• şənbə, 20 Aprel, 14:03
  • Baku Bakı 23°C

Hekayə necə yazılmalıdır: Hər kəsin istifadə edə biləcəyi 7 üsul

17.05.14 12:00 17808
Hekayə necə yazılmalıdır: Hər kəsin istifadə edə biləcəyi 7 üsul
“Ədəbiyyat agentləri üçün bələdçi” bloqunun və “writersdigest.com”-un yazarı Çak Sambuçino yazacaq hekayələri olanlar üçün bir neçə üsul paylaşıb. Məlumat üçün onu da qeyd etmək lazımdır ki, müəllifin bloqu təkcə şəxsi mülahizə və dəbi tənqidlərdən ibarət deyil. Onun bloqunda ədəbiyyatla bağlı baş verən ən son xəbərləri, nəşrlərin siyahısını, endirimləri, müəlliflərdən ibarət geniş platformaları, kitab mağazası və s. görə bilərsiniz.
1. Ən çox oxumaq istədiyiniz hekayəni yazın. Əsla “bu hekayə bestseller olar” deyə düşündüyünüz, ya da sizə fəxr gətirəcəyi qənaətində olduğunuz bir hekayəni qələmə almayın. Öz sevimli kitablarınızı, unutmadığınız hekayələri düşünün. Onları düşünün demək o demək deyil ki, siz onlardan yola çıxıb tarixi və romantik bir ədəbi nümunə yaratmalısınız. Ola bilər ki, sevimli əsər və ya hekayə sevdiyiniz janrda olmasın, amma siz orda xüsusi bir surətə, xarakterə, hansısa bir hadisəyə, hadisələrin bitməsinə vurulmusunuz. Odur ki, sevdiyiniz şeylərdən yazın. Bir yaxşılıq edin – bütün şiddətli arzularınızı, ürəyinizin ritmini sürətləndirən, sizi gecə yarısı yuxudan oyadan çılğın ideyalarınızın siyahısını tutun. Hər gün yazdıqlarınıza qığılcım olması üçün bu siyahını stolunuzun üstündə, göz önündə saxlayın və ondan bələdçi kimi yararlanın.
2. Surətlə başlayın. Yaratdığınız xarakterin qüsurlu və inadırıcı olmasına çalışın. Ona nəfəs və həyat verin, sizi təəccübləndirməsi və hekayənizi heç gözləmədiyiniz inanılmaz yerlərə apara bilməsi üçün ona azadlıq verin. Əgər hekayənizin qəhrəmanı sizi təəccübləndirə bilmirsə, əmin olun ki, o oxucularınız üçün də sıradan görsənəcək. Özümün çox tez-tez etdiyim bir üsulu məsləhət bilirəm, mən yaratdığım xarakterin sirlər, gizli şeylər danışmasını tələb edirəm. Qələminizi götürün və ağ bir vərəqdə “Mən heç vaxt heç kimə deməmişəm ki...” cümləsi ilə başlayın və burdan yola çıxın, xarakterinizin səsini eşitməyə çalışın.
3. Qəhrəmanınıza həll ediləcək maraqlı, cəlbedici bir problem verin. Qəhrəmanınızın əziyyət verən, onun aradan qaldırmağa çalışacağı, onu irəlilədəcək məsələləri olmalıdır. Hər hekayənin ürəyi konfliktdir – daxili və ya xarici olmasının fərqi yoxdur, yaxşı bir konflikt yaratmağa çalışın. Unutmayın ki, bu konflikt, problem sizin qəhrəmanınızı da cizgiləyir, sərhədlərini təyin edir, onu formalaşdırır.
4. Hadisələr yaradın. Ola bilər ki, dünyada yaradıla biləcək ən möhtəşəm qəhrəmanları yaradır, onları mükəmməl şəkildə təsvir edir, həyat verirsiniz, amma nəticə gözlədiyiniz kimi olmur, hekayə ona verdiyiniz üzü tezliklə itirir. Kitablarımda mən bir şeydən addımbaşı əmin olmağa çalışıram, hər səhnədə baş verən hadisə süjetə yeni bir detal qazandırır. Əgər görürəmsə, yaratdığım səhnə süjetin canlı davamlılığını təmin edə bilmir və onun irəliləməsinə kömək etmir, həmin səhnəni kəsirəm, nə qədər təsirli və güclü olursa-olsun. Redaktə edərkən də mən səhnə-səhnə irəliləyirəm və hər səhnə üçün bir söz cümlə qeyd edirəm. Redaktə bitəndə mənim əlimdə hekayəmin skeleti olur. Nəticə və proses sizə asanlıqla necə bir hekayə yazdığınızı deyə bilər, hücumlar və qəfil dönüşlər, hadisələri irəli sürükləməyən səhnələr sadəcə öz çəkisini yox, əsərin də çəkisini azaldır.
5. İnandırıcı olmasını təmin edin. Bəli, deyə bilərsiniz ki, axı, çox zaman ruhlar, əfsanələrlə bəzəkli hekayələr yazırsınız, bu necə inandırıcı ola bilər? Ola bilər, əgər bu şərti bütün kitab üçün təmin edə bilsəniz. “Söz verirəm”-də mən ruh üçün qaydalarla başladım, o nələri edə bilər, nələri edə bilməz. Ona bir hekayə və mənə geri dönməsi üçün səbəb verdim. Oxucular ucuz oyunlara nifrət edir. Hekayənin sonuna problemlərin çözülməsinə kömək edən yeni qəhrəman gətirməyin. Pis və ya yaxşı məsələni qəhrəmanın həll etməsini təmin edin.
6. Hekayənizə yapışın. Bütün bir proses boyu siz bəlkə də min dəfə onu buraxmaq, tamamilə sıfırlamaq istəyəcəksiniz. Etməyin! Hekayənizi mütləq tamamlayın. Nə qədər çətin də olsa, ikinci dəfə işləyin. Ən yaxşını sərgiləmək üçün bütün bacarığınızı ortaya qoyun. Ondan yəqin ki, imtina edəcəklər, imtina edilsə belə siz hekayənizi yenə kimlərəsə göndərməyə davam edin. Eyni zamanda başqa birini yazmağa başlayın. Sonra başqasını. İnanın mənə hər dəfə daha yaxşı bir nümunə ortaya qoyacaqsınız, hər dəfə daha yaxşısını yazacaqsınız. İlk hekayəm çap olunana kimi mən dörd kitab yazmalı oldum, bu mənim yeddi ilimi aldı. Bu kələ-kötürlü uzun yoldur, amma həqiqətən sonunda görəcəksiniz ki, buna dəyər.
7. Qaydalardan imtina edin (bu mənimkilər də ola bilər). Hamıya məsləhət verilir, nəzəriyyələr öyrədilir. Kimsə sizi himayəsi altına almaq istəyər, kimsə xüsusi bir janrda formalaşdırmaq üçün bildiyi qaydaları və yolları mənimsədə bilər. Fikrimcə, iş o zaman daha mükəmməl bir forma alır ki, biz bütün bu bizə aid olmayan şeyləri arxada buraxırıq və bizim doğru olan tək şey yazmağın özü olur.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər