Hədəflər böyükdür
Aprelin
17-də Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft
ixracatçılarının respublika müşavirəsində qaldırılan məsələlər geniş müzakirə
olunmaqdadır. Müşavirədə dövlət başçısı bildirib ki, veriləcək tapşırıqlar,
qarşıya qoyulacaq vəzifələrin icrası nəticəsində Azərbaycan daha böyük ixrac
potensialına nail olacaq: "Əlbəttə ki, biz bunu ancaq sahibkarların köməyi ilə,
onların fəaliyyəti hesabına təmin edə bilərik. Dövlət isə həmişəki kimi
sahibkarların yanında olacaq”.
İqtisadçı-ekspert Pərviz Heydərov qəzetimizə
açıqlamasında bildirdi ki, son illər qeyri-neft ixracının artırılması sahəsində
böyük irəliləyişlər əldə olunub: "Azərbaycan dövlətinin və hökumətinin fəaliyyətində
ölkə iqtisadiyyatını dayanıqlı, tarazlı və şaxələndirilmiş şəkildə inkişaf
etdirmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, sosial-iqtisadi irəliləyişdə
cari, orta və uzunmüddətli dövrlər arasında qarşılıqlı əlaqə yolu ilə cəmiyyətin
bütün istiqamətlərində tərəqqiyə nail olmaq həmişə mərkəzi yer tutduğundan,
neftin bu dəfəki qiymət enişindən nisbətən sığortalanmaq mümkün oldu. Prezident
İlham Əliyev hələ 29 dekabr 2012-ci il tarixdə "Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqda Fərman imzalamışdı. Həmin
Konsepsiyada ölkə həyatının bütün sahələrində tələb olunan əsas inkişaf siyasəti
və strateji hədəflər dəqiq göstərilməklə, bütün bunlara konkret dövlət
proqramları vasitəsi ilə nail olmaq qarşıya vəzifə qoyulmuşdu. Odur ki, son illərdə
ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun
inkişafında mühüm nailiyyətlər əldə olunmuş, istehsal olunan ümumi daxili məhsul
(ÜDM) həcmində onun xüsusi çəkisi üstünlük təşkil etməyə başlamış, rəqabətqabiliyyətli,
ixrac imkanlı məhsulların istehsalı genişlənmişdir”.
İqtisadçı
ekspert bildirdi ki, son illər ərzində həyata keçirilən müvafiq dövlət
proqramları və görülən işlər nəticəsində sözügedən sektorun davamlı inkişafı,
sahibkarlıq mühitinin yaxşılaşması, investisiyaların artması, yeni müəssisələrin
və iş yerlərinin açılması istiqamətində böyük nailiyyətlər əldə edilib. Ancaq
qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisinin artmasına baxmayaraq, ixracda
onun ümumi payı yüksək deyil. Odur ki, neftin dünya bazar qiymətlərinin əlverişsiz
səviyyəyə enməsi və ölkədə neft hasilatının getdikcə azalması ilə əlaqədar,
yeni iqtisadi inkişaf modelinə keçid daha tez nail olunması vacib sayılan məsələyə
çevrilib: "Bu səbəbdən də, ölkədə istehsal olunan qeyri-neft məhsulları
ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata
keçirilən tədbirlər keçən ildən etibarən, daha da sürətləndirildi. Prezident tərəfindən
bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq
tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrildi. Məsələn,
qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər
haqda 2016-cı ilin yanvarın 18-də imzalanan sərəncamda hökumətə kənd təsərrüfatı
və emalı məhsullarına ixracla bağlı geri ödəniş dəstəyi vermək, xarici ölkələrə
ixrac missiyaları təşkil etmək, xarici bazarları araşdırmaq və marketinq fəaliyyəti,
"Made in Azerbaijan” brendini xarici bazarlarda təşviq etmək, yerli şirkətlərin
ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli
tədqiqat-inkişaf proqramına və layihələrə çəkilən xərclərin dövlət büdcəsi
hesabına ödənilən hissəsinə dair mexanizmlər hazırlamaq haqda göstərişlər
verildi. 2016-cı il martın 1-də isə qeyri-neft məhsullarının ixracının təşviqi
ilə bağlı əlavə tədbirlər haqda sənəd də imzalandı. Bu sənədlə isə 2016-2020-ci
illər ərzində Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracı ilə
məşğul şəxslərə dövlət büdcəsindən xüsusi ixrac təşviqi rüsumunun ödənilməsi
qaydası müəyyən edildi”.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye
və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirdi
ki, qarşıya qoyulan əsas hədəf inkişaf dinamikasını saxlamaq və daim inkişaf
etməkdir: "Müşavirədə ölkə Prezidenti çox aydın və ətraflı şəkildə ixrac fəaliyyətinin
bütün komponentlərin təhlil edərək qarşıda duran hədəfləri müəyyən etdi və bu hədəflərə
çatmaq yollarını da göstərdi. Keçən illərdə qeyri-neft sektorunda görülən tədbirlə
bu sektorun daim artmasını təmin edib. Hətta 2016-cı ildə ÜDM-in azalmasına
baxmayaraq, qeyri-neft sektoru artım nümayiş etdirib. Bu dövrlərdə ölkədə
infrastruktur layihələrinin icrası və istehsal üçün tələb olunan bütün şərait
yaradılıb. Bu baxımdan hesab edirəm ki, ixracın artırılması üçün etibarlı təməl
yaradılıb. Təsadüfi deyil ki, 2017-ci ilin 1-cü rübündə ixracın həcmi artıb,
istehsalın şaxələndirilməsi prossesi dərinləşib. Ənənəvi sahələrdən başqa, yeni
istehsal sahələrinin dirçəldilməsi, sənaye, kimya sahələrində yeni məhsulların
buraxılması ixracın artımı ilə yanaşı, ixrac məhsullarının çeşidinin artmasına
gətirib çıxarıb. Bunun üçün həm istehsal sahərini artırmaq, keyfiyyətli məhsul
buraxmaq, həm də yeni bazarlar axtarmaq, orda marketinq fəaliyyətini gücləndirməklə
Azərbaycan məhsulları üçün bazar payı əldə etməkdir. Bu yolda dövlət daim
sahibkarların yanında olacaqdır”.
Şəbnəm Mehdizadə