• cümə, 29 Mart, 10:35
  • Baku Bakı 5°C

Həkimlərimiz öz vəzifələrinə, peşə fəaliyyətlərinə sevgi və vicdanla yanaşırlar

19.05.20 14:00 524
Həkimlərimiz öz vəzifələrinə, peşə fəaliyyətlərinə sevgi və vicdanla yanaşırlar
Hazırda COVID-19 pandemiyası bütün dünyada olduğu kimi bizim sosial məsuliyyətimizi çox ciddi sınağa çəkir. Bu sınaqdan Azərbaycan çox alnıaçıq çıxır. Çünki ilk günlərdən çox optimal və vaxtında tədbirlər tətbiq olundu. Yanaşma düzgün və harmonik oldu. Yəni, xəstəliklə mübarizəyə nə gecikilmədi, nə də vaxtından qabaq lazımsız tədbirlər görülmədi. Bir sözlə, pandemiyanın gedişatına çox düzgün yanaşıldı.
Bu sözləriAZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
Onun sözlərinə görə, ötən dövr ərzində dövlətimiz bütün tədbirlər planını kamil şəkildə yerinə yetirib. Dövlətin bütün strukturları vətəndaşlara ən yüksək səviyyədə və mədəni ünsiyyətlə xidmət ediblər. Operativ Qərargah da problemə çox operativ yanaşıb.
"Həkimlərimiz öz vəzifələrinə, peşə fəaliyyətlərinə sevgi və vicdanla yanaşırlar. Belə məqamlarda həkimlərə necə ehtiyac olduğunu hiss edirik. Həmkarlarım öz şəxsi sağlamlıqlarını təhlükə altına ataraq, insan sevgisi, böyük deontoloji tibbi etika yanaşması ilə bu işlərin öhdəsindən gəlirlər. Xəstələrə koronavirusla müharibə meydanında, ön cəbhədə xidmət edən həkimlərimiz çox ağır zəhmət çəkməkdə davam edirlər. Maskada, xüsusi formada, burunlarını və gözətrafını yara edən eynəklərdə saatlarla çalışan həkimlərə minnətdarlıq düşür. Düşünürəm ki, xalqımız həmin həkimləri hər gün alqışlamalı və onların ağır fəaliyyəti xüsusi vurğulanmalıdır. Görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın bir sözü var: "Həkim cəmiyyətdə əxlaq etalonudur”. Doğrudan da əxlaqın ən birinci nümunəsi vətən, millət sevgisidir ki, bunu da həkimlərimiz nümayiş etdirirlər. Əxlaqın ikinci dəyəri fədakarlıq və cəsarətdir ki, bunu da həkimlər göstərirlər. Tibbi əxlaqın və həkim əxlaqının üçüncü dəyəri odur ki, öz övladına, yaxınına, qohumuna yanaşan kimi pasiyentə də can yandırasan. Bizim həkimlərimiz bunu da ən yüksək səviyyədə nümayiş etdirirlər”, - deyə həkim-psixoterapevt qeyd edib.
banner

Oxşar Xəbərlər