• çərşənbə, 24 Aprel, 19:37
  • Baku Bakı 23°C

“Hədəfimiz qısa vaxtda böyüməkdir”

12.05.18 09:00 1388
“Hədəfimiz qısa vaxtda böyüməkdir”
"Uğurlarımız” adlı sosial təlim mərkəzi yaradılır. Əlilliyi olan iki gənc - Sənan Ələsgərov və Azər Əlizadənin təşəbbüsü ilə yaradılacaq mərkəz sağlamlıq imkanları məhdud şəxslərlə cəmiyyət arasında olan problemlərin həlli istiqamətdə fəaliyyət göstərəcək. Yaxın günlərdə açılışı olacaq mərkəzin yaradıcısı olan gənclərə söhbətləşdik.

- Belə bir mərkəz yaradılması kimin təklifi ilə oldu?

Sənan: Azər də təlimçi kimi fəaliyyət göstərir. Azərlə birlikdə ASAN xidmətə bir layihə verdik, qəbul olundu. Bu layihə çərçivəsində ASAN xidmətin olduğu bütün bölgələrimizdə təlimlər verdik. O təlimlər zamanı belə bir ideya ağlıma gəldi ki, niyə də Azərbaycanda sosial təlim mərkəzi olmasın?! Azərlə danışdım, müsbət qarşıladı, qərara gəldik ki, bunu yaradaq.

Azər: Mən daha sosial sahədə təlimlər verirəm. Yəni, təlimlərim daha çox sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə uyğunlaşması, cəmiyyətin onlara qarşı münasibəti, onların cəmiyyətdə qarşılaşdıqları problemlər və bu problemlərin həlli istiqamətində olur. Həm də həmin şəxslərin valideynləri üçün də təlimlər təşkil edirik.

- Bu gün təlim mərkəzləri çoxdur. Sizin seçiləcəyiniz istiqamət nə olacaq?

Azər: Düzdür, mərkəzlər çoxdur, amma bəlli istiqamətdə maariflənməyə ehtiyac var idi. "Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası” deyə bir fikir səsləndirilir. Bizə görə, bu, doğru yanaşma deyil. İnteqrasiya odur ki, çox uzaq nəyisə gətirib uyğunlaşdıra bilərsən. Amma sağlamlıq imkanları məhdud şəxslər elə cəmiyyətdə var. Buna bir problem gözü ilə baxırıqsa, həll yolunu tapmalıyıq. Bizim baxışımızda isə bunun həll yolu insanların maarifləndirilməsidir. Düzdür, hamı kömək etmək istəyir, amma necə kömək edəcəklərini bəzən bilmirlər. Həmin təlim mərkəzini yaratmaqda məqsədimiz də insanların bu istiqamətdə maariflənməsinə yardım etməkdir.


- Açılış nə vaxt olacaq? Artıq təlimləriniz başlayıbmı?
Azər: Yaxın günlərdə açılışımız baş tutacaq. Açılışdan sonra da mayın ortalarında Gəncə Dövlət Universitetində ilk təlimimiz baş tutacaq. 250-300 nəfər tələbə üçün belə bir təlim keçəcəyik. Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları və onları sosial həyata cəlb etməklə bağlı təlim verəcəyik.

- Regionlarda da fəaliyyətiniz olacaq?

Sənan: Mən Gəncə şəhərində doğulub böyümüşəm. İlk təlimimizi o şəhərə salmağımızın səbəbi də o oldu. Daha sonra təkliflərə açığıq, istənilən şirkət, qurum bizə müraciət edə bilər. Region fərqi yoxdur. Bölgələrdə olanda bir şeyi müşahidə etdim ki, orda olan sağlamlıq imkanları məhdud şəxslər cəmiyyətdə aktiv olmağa daha çox meyillidirlər. Ona görə, təlimlərin əksər hissəsini rayonlarda etməyi düşünürük. Bizimlə iş birliyi qurmaq istəyən istənilən şirkətlərlə əməkdaşlığa hazırıq. Təbii ki bu, ödənişli fəaliyyət olacaq.

- Komandada sizdən başqa kimsə var, yoxsa hələ ki, ikiniz çalışırsınız?

Sənan: Hələ indi başlayırıq, zamanla əməkdaşlar cəlb edəcəyik, təlimçilərimiz olacaq.

Azər: Öncə ikimiz başlayırıq. Sağlamlıq imkanları məhdud olmaq konkret olaraq nədir? İlk olaraq insanlara bu sualın cavabını vermək lazımdır. Sonra əhatəmiz artdıqca, sosial iş, karyera təlimləri də olacaq. Birdən-birə sağlamlıq imkanları məhdud şəxslərə biznes haqqında danışa bilmərik. O informasiyanı alsalar da, düzgün qəbul etməyə bilərlər.

Sənan: Azərbaycanda 20 ildir evdən çıxmayan məhdudiyyətli insanlar var. Bunun birinci səbəbkarı ailədir. Bizim hədəfimiz bu təlimləri daha geniş sferalarda edib, o insanları evdən çölə çıxarmaqdır.

- Şərikli iş qurursunuzsa, yəqin ki görüləcək işləri öz aranıza bölüşdürübsünüz...
Sənan: Sənədləşmə işlərini Azər aparır. Danışıqlar, PR kimi işlərlə isə mən məşğul oluram. Mən həm də dövlət işində çalışdığım üçün sənədləşdirmə işləri ilə məşğul olmağa çox vaxt tapmıram. Elə bölüşdürmüşük ki, ikimizə də uyğun olsun.

- Təlim mərkəzi yaratmaq işində nə dərəcədə məlumatlısınız? Kimlərdən məsləhət alırsınız?
Azər: Mövzuları və onların aparılması məsələsində seçimi özümüz edirik. Çünki bizim kontingentimiz sağlamlıq imkanları məhdud şəxslərlə bağlıdır. Düşünürəm ki, sağlamlıq imkanları məhdud şəxslərin problemlərini bizdən yaxşı bilən olmaz. Mövcud boşluqların harda olduğunu bildiyimizə görə, bizim üçün hər hansı mövzunu formalaşdırmaq çətin proses deyil.

Sənan: Şirkətin yaradılması məsələsinə gəlincə isə bu sahədə təcrübəli adamlarla məsləhətləşirik. Atdığımız hər bir addımı onlarla bölüşürük. Çünki təməlin möhkəm olması üçün məlumatlı olmaq lazımdır. Binanın təməlini nə qədər möhkəm qoysan, binanı neçə mərtəbə istəsən, artıra bilərsən. Heç vaxt yıxılmaz. Biz ilkin mərhələdə təməlini möhkəm etməyə çalışırıq. Hədəfimiz qısa vaxtda böyüməkdir.
Aygün

banner

Oxşar Xəbərlər