AZE | RUS | ENG |

“Heksameron. 6 royal” əsərinin möhtəşəm premyerası olub

“Heksameron. 6 royal” əsərinin möhtəşəm premyerası olub
Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə altı ölkədən pianoçuların ifasında "Heksameron” əsəri təqdim olunub.
Trend-in məlumatına görə, əsərin premyerası böyük maraqla qarşılanıb. "Heksameron”un unikallığı təkcə onun mürəkkəbliyində yox, həm də dünyada çox nadir hallarda ifa olunmasındadır. Tədbirin sonunda dolu olan zal musiqiçiləri ayaq üstə alqışlayıb.
"Heksameron. 6 royal” konsert proqramında məşhur pianoçular – Murad Hüseynov (Azərbaycan), Nikolas Rot (ABŞ), Katarina Troytler (Almaniya), Yundi Syu (Çin), Rustem Saytkulov (Rusiya) və Atsuşi İmada (Yaponiya) iştirak edib. Musiqiçilər Fuad İbrahimovun rəhbərliyi altında simfonik orkestrin müşayiəti ilə çıxış edib.
Əvvəlcə pianoçular klassik əsərlərin solo ifasını tamaşaçılara təqdim ediblər. Gecənin kuliminasiyası isə musiqiçilərin eyni səhnədə 6 royalla "Heksameron” kompozisiyasını ifa etmələri olub. Bu, klassik musiqi dünyasında nadir, tarixi və möhtəşən hadisəyə çevrildi!
"Heksameron” əsəri italyan bəstəkarı Vinçentso Bellininin "Puritanlar” operasından "Puritan marşı” əsasında altı variasiyadan ibarətdir. 1837-ci ildə görkəmli bəstəkar və pianoçu Ferents List beş həmkarı ilə birgə "Puritan marşı”nın variasiyalarını işləyib. Ferents List giriş hissəsini, bir variasiyanı, keçid elementlərini və finalı yazıb, eləcə də parçaları vahid bədii əsər kimi birləşdirib. Digər variasiyaların müəllifləri Frederik Şopen, Karl Çerni, Anri Herts, Yohann Peter Piksis və Sigizmund Talberq olub. Əsər ilk dəfə 1837-ci il martın 31-i Parisdə xeyriyyə konsertində səsləndirilib. Daha sonra Ferents List əsəri fortepiano və orkestr üçün işləyib. Heydər Əliyev Mərkəzindəki konsert üçün orkestr notlarını avstraliyalı pianoçu Lesli Hovard yazıb.
Çıxışdan sonra musiqiçilər öz təəssüratlarını bölüşüblər:
Yundi Syu (Çin): "Çıxış möhtəşəm oldu. Mən ilk dəfə Bakıda, bu cür tamaşaçılar qarşısında çıxış etməkdən, digər musiqiçilərlə birgə öz ustalığımı göstərməkdən məmnunam. Orkestr əla idi, mən xoşbəxtəm ki, klassik musiqi evərlərə bu cür bayram bəxş etdik”.
Katarina Troytler (Almaniya): "Mən Azərbaycana ilk dəfə gəlmişəm və Bakının gözəlliyi, insanların mehribanlığı, milli mətbəxiniz məni heyrətləndirib. Auditoriya çıxışımızı diqqətlə dinlədi və bizi gurultulu alqışlarla mükafatlandırdı. Bu, mənim çox xoşuma gəldi”.
Nikolas Rot (ABŞ): "180 yaşı olan "Heksameron” musiqi dünyasında ən mürəkkəb əsərlərdəndir. Bu əsərdə fortepianoda ifanın bütün texnikaları əks olunub. Mən Bakıya gəlməkdən, bu şəhərin fantastik memarlığını görməkdən, yeni dostlar tapmaqdan, bir səhnədə gözəl musiqiçilərlə və bu cür tamaşaçılar qarşısında çıxış etməkdən xoşbəxtəm”.
Atsuşi İmada (Yaponiya): "Heksameron” əsəri altı pianoçunun ifasında, orkestrin müşayiəti ilə çox nadir səsləndirilir. Bu gün həqiqətən də musiqisevərlər üçün böyük musiqi bayramı hesab oluna bilər. Təşkilatçılara bu unudulmaz tədbir üçün təşəkkürümü bildirirəm”.
Rustem Saytkulov (Rusiya): "Bakıya ilk dəfə gəlmişəm, ilk dəfə bu musiqiçilərlə çıxış etmişəm və ilk dəfə "Heksameron” əsərini ifa etmişəm. Təəsüratlarım inanılmazdır. Xüsusilə qeyd etmək istərdim ki, Heydər Əliyev Mərkəzi çıxış etdiyim ən gözəl zallardan biridir. Estetik və memarlıq cəhətdən heyrətləndirir!”
Murad Hüseynov (Azərbaycan): "Heydər Əliyev Mərkəzində çıxış böyük məsuliyyətdir. Azərbaycan bu gün dünya musiqisinin mərkəzlərindən birinə çevrilib. Qeyd etmək lazımdır ki, müxtəli ölkələrdən və məktəblərdən olan altı musiqiçi "Heksameron” əsərini ifa edib ki, bu unikal hadisədir. Bizim özümüz üçün də çıxış etmək çox maraqlı oldu, çünki adətən biz ya solo, ya da orkestrlə çıxış edirik. Gözəl çıxış tamaşaçılar tərəfindən layiqincə qarşılandı. Tamaşaçılar arasında zərif cinsin nümayəndələri də çox idi. Ona görə də bu tədbir həm də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir hədiyyə oldu. Hər kəsə xoşbəxtlik və rifah arzulayıram!”

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311