• şənbə, 20 Aprel, 02:15
  • Baku Bakı 15°C

“Hədəfimiz bu il Türkiyəyə 40 milyon turist cəlb etməkdir” - Müsahibə

03.04.18 17:41 1445
“Hədəfimiz bu il Türkiyəyə 40 milyon turist cəlb etməkdir” - Müsahibə
Martın 22-də Ankarada turizm sərgisi keçirildi. Türkiyə 3-cü dəfə keçirilən "Travel Expo” turizm sərgisi ilə dünyaya səsləndi. Sərgidə Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, millət vəkilləri və beynəlxalq media nümayəndələri iştirak edirdi. Sərginin açılışında türk paxlavasının "Ginnesin rekordlar kitabı”na daxil olmasının da şahidi olduq.

Sərgidə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman xarici mətbuat nümayəndələri ilə görüşdü, yerli və xarici turizm əlaqələrindən danışdı. Görüşdən sonra "Kaspi”nin suallarını cavablandıran H.Yayman, yaxın günlərdə Azərbaycana da gələcəyini bildirdi.
- Ölkəmizə xoş gəlibisiniz. Sizi burada qarşılamaqdan məmnunluq duyuruq. Biz Azərbaycan vətəndaşlarına dəyər veririk. Çünki onlar bizim qardaşlarımızdır.
- Təşəkkür edirik ki, bu sərginin Türkiyəyə qazandıracağı avantajdan danışaq.
- Bu gün çox xoşbəxt bir gündür. Az əvvəl bu məkanda bir dünya rekordu qırıldı. Hansı ki, türk paxlavası ilə burada bir tarix yazıldı. Biz də bu tarixin şahidi qismində sevincimizi sizlərlə bölüşürük. Hər zaman Türkiyənin dünyanın açıq hava muzeyi olduğunu xatırladırıq. Çünki bizim zəngin mədəniyyətimiz və mətbəximiz var. Bu gün o mətbəxdən yalnız biri - türk paxlavası "Ginnesin rekordlar kitabı”na daxil edildi. Ən azından, sərgi bizə bunu qazandırdı. Bu kimi sərgilərlə biz potensialımızı dünyaya tanıtmağa çalışırıq. Kifayət qədər muzeylərimiz, tarixi abidələrimiz, zəngin təbiətimiz var. Turistlərin bizim ölkəmizi seçmələri üçün saysız səbəblərimiz mövcuddur. Baxın, dünyanın ən gözəl dənizi, dünyanın ən gözəl yeməkləri, ən gözəl təbiəti belə Türkiyədədir. Bu sərgi vasitəsilə dünyaya qapılarımızın açılmasına və hər kəsin buranın zənginliklərindən xəbərdar olmasına çalışırıq. Hədəfimiz bu il Türkiyəyə 40 milyon turist cəlb etməkdir. İnşallah bunu gerçəkləşdirmək üçün əlimizdən gələni edirik. Bu il təkcə Rusiyadan 5 milyon turist gəldi. Nəinki Rusiyanın, dünyanın dörd bir yanından turistlər istirahət etmək üçün bizi seçirlər. Niyə də seçməsinlər, dünyanın ən gözəl yerləri və uyğun qiymətlər məhz Türkiyədədir. Turistləri biz tanrı qonağı olaraq görürük. Onları qonaq etməkdən məmnunuq. Avropada yaşayan vətəndaşlarımıza səslənirəm, qonşularınızı da alıb Türkiyəyə gəlin. Türkiyə onları çağırır. Türkiyə dünyanın ən böyük turizm ölkəsidir. Dünyada ən çox turistin gəldiyi bir ölkədir. Qarşımıza hədəf qoymuşuq, ona doğru sürətlə gedirik. Dünyada ən ucuz otellər də Türkiyədədir. Həqiqətən də ölkəmiz çox zəngin və bərəkətli bir coğrafiyada mövqe tutub. Dünyanın dörd bir yanından sərgiyə qonaqlar və turistlər qatıldılar. Onların içərisində Azərbaycanlıları da görməkdən çox məmnunuq. Sizin vasitənizlə qardaş ölkə olan Azərbaycana bir mesaj göndərmək istəyirəm. Unutmayın ki, Azərbaycanla Türkiyənin qəlbləri bərabər atır. Siz bizim üçün dəyərlisiniz...

- Diqqətiniz üçün təşəkkürlər. Hüseyn bəy, bilirsiniz ki, bu il Azərbaycanda Cümhuriyyətin 100 illiyi qeyd ediləcək. Bununla bağlı Türkiyədə hər hansı bir tədbirlər nəzərdə tutulubmu?
- Əlbəttə ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyi Türkiyənin də diqqətindədir. Biz də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olmasından xəbərdarıq. Sizin 100 illiyiniz bizim yüzilliyimizdir. Biz bu yubileyi öz yubileyimiz kimi görürük. Bununla bağlı Türkiyədə də bir çox fəaliyyətlərimiz olacaq. Belə ki, planlarımızda bununla bağlı bir sıra konfranslar, tədbirlər nəzərdə tutulub. Təxminən baharın sonları və yayda bunları həyata keçirəcəyik. Yubileyimizi birlikdə qeyd edəcəyik inşallah. Elə sizin vasitənizlə buradan azərbaycanlıları Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edir, onlara sizinləyik demək istəyirəm.
- Türkiyədə olduğu kimi, Azərbaycanda da 5-7 apreldə turizm sərgisi keçiriləcək. Sizi Azərbaycanda görmək şansımız olacaqmı?
- Bununla bağlı biz də bəzi planlar görürük. Sizdə keçiriləcək sərgiyə Ankara və bəzi vilayətlərimizdən qatılanlar olacaq. Əgər zamanı olsa, cənab nazirimiz Numan Kurtulmuş da o sərgiyə qatıla bilər.

- Sizi Azərbaycanda çox az görürük. Niyə gec-gec gəlirsiniz?
- Bir neçə dəfə Azərbaycanda olmuşam. Ora mənim üçün əziz və doğma məkandır. Bilirsiniz ki, hazırda Türkiyədə gündəm çox gərgindir. Biz də bu gündəmin içərisində çalışırıq. Davamlı olaraq Anadoluda iş görüşmələri edirik. Unutmuruq ki, Azərbaycan bizim öz yurdumuzdur. Buradan Azərbaycana sevgi və hörmətimizi aparmağınızı istəyirik.
- İki qardaş ölkənin mədəni əlaqələri hansı vəziyyətdədir?
- Azərbaycanın tanınmış sənət adamları ilə mütəmadi görüşlərimiz olur. Qeyd etmək gərəkdir ki, Azərbaycanın çox dəyərli və hörmətli sənətkarları var. Sevindirici haldır ki, iki qardaş dövlət arasında mədəni əlaqələr günü-gündən daha da genişlənir. Nəinki turizm və mədəniyyət sahəsində, digər sahələrdə də Azərbaycanla əlaqələrimiz çox sağlam və mükəmməl səviyyədə davam edir. Qardaşlığımızın davamlı və uzunömürlü olmasını arzu edirəm.
Xəyalə Rəis
Bakı-Ankara-Bakı

banner

Oxşar Xəbərlər