• şənbə, 20 Aprel, 20:25
  • Baku Bakı 24°C

Həkimlərə əliniz çatsın… - Startap

15.03.19 12:29 1313
Həkimlərə əliniz çatsın… - Startap
Əcnəbi həkimlərlə ünsiyyətin bir telefon qədər yaxın olduğunu düşünün. Siz evinizdə hansısa xəstəliyinizlə bağlı Amerikadakı həkimdən konsultasiya alıb, bu tətbiq vasitəsilə danışa bilərsiniz. Hətta danışmaqla kifayətlənməyib, xəstəliklə bağlı bütün məlumatları həkimə göndərə, müalicə oluna bilərsiniz.

Bu fürsəti "Tap2doc” layihəsi yaradıb. "Tap2doc” platforması pasientlərə beynəlxalq səviyyədə ixtisaslı həkimlərlə əlaqə yaratmağa kömək edir.

Startap haqqında ətraflı məlumat almaq üçün layihə rəhbəri Ceyhun Cəfərovla söhbətləşdik. Əvvəlcə müsahibimizi tanıyaq.

C.Cəfərov Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi fakültəsində təhsil alıb. Daha sonra həmin universitetin maliyyə və kredit fakültəsinin magistr dərəcəsini bitirib. 2005-ci ildən "Azərsun Holdinq”də marketinq meneceri kimi çalışıb. Daha sonra "Sinteks” şirkətinin marketinq meneceri və direktoru vəzifəsinə qədər yüksəlib. Hazırda "Tap2doc” layihəsi çərçivəsində fəaliyyət göstərir.


"Tap2doc” nədir?

Layihənin məzmunundan danışan müsahibimiz deyir ki, məqsədi qısa zamanda dünya səviyyəsində, pasientlərlə həkimləri video konsultasiya vasitəsilə birləşdirməkdir.

Startapın necə yaranmasına gəldikdə isə,qardaşlarının həkim olması, həmsöhbətimizin ideyasına dəstək olub: "2017-ci ilin noyabr ayı idi. Biz üç qardaş (mən ən balacasıyam) görüşüb, müzakirələr aparırdıq. Qardaşlarımın biri nevropotoloq, digəri isə fizioterapevtdir. Adətən 3 qardaş gördüyümüz işlərlə bağlı tez-tez görüşüb, danışırıq. Həkim qardaşlarımdan xəstələrin müraciətləri, istəkləri ilə bağlı soruşurdum. Onlar da mənə məlumat verirdilər ki, pasientlərin müraciətləri daha çox xaricdəki həkimlərlə bağlı olur. Orada müalicə almaq, əməliyyat olunmaq üçün kömək istəyirlər. Əsasən, xaricdəki yaxşı həkimlərin əlaqə vasitələrini, ünvanlarını öyrənməyə çalışırlar”.


"İdeyamı biznesə çevirdim”

Məlumat üçün bildirək ki, həmsöhbətimizin qardaşları uzun müddət xaricdə yaşayıb, işlədikləri üçün oradakı həkimlərlə, xəstəxanalara əlaqələri var: "Hər iki qardaşım həkimliyi Türkiyədə oxuyub, bitiriblər. Böyük qardaşım 20 ilə yaxın orada yaşayıb, fəaliyyət göstərib. Ortancıl qardaşım da orada 5-6 il həm oxuyub, həm çalışıb. Türkiyə ilə bağlı böyük təcrübələri var. Bundan başqa, dünyanın müxtəlif yerlərində - Almaniyada, Amerikada həm kurslarda, həm seminarlarda iştirak ediblər. Xaricdə böyük həkim ətrafları olduğu üçün mənə dəstək verdilər. Qardaşlarım xəstələrin müraciətlərindən danışarkən ağlıma ideya gəldi ki, bunu biznesə çevirə bilərik. Elə bir startap yaratmalı idi ki, həm pasientlər razı qalsın, həm də həkimlər. Bundan sonra dünya bazarını araşdırmağa başladım və ideyamı biznesə çevirdim”.

Ceyhunun ideyasının əsas məzmunu yuxarıda da qeyd etdiyimiz kimi, xəstə ilə həkimi qısa zaman ərzində bir-birinə qovuşdurmaqdır: "Məqsədimiz əsasən pasietnlərə dəstək olmaqdır. Onların problemlərini, istədiyi məsələləri qısa zamanda həll edib, sağlamlıqlarına qovuşmasını istəyirik. Araşdırmalarımdan sonra nəticəyə gəldim ki, biz bu işi videokonsultasiya vasitəsilə edə bilərik. Təbii ki, burada nə coğrafi olaraq sərhədlər tələb olunur, nə də fiziki olaraq gediş-gəlişlər”.


Vaxt, maddiyyat, yol…

Müsahibimiz deyir ki, layihəyə tələbat çoxdur: "Deyək ki, hər hansı bir xəstə Azərbaycanda hər hansısa bir həkimlə ünsiyyətə girmək istəyir, yaxud əksinə, Azərbaycandan bir xəstə xaricdə bir həkimlə ünsiyyətə girmək və ya səhhətində hansısa problemi həll etmək istəyir. Normal formatda pasientlər bu məqsədlərinə çatmaq üçün həkimlər haqqında məlumatları dost-tanışdan öyrənirlər. Tanış tapa bilməyəndə məcbur olub həkimin olduğu ölkəyə üz tuturlar. Orada müayinədən keçirlər, sonra əksər hallarda həkimlər deyir ki, siz gəlibsiniz, amma yeriniz bura deyil, başqa ölkəyə, başqa şəhərə, yaxud da başqa xəstəxanaya getməlisiniz. Bu, bütün hallarda xəstələr üçün böyük zərbədir. Bu zərbənin bir neçə amili var. Birincisi, vaxtdır. Çünki əgər insan xəstədirsə, vaxt ona qarşı işləyir. İkinci zərbə maddiyyatdır. Çünki insanlar bir məsafəni qət edir, ola bilər ki, təyyarə ilə uçurlar, yaxud, şəhərdən-şəhərə gedib vaxt itirirlər, vəsaitlər gedir. Üçüncü zərbə isə odur ki, bu qədər vaxt, vəsait xərclənir, lakin istədiklərini tapmırlar. Biz də onların bu üç probleminin öncədən həll olunması üçün bir tətbiq düşündük ki, ünsiyyət qurub, problemini bildikdən sonra həmin ünvana üz tutsunlar”.


Platforma necə işləyir?

Startapda həkimlərin bazası yaradılır. Hansı xəstəyə hansı həkim lazımdırsa, bazaya daxil olur, həkimi tapır və onunla ünsiyyət imkanı qazanır. Ünsiyyət metodu isə internetdir. Tətbiqin daxilində onlara vaxt təyin edirlər. Həmin vaxtda həkimlər tətbiq üzərindən video konsultasiyaya çıxırlar. Xəstə olan şəxs problemləri həkimə danışır, həkim dinləyir və öz konsultasiyasını verir. Bizim tətbiqin daxilində "votsap”da olan eyni sistemlər mövcuddur. Video zənglər, səsli zənglər, faylların, şəkillərin göndərilməsi və mətn formasında yazılma. Ola bilər ki, həkim hansısa bir analizləri, MRT, rentgen çəkilişlərini tələb etsin. Xəstə bunu da rahatlıqla həmin tətbiq üzərindən həkimə göndərə bilər. Həkim də baxaraq rəyini bildirir, ya da konsultasiyasını verir ki, xəstə də öz problemini həll etsin”.

"Bazada min həkim var”

Həmsöhbətimiz deyir ki, bu proyekt artıq Amerikada var və çox uğurludur: "Proyekt qısa zaman ərzində pasienti lazımi həkimlə calaşdırmağı hədəfləyir. Dünyada, Amerikada bu platformalar çox yayılıb və fəaliyyət göstərirlər. Araşdırmalar onu göstərir ki, biz doğru yoldayıq. Amerikada çox uğurludur. Hazırda bu məsələ Avropada da inkişaf etməyə başlayıb”.

Müsahibimizin sözlərinə görə, hazırda bazada min həkim mövcuddur: "Bizim artıq tanıdığımız həkim çevrəmiz var. Hazırda bazanı yaratmışıq. Baza 1000 həkim üzərindədir. Bunlar hamısı öz həkimlərimizin çevrəsidir. Təbii ki, biz onlarla ünsiyyətdə olmuşuq, danışmışıq. Həkim üçün bu, böyük bir avantajdır. Konsultasiya olaraq burada həkim üçün heç bir şey dəyişmir. Həkim işlədiyi yerdə müayinəyə görə hər hansı bir məbləğdə vəsaiti alırsa, eyni qaydada bizim üzərimizdən alır. Həkimlər burada əlavə qazanc əldə edirlər. Sistem necə işləyir? Onlar bizim bazaya düşürlər. Bazaya düşəndə biz onların yoxlanışını edirik. "Həqiqətən yaxşı həkimdirmi?”sualını araşdırırıq. Onlarla video-müsahibələr keçirik. Ondan sonra onların bizim tətbiq üzərindən fəaliyyət göstərmələrinə icazə veririk”.

"Savadlı həkimlərə əliniz çatsın”

Xəstənin həkimə ödəniş etmək üsulu da tətbiqdə qeyd olunub: "İnsanlar qeydiyyatdan keçir, lazım olan həkimi seçir, onunla ünsiyyət qurmazdan öncə, tətbiqdə hər bir həkimin konsultasiya qiymətləri yazılır. Əgər qiymətdə razılıq əldə olunursa, kredit kartına pul köçürmə ilə ödəniş həyata keçirilir. Konsultasiya bitdikdən sonra həmin kartdan məbləğ çıxılır”.

Layihənin adının mənasına gəldikdə, müsahibimiz deyir ki, "Tap2doc”un mənası "əkimlərə əlin çatsın”deməkdir: "Savadlı, işini doğru-düzgün bilən həkimlərə əliniz çatsın. Bütün işi də bu sloqan üzərində qurduq”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər