• cümə axşamı, 28 mart, 13:18
  • Baku Bakı 16°C

‘Həkim, mən oruc tuta bilərəmmi?”

14.06.16 12:10 4623
‘Həkim, mən oruc tuta bilərəmmi?”
Uzm. Dr. Yalcın Velibey
Ramazan ayındayıq və insanların bir qismi dini inancları səbəbindən oruc tuturlar. Bu ayda xəstələrimizin bizə ən çox verdiyi suallardan biri də: ‘Həkim, mən oruc tuta bilərəmmi” - sualıdır. Əvvəla, onu deyim ki, istər sağlam, istərsə də ürək-damar xəstəliyi olan insanlarda diqqətli və düzgün şəkildə oruc tutmağın faydaları uzun illərdir məlumdur.
Sağlam insanlar oruc tutduqları zaman damarların daralmasının qarşısını alan, yaxşı xolesterin adlandırdığımız HDL xolesterinin qanda miqdarı artır. Bundan başqa, oruc zamanı damar tıxanmasına səbəb olan homosistein adlı maddənin miqdarı qanda azalır. Ayrıca, aclıq zamanı insanlarda qanın laxtalanma qabiliyyəti və stress hormonlarının qandakı miqdarı azalır. Bütün bu dəyişikliklər ürək damarlarının daralma riskini azaldır. Daha öncə aparılan araşdırmalar nəticəsində Ramazan ayında ürək-damar xəstəliklərinin və buna bağlı ölümlərin və xəstəxanalara müraciətlərin artmadığı müəyyən edilib.
Bu il Ramazan ayında havalar həm isti, həm də aclıq müddəti uzun olduğu üçün ürək-damar xəstəliyi olan insanlar oruc tutarkən daha diqqətli olmalıdırlar. İsti havalarda tərləməklə çox miqdarda su itirilməsi xəstələrin səhhətinə mənfi təsir göstərə bilər.
Bəs kimlər oruc tuta bilməzlər? Ürək çatışmazlığı səbəbi ilə çox sayda dərman içən xəstələrin, son 12 ay içində infarkt keçirənlərin, son bir il içində ürək damarına stent taxılanların, infarkt keçirməsə belə, son üç ay içində şuntlama əməliyyatı olanların, əməliyyatla metal ürək qapağı taxılan və bu səbəbdən güclü qandurulducu dərman içənlərin, dərmanlarla qan təzyiqi nəzarət altında olmayan hipertoniyalı xəstələrin oruc tutmalarını məsləhət görmürük.
Daha öncə infarkt keçirən, stent taxılan və ya şuntlama əməliyyatı olan insanların müəyyən zamandan sonra (yuxarıda söylədiyim) onları narahat edəcək şikayətləri yoxdursa, yəni ürək-damar xəstəliyi nəzarət altındadırsa, həkimləri ilə görüşərək oruc tuta bilərlər. Ancaq bu xəstələr oruc tutduqları zaman şikayətlər (nəfəs darlığı, sinə ağrısı, ürək döyünməsi, qan təzyiqinin yüksəlməsi və s.) ortaya çıxarsa, oruc tutmalarını məsləhət görmürük.
Hipertoniyalı xəstələrə gəldikdə isə bu xəstələrin qan təzyiqləri dərmanlarla nəzarət altındadırsa, bu xəstələr oruc tuta bilərlər. Ancaq bu xəstələr dərmanlarını sahurda və ya iftarda unutmadan içməlidirlər və qan təzyiqlərini ara-ara ölçdürməlidirlər. Həm sahurda, həm də iftarda mümkün olduqca yeməklərə az miqdarda duz töksünlər və çox duzlu və yağlı qidalardan uzaq dursunlar.
Ürək-damar xəstəliyi olanlar oruc tutarkən bəzi məsələlərə diqqət etməlidirlər. İftar zamanı sürətli şəkildə və çox miqdarda yemək yeməməlidirlər. Süfrədən doymadan qalxılmalıdır. Bir neçə saat ara verib iftarla sahur arasında kiçik porsiyalar şəklində yemək yeməyə davam edə bilərlər. Çox sürətli şəkildə və ya çox miqdarda yemək yediyiniz zamanda mədə-bağırsaq sisteminiz yediyinizi həzm eləməsi üçün iş gücünü artdırır. Yəni daha çox işləyir. Bunun üçün də mədə-bağırsaq sisteminizin daha çox qana ehtiyacı olur. Qanı da insan ürəyi göndərdiyi üçün ürəyin yükü və gərginliyi artır. Ona görə də iftar zamanı düzgün qidalanma çox önəmlidir. Ramazan ayında xəstəxanaların təcili yardım şöbələrinə müraciətlər daha çox iftar açdıqdan sonra iftarla sahur arasında olur.
İftar zamanı meyvə-tərəvəzdən, salatlardan və ət olaraq balıq və ya toyuq ətindən daha çox istifadə edilməlidir. Çox yağlı, çox duzlu qidalardan, konservləşdirilmiş məhsullardan mümkün olduqca istifadə edilməməlidir. İftarın şorba ilə açılması daha məsləhətlidir. Ən çox məsləhət gördüyüm qidalar bütün yaşıl rəngli tərəvəzlər, göy-göyərti, pomidor, qarpız, alma, əncir, qurudulmuş meyvələr, ceviz, fındıq, konservləşdirilməmiş və qurudulmamış balıq və toyuq ətidir. Qidaların qızardılmaması daha məsləhətdir. Ədviyyatlar və qızartmalar mədə turşuluğunu artırdığı ücün mümkün olduqca Ramazanda istifadə edilməməlidir. İçməyə çay, qazlı və ya qazsız mineral sular və ayran daha məsləhətlidir. Yeməklər zeytun yağında bişirilsə, daha yaxşı olar. Konservləşdirilmiş, qurudulmuş və duzlanmış ət məhsullarından istifadə edilməməlidir. İftardan sonra siqaret çəkilməməlidir. Xüsusilə də yay aylarında havalar isti olduğu üçün bədənin su itirməsinin qarşısını almaq üçün, əgər xəstənin həkimi tərəfindən əngəl görülmürsə, iftarla sahur arasında ən az 2 litr su içilməlidir. Yay aylarında gün içində saat 11:00 – 17:00 arasında çölə çıxılmamasını məsləhət görürəm.
Xurmanın yeri xüsusi ilə ayrıdır. Xurmada yetərli miqdarda karbohidrat (şəkər) və enerji var. Bundan başqa, xurmada sağlamlığımız üçün lazım olan bol miqdarda kalium, kalsium və maqnezium kimi elementlər mövcuddur. Ayrıca, xurmada bol miqdarda lif mövcud olduğu üçün qəbizliyə qarşı çox faydalıdır.
banner

Oxşar Xəbərlər