• cümə axşamı, 28 mart, 19:36
  • Baku Bakı 13°C

Hələ böyüyən deyiləm – Şou-biznes

22.05.15 06:57 1599
Hələ böyüyən deyiləm – Şou-biznes
Əkbər Əlizadə: “Uşaq təbiətliyəm, elə bil ki, yaşımın çoxluğu məni görəndə utanır”
Mayın 23-də Musiqili Teatrın gənc aktyoru, aparıcı, parodiyaçı, əməkdar artist Əkbər Əlizadənin doğum günüdür. Biz də “Gənclik qəzeti” olaraq gənc aktyorun doğum gününü təbrik edərək, ondan gələcək planlarını xəbər aldıq.
- Sabah doğum gününüzdür, bu münasibətlə sizi təbrik edirik. Bu günü kiminlə keçirməyi düşünürsünüz?

- Həmin gün aparıcısı olduğum “Space” telekanalının “Hər səhər” verilişində ürəyimə, qəlbimə daha yaxın dostlarımın ətrafında olacam. Belə ki, artıq veriliş hazırlanıb. Qismət olsa, bu həftənin şənbə günü “Space” kanalında səhər saat 9-a 20 dəqiqə işləmişdən saat 11-ə kimi efirdə mənim doğum günümü izləyə bilərsiniz. İndidən deyim ki, həmin gün tamaşaçıları çoxsaylı sürprizlər gözləyəcək. Həmin verilişdə özümü elə bir yöndən təqdim etmişəm ki, tamaşaçılar məni hələ indiyə kimi o ampluada görməyiblər. Əminəm ki, tamaşaçıları heyrətləndirə biləcəm. Siz məni parodiyaçı kimi də tanıyırsınız. Bu dəfə həddindən çox sevilən bir müğənnimizi parodiya etmişəm. Amma onun adını açıqlamıram. İstəyirəm ki, tamaşaçılar həmin gün baxıb, qiyməti versinlər. Doğum günümə həsr olunmuş o verilişdə ilk dəfə olaraq həyat yoldaşımla duet oxuyacağam. Bilirsiniz ki, həyat yoldaşım Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Xuraman Qasımovanın tələbəsi olub. Amma mən ona peşəsini davam etdirməyə izn vermədim. O da meyilini, istəyini uşaqlara bağladı.
- Həyat yoldaşınızın efirə, səhnəyə çıxmasını qadağa etməyinizə səbəb qısqanclıqdırmı?

- Qısqanclıq da var. Bir tərəfdən də övladlarımızın yaşı azdır. Kiçik övladımın 1 yaşı var. Onu evdə qoyub, işləmək bir qədər çətin olar.
- Adətən yaşın üstə yaş gələndə insan bir qədər kədərlənir. Bəs, sizdə necə?

- Yox, əksinə. Yaşımın üstünə yaş gəldikcə ətrafımdan, tamaşaçılardan enerji alıram. Elə bil ki, yaşımın çoxluğu məni görəndə utanır. Çünki o uşaqlıq hissləri qəlbimdə qabarıq şəkildədir. Ona görə də mənə elə gəlir ki, hələ böyüyə bilməyəcəm. Daxilən uşaq təbiətliyəm. Deyirlər həqiqətən aktyorlar uşaqtəbiətli, saf, qəlb itəmiz, kövrək olurlar. Mən doğrudan da həyatda bunun fərqinə varıram və özümdə bunu təsdiqləyirəm. Doğrudan da həddən ziyadə uşaqlaşıram.
- Geridə qoyduğunuz bu bir ilə baxanda nəyəsə heyfsilənirsinizmi?

- Geridə qoyduğum bu bir il mənə çox uğur gətirdi. Yeni tamaşalarda rol aldım, baş rollarda oynadım. Oqtay Kazımlı və Ramiz Heydərin birgə ərsəyə gətirdikləri «Qızıl toy» tamaşasında oynadım. Prezident mükafatına layiq görüldüm. Mənə belə gəlir ki, çox xoş, lap yaddaqalan il oldu.
- Bəs, yeni yaşınızdan nələr gözləyirsiniz?

- Sözün açığı, hər dəfə yeni yaşa qədəm qoyanda sanki mənə enerji gəlir. Yeni yaşım məni yeni yaradıcılıq uğurlarına həvəsləndirir. Aparıcısı olduğum verilişdə rəqqas, qiraətçi, ifaçı kimi özümü göstərirəm. İllər ötdükcə daha çox peşəkarlaşıram. Efir vasitəsilə də aktyor kimi səhnəciklərimizi göstəririk. Ona görə telekanalımızın rəhbəri Vaqif Mustafayevə dərin təşəkkürümü bildirirəm ki, içimdə olan o potensialımı bu verilişdə göstərməyimə şərait yaradır. Bundan sonra da uğurlar olacaq. Bundan sonra serial təklifim var. Tam olaraq açıqlamaq istəmirəm, amma güman ki, SOY prodakşn tərəfindən həyata keçiriləcək. Artıq təklif gəlib, əminəm ki, Qənimətdən sonra o serialda da tamaşaçıların qəlbinə yol tapacam.
- Sizcə, Əkbər Əlizadə gözəl aktyordur, aparıcıdır, parodiyaçıdır, yoxsa ailə başçısıdır?
- Mən ailəmə çox bağlıyam. İşdə olanda ürəyim ailəmin yanındadı, evdə olanda da fikrim-zikrim işin, yaradıcılığın yanında qalır. Təsəvvür edin ki, siz südü götürüb içinə su qatıb qarışdırırsınız. Sonra sizə deyirlər ki, südü sudan ayır. Bu, qeyri-mümkündür. Bunlar o qədər vəhdət təşkil edir ki, həddindən ziyadə mənim üçün ayrılmazdı. O ki qaldı sadaladığınız o amillərə, ilk növbədə mən aktyoram, peşəm aktyorluqdur. Aparıcılığa hobbi kimi baxmıram. O, da incəsənətin bir qoludur. Aktyor olan şəxs özünü incəsənətin hər bir sahəsində mütləq surətdə doğrultmalıdır. Gözəl rəqs etməyi bacarmalıdır, plastikası, səsi, musiqi və ritm duyumu olmalıdır. Bütün bunlar olduqda, aktyor özünü tam şəkildə təqdim edə bilər. Onların hamısı məndə cəmləşdiyinə görə, özümü bu sahədə daha peşəkar hesab edirəm. Nə gözəl ki, Allah-təalanın məni qimətləndirdiyi bu qabiliyyətdən lazımi səviyyədə istifadə edə bilirəm. Sonda qənaətə gəlirəm ki, tamaşaçılar da istədiklərini məndə görə bilirlər. Mən hər zaman tamaşaçıların fikri ilə razılaşmışam. İnsanlar var ki, deyir, əşi, mən belə edirəm, belə geyinirəm, belə danışıram, kimin xoşuna gəlir-gəlsin. Kimin də xoşuna gəlmir, kanalı çevirsin, baxmasın. Məndə elə bir xasiyyət yoxdur. Mən hətta qohum-əqraba əhatəsində olanda belə, mütləq surətdə əhatəmi düşünürəm. Televiziyada nəyisə demək istəyəndə, o söz gəlib dayanır mənim hulqumumda. Düşünürəm ki, görəsən bu sözü deyim, deməyim. Efirdə bir sözü deyəndə, əvvəlcə 100 ölçüb, bir biçirəm. Televiziya elə bir sahədir ki, bir saniyənin içində səni göyün yeddinci qatına da çıxara bilər, bir qıyğacı baxışınla, səhv sözünlə yerə də çırpa bilər. Bu, kino deyil ki, 3 dubl çəkiləsən, teatr deyil ki, 9 ay məşqə gələsən, bu, televiziyadır, canlı efirdi. Ona görə də hər ağzımızdan çıxan sözə diqqət yetirməliyik.
- Sizin üçün səhnə müqəddəsdir, yoxsa efir?

- Teatr canlı sənət növüdür. Səhnədə olanda bizi tamaşaçıdan bir addım məsafə ayırır. Ancaq səhnədə olanda bilirik ki, biz Allah-təala tərəfindən seçilmiş bəndələrik. Eynən televiziyada olanda da. İnsan geyiminə, keciminə, saç düzümünə, hərəkətinə fikir verməlidir. Televiziya geniş kütlə üçün olan səhnədir, teatr isə müəyyən kütlə üçündür. Hər ikisi mənə əzizdir. Amma mən səhnədən düşəndə, oluram sıravi, adi tamaşaçılardan biri. Kimsə məni dindirib danışdıranda görür ki, mən də onlardan biriyəm. Deyirlər ki, Əkbər müəllim, siz doğrudan da beləsinz, biz elə bilirdik ki, siz verilişdə eləsiniz. Deyirəm, buda nə var ki, biz də sizlərdən biriyik və bizi sizlərdən ancaq səhnə ayırır.
- Gəlin razılaşaq ki, aktyor efir vasitəsilə daha tez məşhurlaşır.

- Sizin bu fikrinizlə tamamilə razıyam. Dahi sənətkarlarımız Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan və başqalarının zamanında «Səhər görüşləri», «Komediyalar aləminə səyahət» verilişləri , televiziya tamaşaları var idi, mütəmadi filmlərimiz çəkilirdi. Əlbəttə ki, efir aktyoru tamaşaçılara daha yaxın edir. Amma o ki qaldı teatr səhnəsinə, mən 21 il teatrda işləməsəydim, rollar oynamasaydım, ustad pedaqoqum Cənnət Səlimova tərəfindən bu sənətə yiyələnməsəydim, inandırım sizi, bəlkə də məni heç bir televiziya çağırmazdı. Niyə? Çünki mənim ana ocağım teatr idi. Məni efirə dəvət edəndə də bilirdilər ki, mən artıq professional bir aktyoram. İstənilən vəziyyətdən çıxa biləcəm.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər