AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Həftə sonlarında hərəkətin məhdudlaşdırılması vacibdir”

“Həftə sonlarında hərəkətin məhdudlaşdırılması vacibdir”

Cəmiyyət
04 İyun 2020, 15:30 234
"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın səyləri nəticəsində yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində ciddi uğurlara nail olunub. Azərbaycan həm hər min nəfərə düşən yoluxmaların sayının azlığına, həm də sağalmaların sayının çox olmasına, o cümlədən bu xəstəliklə əlaqədar ölümlərin aşağı səviyyəsinə görə dünyada öncül yerlərdən birindədir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir nümunə kimi göstərir”.
Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, Azərbaycan koronavirusla mübarizə ilə əlaqədar 13-dən çox dövlətə yardım edib, bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar yardım edib: "Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejimindən mərhələlərlə çıxılması yönündə qərarlar barədə cəmiyyəti gündəlik məlumatlandırıb, maarifləndirib. Səhiyyə sistemi də ötən dövrdə koronavirusla mübarizə istiqamətində effektiv təşkil edilib, xəstəxanalar ən müasir lazımi texniki avadanlıqlarla təchiz edilib, laboratoriyalar yaradılıb, yüksək ixtisaslı, peşəkar həkimlərimiz var. Bununla belə, sərt karantin rejiminin yumşaldılmasından sonra, xüsusən son 10 gündə vətəndaşlarımızın bir qisminin ictimai nəqliyyatda, qapalı məkanlarda sosial məsafənin qorunması, tibbi maskadan istifadə edilməsi ilə əlaqədar tibbi-metodiki göstərişlərə əməl etmədikləri müşahidə olunur. Yoluxanlarla sağalanlar arasında fərqin artdığı göz önündədir. Hətta İnzibati Xətalar Məcəlləsinə bununla əlaqədar cərimələri nəzərdə tutan müddəa əlavə edilsə də, vəziyyət dəyişməyib. Nəzərə almaq lazımdır ki, dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, sərt karantin rejiminin yumşaldılması dövründə isə vətəndaşların sadə qaydalara riayət etməsi, sosial məsafəni gözləməsi və maskadan istifadəsi yetərlidir. Bir sözlə, yoluxmanın geniş vüsət almaması üçün sərt karantin rejiminin yumşaldılması mərhələsində əsas həlledici amil vətəndaşların sosial məsuliyyətidir”.
Millət vəkili qeyd edib ki, yaranmış vəziyyətdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi Operativ Qərargaha həftə sonları Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda insanların küçəyə çıxmasına qadağa qoyulmasını təklif edib və Operativ Qərargah bu istiqamətdə qərar qəbul etməyə hazırlaşır: "Çünki sosial hərəkətliliyin azaldılması da xəstəliyin yayılmasının qarşısının alınması üçün effektiv vasitələrdən biridir, Türkiyə və digər ölkələrdə bu təcrübədən istifadə olunur. O cümlədən, Rusiyaya baxsaq, görürük ki, Moskvada, Kazanda və digər şəhərlərdə hələ də "Evdəqal!” şüarı gündəmdədir, insanlar evdə qalmağa təşviq olunur.
10 milyonun sağlamlığını qorumaq üçün atılan bu addımı anlayışla qarşılamaq lazımdır. Azərbaycanda kifayət qədər ərzaq və dərman ehtiyatı var. Vətəndaşlardan da xahiş edirik ki, 2 günlük ərzaq ehtiyatlarını təmin etsinlər, həftə sonlarından küçələrə çıxmasınlar. Hər şeydən öncə isə vətəndaşlar məsuliyyətli olmalıdır. Əgər vətəndaşlarımız pandemiyanın ilk mərhələsində olduğu kimi həmrəylik nümayiş etdirsə, həftənin digər günlərində sosial məsafəni qorusa, maskadan istifadə etsə, həftə sonu məhdudiyyətlərinə də növbəti həftə sonlarında ehtiyac qalmaz. Yoluxmanın artması dövləti narahat edir və bu, cəmiyyəti, hər bir kəsi də narahat etməlidir. Ona görə də indiki mərhələdə həftə sonlarında küçəyə çıxmanın, hərəkətin qadağan edilməsi vacibdir. Operativ Qərargahın bu istiqamətdə atacağı addımları təqdir edirik”.