Həkimlər arasında icbari tibbi sığortanın tətbiqindən məmnunluq yüksək səviyyədədir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik)
pilot tibb müəssisələrində - Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi
Xəstəxanalarında çalışan həkimlər arasında keçirilmiş "Tibb işçilərinin işdən
məmnunluğunun və icbari tibbi sığorta sisteminin tətbiqinə münasibətinin
öyrənilməsinə dair sorğunun” nəticələri əsasında hazırlanan hesabatları ictimaiyyətə
təqdim edib. Sorğularda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından (Mingəçevir
ŞMX) 190, Yevlax rayon Mərkəzi Xəstəxanasından (Yevlax RMX) 123 həkim iştirak edib.
Hesabatda göstərilir ki, 2016-cı ildə Mingəçevir
ŞMX-da çalışan həkimlərin 85.3%-i, Yevlax RMX-da isə 82.1%-i 105-300 manat
həcmində məvacib alıb. 2017-сi ildən etibarən icbari tibbi sığortanın
(İTS) tətbiqindən sonra Mingəçevir ŞMX
və Yevlax RMX-da fəaliyyət göstərən həkimlərin əmək haqlarına 2 növdən ibarət
əlavələrin ödənilməsinə başlanılıb. Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan
həkimlərin 53.1%-nin, Yevlax RMX-da isə 62%-nin məvacibi 341-540 manat olub.
541 manatdan çox məvacib alan həkimlərin Mingəçevir ŞMX üzrə göstəricisi 36.9%,
Yevlax RMX üzrə 28% təşkil edib. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə
gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 58.4%, Yevlax RMX üzrə isə 56% qeydə
alınıb.
Sorğuların nəticələrindən məlum olub ki, Mingəçevir
ŞMX-da aparılmış islahatlardan həkimlərin 77.3%-i, Yevlax RMX-da aparılmış
islahatlardan 82%-i, tibb müəssisəsinin dərman vasitələri ilə təminatından Mingəçevir
ŞMX-da 76.4%-i, Yevlax RMX-da 63%-i, tibbi avadanlıqlarla təchizatdan Mingəçevir
ŞMX-da 75.8%-i, Yevlax RMX-da isə 61%-i razıdır.
Mingəçevir ŞMX və Yevlax RMX-da çalışan həkimlərin
əksəriyyəti İTS-nin tətbiqinin onların çalışdıqları tibb müəssisəsinə müsbət təsir etdiyini
bildirib. Onlar əmək haqlarının artırılmasını, tibb müəssisələrinin müvafiq tibbi
avadanlıqlarla, dərman vasitələri ilə təchizatının və iş şəraitinin
yaxşılaşmasını, tibbi
xidmətlərin keyfiyyətinin yüksəlməsini, onlara əlçatanlığın artmasını və
pasiyentlərin məmnunluğunun artmasını müsbət qiymətləndiriblər.
Tibb müəssisələrində işin təkmilləşdirilməsi məqsədilə
verilən təkliflərə gəldikdə isə, həkimlərin əksəriyyəti bilik və bacarıqlarının
təkmilləşdirilməsi üçün ixtisasartırma kurslarının və təlimlərin təşkilini,
İTS-nin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Agentlik həmçinin, Ağdaş rayon Mərkəzi
Xəstəxanasında (Ağdaş RMX) "Tibb işçilərinin işdən məmnunluğunun və icbari
tibbi sığorta sistemi ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsinə dair” keçirilən
sorğunun nəticələrini ictimaiyyətə təqdim edib. Qeyd edək ki, həmin sorğu Prezidentin
Ağdaş rayonu üzrə icbari tibbi sığortanın tətbiqi ilə bağlı imzaladığı Fərmandan
bir ay sonra keçirilib. Bunu nəzərə alaraq Ağdaş RMX-da 96 nəfər arasında keçirilən
sorğu zamanı həkimlərin əmək haqlarının müqayisəli təhlili aparılmayıb, onların
işdən məmnunluğu, İTS-lə bağlı məlumatlılığı, təlimə ehtiyaclarının
qiymətləndirilməsi və İTS-lə bağlı gözləntiləri müəyyən edilib.
Nəticələrdən məlum olur ki, Ağdaş RMX-da çalışan
həkimlərin cəmi 17%-i aldıqları məvacibdən razıdır. Burada tibb müəssisəsinin
tibbi avadanlıqlarla təchizatından razı olanlar 54%, dərman vasitələri ilə təminatından
razı olanlar 46.9% təşkil edir. Həkimlərin 50%-i iş şəraitini yüksək
qiymətləndirib.
87.5% tibb işçisi pasiyentlə işləməkdən çox
məmnundur. Tibb müəssisəsində işin daha səmərəli təşkili və tibbi xidmətlərin
keyfiyyətinin artırılması üçün təlimlərin təşkilini zəruri hesab edənlər 84.4%
təşkil edib. Burada çalışan həkimlərin 97.8%-i İTS-nin tətbiqinin müsbət dəyişikliklərə
səbəb olacağını bildirib.
Həkimlər işin təkmilləşdirilməsi məqsədilə tibb
müəssisəsinin dərman vasitələri, tibbi avadanlıqlarla təminatını, iş şəraitinin
yaxşılaşdırılmasını və əmək haqlarının artırılmasını təklif ediblər.
Qeyd edək ki, sorğu 2018-ci ildə Agentlik və hər üç
bölgənin Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Şuraları ilə birgə keçirilib.
Hesabatlar ilə Agentliyin rəsmi internet saytı - its.gov.az-dan tanış
ola bilərsiniz.