanıyan varmı?
- Yoxdur. Onlar bizim yerli film və seriallarımızı izləmirlər. Bir ildir efirdə yoxam, uzaqlaşdığım üçün buradakı insanlar da məni tanımaqda bir az tərəddüd edirlər.
- Sizcə, bu bir illik yoxluğunuzda yerinizi kimsə doldura bildimi?
- Mənə elə gəlir ki, yox, mənim yerimi doldura bilməzlər (gülürük). Hələ danışılıram, müzakirə olunuram, hələ də məni axtarırlar. Sağ olsunlar, mənə film də təklif edirlər. Gözəl, keyfiyyətli filmlər olsa, burda olduğum müddətdə çəkilə bilərəm.
- Vətənə gələn kimi, su problemindən şikayət etməyə başladınız və məsələyə müvafiq qurumları da cəlb etdiniz.
- XXI əsrdə su problemi yaşayırıq. Qusarın Şirvanlı kəndində hələ də su problemi var. Vətənə gələr-gəlməz, dedim ki, kəndə gedim, torpağımın havasını udum, suyunu içim. Bilirsiniz ki, susuz həyat yoxdur. İki gün qalıb, üçüncü günü geri qayıtmalı oldum. Bir status yazdım, bu da saytların gündəm xəbəri oldu. Ümid edirəm ki, buna da bir əncam çəkərlər. Sağ olsun, mətbuatda çalışan dostlarımız məsələni ictimailəşdirdilər.
- Yazdığınız statuslar çox tez bir zamanda ictimailəşir.
- Elədir, məhkəmə ilə bağlı məsələmiz o qədər ictimailəşmişdi ki, insanlar düşünürdülər ki, mən vətənə boşanıb gəlmişəm. Çox şükür ki, həyat yoldaşımla əlaqəmiz yaxşıdır. Evin bir uşağıyam, indiyə kimi anamdan bu qədər uzaqda yaşamamışam. Düşündüm ki, bir az anamın qoxusunu alım. İnsan qürbətdə olanda, o qədər darıxır ki... Kim deyirsə ki qürbətdə rahat yaşayıram, yalan deyir. Mən vətənim üçün çox darıxıram. Millətim, ətrafım, dostlarım mənim üçün dəyərlidir. Heç bir dostumdan uzaqlaşmamışam, daima əlaqə saxlayıram. Sağ olsunlar ki, məndən üz döndərməyiblər.
- Mətbuatda çıxan xəbərlər ailənizdə hər hansı problem yaratdımı?
- Elə də problem yaratmadı, niyə də yaratsın. Düzdür, bir az söz-söhbət oldu.
- Siz ailə qurana qədər şəxsi həyatınız hər zaman gizlin qalıb. Ancaq bu məsələdə...
- Mən heç zaman şəxsi problemlərimi gündəmə gətirən olmamışam. İndiyə qədər şəxsi həyatımdan heç kimin məlumatı olmayıb. Hətta toyumuza iki gün qalmış dostlarım bilib ki, mənim toyum olacaq. Toydan sonra iki ay sosial şəbəkələrdə olmadım. Yoldaşımın keçmiş xanımı yerli media nümayəndələrini tapıb, onlara bizim əleyhimizə müsahibələr verməyə başladı. Bunu mən üzə çıxarmamışdım. Bir çox saytlar yazandan sonra açıqlama vermək məcburiyyətində qaldım. Mətbuatda çalışan elə dostlarım var ki, qadın onlara yazsa da, həmin xanımın açıqlamalarını yaymaqdan imtina etmişdilər. Ancaq bəzi saytlar reytinq xatirinə bunu yazmışdılar. Mən birinci dəfə açıqlama verməsəm də, bu məsələyə aydınlıq gətirməyə məcbur qaldım. Ailəm haqqında heç kimə açıqlama vermək niyyətində deyildim.

- Doğrudan da sizin ailə qurmağınız çox ani oldu. Həyat yoldaşınızla necə tanış olmuşdunuz?
- Dostum, tanınan aktrisa Natəvanın toyunda tanış olmuşdum. Elə həmin gecə saat 12-də Natəvan zəng edib dedi ki, "səni ərə veririk”. Nədənsə imtina etmədim, səhəri onunla görüşdük. Toyda Murad məni çox bəyənmişdi. O mənə evlilik təklifini etdikdə, öz şərtlərim oldu. Həyat yoldaşım məni ilk görüşdən bəyənmişdi. Amma açığı, mən istəmirdim. Çünki Murad çox kilolu idi. Mən də şərtimi dedim ki, arıqlasa, bəlkə düşünərəm. O da mənə görə 24 kilo arıqladı, siqareti tərgitdi, spirtli içkini azaltdı. Sözümü yerə salmadı və mənim könlümü aldı. Mən də onun mənim üçün çəkdiyi əziyyətləri qiymətləndirdim və ona "hə” dedim. Yoldaşımı çox sevirəm və elə onun etdiyi fədakarlıqlar üçün mən də fədakarlıq edib, sənətimdən, ailəmdən, vətənimdən uzağa getdim. Həyatda hər şey qarşılıqlıdır.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər