• şənbə, 20 Aprel, 11:29
  • Baku Bakı 14°C

Həkimlər kommersiya marağını peşə etikasından yüksək tutmamalıdır

05.05.18 09:00 1109
Həkimlər kommersiya marağını peşə etikasından yüksək tutmamalıdır
"Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndirilən şəxslərlə əlbir olub xəstələrə keyfiyyətsiz dərmanları tövsiyə edən 100-ə yaxın həkim cəzalandırılacaq. Onlar işlərini itirə də bilərlər”. Bunu "Xəzər Xəbər”ə açıqlamasında Səhiyyə Nazirliyinin hüquq və daxili siyasət sektorunun müdiri Elxan Əzizov deyib. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi sözügedən məsələ ilə bağlı istintaqın yekunlaşmasını gözləyir. E.Əzizov reseptlərin yazılması və bioloji əlavələrdən istifadə ilə bağlı da həkimlərə xəbərdarlıq edib. O, dərman firmaları ilə əməkdaşlıq edən və reseptə qida əlavəsi yazan həkimlərin cəzalandırılacağını bildirib.
Qeyd edək ki, bir neçə gün öncə prokurorluq əməkdaşları tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs olunub və onların 100-dən çox həkimlə əməkdaşlıq etdiyi açıqlanıb.
Əlbəttə, bəzi həkimlərin hansısa dərman firması ilə əməkdaşlıq etdiyi hər kəsə bəllidir. Həmin həkimlər reseptə daha çox bahalı dərmanlar yazırlar. Hansı ki, həmin dərmanları daha ucuzu ilə əvəzləmək olar. Bəs həkimlərin və firmaların qurduğu bu kommersiya oyununu necə pozmaq olar, onlara qarşı hansı tədbirlər görülməlidir - öyrənməyə çalışdıq.
Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirir ki, əslində son dönəmlər bu məsələnin izinə düşülməsi olduqca təqdirəlayiq haldır: "Çünki hazırda firmalarla işbirliyi quran kifayət qədər həkim var. Çalışmaq lazımdır ki, həkimlərlə ayrı-ayrı firmalar arasında olan qeyri-sağlam münasibət pozulsun. Amma, belə baxanda, bu situasiya dünyanın bir çox ölkəsində mövcuddur. Hətta Amerikanın özündə belə dərman firmaları həkimlərlə əməkdaşlıq etməyə can atırlar. Bu, kommersiya marağı güdən bir yanaşmadır. Və təbii ki, həkimlərin həmin firmadan alacaqları pula ehtiyacları olmasın deyə, onların məzuniyyətlərini, ezamiyyətlərini, elmi tədqiqat işlərini maliyyələşdirirlər. Amma bizdə bir az sui-istifadə halları var. Normadan artıq, yeri gəldi-gəlmədi, dərmanların reseptə yazılması bu gün həkimlərin bəzilərinin daha artıq pul qazanmaq üçün atdığı yanlış addımdır. Hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün müəyyən bir tədbirlər sistemi olmalıdır”.
Ekspertdən hansı tədbirlərin görülməli olduğunu soruşduq: "İstənilə halda, hər bir qanunsuz addımın qarşısını almaq üçün mexanizm olmalıdır. Bu məsələ ilə bağlı da bəzi mexanizmlər tətbiq edilməlidir. Mexanizm nədən ibarət olmalıdır sualına gəlincə isə, ilkin olaraq müalicə protokolu tərtib olunmalıdır. Yəni orada müalicənin getməsi yazılmalıdır və müalicə ona uyğun şəkildə aparılmalıdır. Nə vaxtsa həkimin fəaliyyətinin düzgün olub-olmadığını yoxlamaq üçün həmin protokoldan istifadə ediləcək. Və həkimin hansısa firma dərmanını çox və ya lazımsız yerə yazdığını bilmək olacaq”.
Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevdeyir ki, insan gərək işinə məsuliyyətlə, vicdanla yanaşsın: "İşlədiyim müəssisənin girişindən qurtaracağına qədər hər yerə yazıb elan kimi asmışıq ki, firma dərmanlarının satışı ilə məşğul olanlara giriş qadağandır. Və konkret olaraq bizim klinikanın onlarla heç bir əlaqəsi yoxdur. Amma kimsə bu cür işlə məşğul olursa, mütləq şəkildə onu cəzalandırmaq lazımdır. Yəni dövlət tibb müəssisəsi olaraq bizim iş prinsipimizə qəti olaraq ziddir. Digər bir tərəfdən isə, xəstəxanalarda dərman təchizatı qapalıdır. Yəni onları dövlət özü dərmanla təmin edir və onlar da reseptə yazılır. Ancaq bəzi özəl klinikalarda həkimlər firma dərmanları yazır. Bu cür həkimlərə münasibətimiz tamamilə mənfidir. Və bu çox yaramaz və mövqesiz işdir. Bir neçə həkimin etdiyi bu yanlışlığa görə bütün həkimlərin adına ləkə gəlir. Səhiyyə Nazirliyi daim bu kimi hallarla mübarizə üçün müxtəlif üsullara əl atıb. Müəyyən sərəncamlarla, göstərişlərlə həkimləri bu yanlışdan dönməyə səsləyir”.
Müsahibimiz, ümumiyyətlə kütləvi informasiya vasitələrində belə dərmanların reklamına qarşı olduğunu bildirir: "Milli Məclisin qəbul etdiyi əczaçılıqla bağlı qanunda da bunlar öz əksini tapıb. Xüsusilə də dərmanları reklam edənlərin yaxasından tutmaq lazımdır ki, hansı qanunla dərmanı reklam edir. Xəstələrə dərman yazılanda, onun firma adı yox, molekulyar tərkibi qeyd olunmalıdır. Amma bir məsələ də var ki, gərək insan özü də peşəsinə vicdanla, məsuliyyətlə yanaşsın. İnsan gərək işini mənəviyyatını pozmadan görsün. Hələ üstəlik, bu adam həkimdirsə, peşə etikası qaydalarına ikiqat əməl etməlidir”.
Məsələ ilə bağlı özəl klinikalardan birində çalışan və adının çəkilməsini istəməyən həkimlə həmsöhbət olduq. Müsahibimiz firmalarla əməkdaşlıq etdiyini bildirir: "Həkimlərin dərman firması ilə əməkdaşlığı normal haldır. Onsuz da yazılan istənilən dərman hansısa bir "x” şirkətinə məxsusdur. Həmkarlarımın necə işlədiyini bilmirəm, amma konkret olaraq bir firma ilə əməkdaşlıq edirəm. Və işimə də kifayət qədər məsuliyyətlə yanaşıram. Hər yoldan keçən firmanın dərmanlarını yazmıram. Çünki hər firmaya etibar etmirəm. Dərmanların qiymətinə gəlincə isə, onu deyim ki, dərman bahalıdırsa, demək keyfiyyətlidir. Çünki dərman ucuz olanda onun molekulyar tərkibi yaxşı olmur. Dərmanın molekulasını istehsal edən firma onu baha, ona oxşar, lakin daha aşağı keyfiyyətdə hazırlayanlar isə ucuz satır. Və beləcə qiymət fərqi yaranır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər